“Xəzər Biznes Təşəbbüsü” (rus dilində: АНО “Каспийская деловая инициатива”) qeyri-kommersiya təşkilatının nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb.
Newscenter-az xəbər verir ki, təşkilatın əsas fəaliyyət istiqamətlərinə biznes, humanitar və elmi əməkdaşlığın inkişaf etdirilməsi daxildir. Yeni biznes-diplomatiya klubunun yaradılması isə Xəzər regionunda biznes dairələri ilə dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır.
Klubun əsas məqsədləri sırasında Xəzər regionunda biznes və dövlət arasında dialoqun təşviqi, Xəzəryanı ölkələr arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, humanitar əməkdaşlığın dəstəklənməsi, eləcə də biznes diplomatiyası təcrübəsinin regionda yayılması yer alır.

“Xəzər Biznes Təşəbbüsü”nün prezidenti Gülnarə Rəhimovadır. Təşkilatın vitse-prezidenti Ramil Salifovun təşəbbüsü ilə yaradılan “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubunun fəaliyyətində biznes nümayəndələri, ekspertlər, dövlət və ictimai sektor təmsilçiləri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.
Ramil Salifov hazırda “Caspian Business Initiative”nin vitse-prezidenti kimi beynəlxalq tədbirlərdə çıxış edir. O, eyni zamanda Dünya Biznes Alyansının Xəzər regionu üzrə rəhbəridir.

Yeni klub çərçivəsində Salifovun mentor və ya rəhbər qismində fəaliyyət göstərməsi biznes diplomatiyası sahəsində institusional təcrübənin formalaşdırılması, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əlaqələrin genişləndirilməsinə xidmət edə bilər.
“Xəzər Körpüsü”nün fəaliyyətinin Xəzəryanı ölkələr arasında biznes əlaqələrinin gücləndirilməsi, qarşılıqlı investisiya imkanlarının təşviqi və regional əməkdaşlıq platformalarının inkişafına töhfə verməsi gözlənilir.





















