Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

 Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Azərbaycana olan sevgim doğuşdan gəlir” 

Bəxtiyar Aslan: “Mən Azərbaycanı əvvəlcə kitablardan, hekayələrdən və xəritələrdən tanıdım”

Hörmətli oxucular,
Bugünkü müsahibim uzun illər sosial şəbəkələrdə Azərbaycanla bağlı paylaşımları, ölkəmizə olan sevgisi və verdiyi yüksək dəyər ilə diqqətimi çəkən, açığı, uzun müddət Azərbaycan türkü olduğunu düşündüyüm dəyərli yazar Bahtiyar Aslandır. Onun sözlərindəki doğmalıq, yazılarındakı ruh yaxınlığı və Azərbaycan mövzusuna yanaşmasındakı səmimiyyət mənə hər zaman bu hissi yaşadıb.

Lakin bir gün Kapadokyada olduğum zaman öyrəndim ki, bu qədər içdən Azərbaycan sevgisi ilə yazan insan əslində Türkiyə vətəndaşıdır. Bu həqiqət məni həm təəccübləndirdi, həm də düşündürdü: insan bir ölkəni bu qədər uzaqdan necə bu qədər dərindən sevə bilər?

Bahtiyar Aslan təkcə şair və yazıçı deyil, həm də sözün yükünü daşıyan, ədəbiyyata məsuliyyətlə yanaşan bir ziyalıdır. Onun hekayələri, şeirləri və xüsusilə Sabir Rüstəmxanlı haqqında yazdığı kitab bu bağlılığın sadəcə maraq deyil, mənəvi bir körpü olduğunu göstərir.

Bu müsahibədə məqsədim yalnız suallar vermək deyil. Məqsədim Bahtiyar Aslanı Azərbaycan oxucusuna daha yaxından tanıtmaq, onun düşüncə dünyasına bir pəncərə açmaq və bu səmimi sevginin mənbəyini birlikdə kəşf etməkdir.

– Əziz Bahtiyar Aslan, ilk sualımı elə buradan başlamaq istərdim: Azərbaycana olan bu dərin sevginizin mənbəyi haradan qaynaqlanır?

– Aysel xanım, sizə çox təşəkkür edərək başlamaq istəyirəm. Mənə özümü daha yaxşı ifadə etmək imkanı verdiniz. Bu müsahibə vasitəsilə məni azərbaycanlı soydaşlarıma təqdim edəcəksiniz, onlarla ünsiyyətimiz daha da artacaq.

Uşaqlıqdan oxuduğum kitablar, dinlədiyim nağıl və hekayələr zehnimdə Azərbaycanı da əhatə edən geniş bir coğrafiya canlandırırdı. Hətta bu coğrafiyanın sərhədləri Tuna sahillərindən başlayır, Tanrı dağlarını da aşaraq Türküstana qədər uzanırdı. Mən təbii sərhədlərimizi uşaqlıqdan zehnimdə belə cızmışdım. Təbii ki, bu sərhədlər daxilində yaşayan hər kəs də mənim qan qardaşım, soydaşım olurdu.

Lakin böyüdükcə aramızda sərhədlərin olduğunu öyrəndim və doğrusu, böyük bir məyusluq yaşadım. Könlümə çəkilmiş xəritə ilə gerçək xəritə bir-birinə uyğun gəlmirdi. Üstəlik, zaman keçdikcə sərhədin o tayında qalan azərbaycanlı qardaşlarımın, eləcə də Suriya, İran, Yunanıstan, Bolqarıstan, Çin, o zamankı Rusiya və Yuqoslaviya kimi ölkələrdə yaşayan soydaşlarımın azad olmadıqlarını, hətta zülmə məruz qaldıqlarını öyrəndim.

Əlbəttə, bütün dünyadakı türklər mənim qanım, canım, soydaşım idi. Amma nədənsə Azərbaycanın mənim üçün daha xüsusi bir yeri oldu. Bunu yalnız coğrafi yaxınlıqla izah etmək mümkün deyil. Bəlkə də onların danışdığı türkcə mənə anamın, atamın dilini xatırladırdı. İtib getdiyi üçün kədərləndiyim sözlərin orada yaşadığını görəndə sevinirdim.

Bəlkə adımın Bahtiyar olması, orada Bahtiyar Vahabzadə adlı böyük bir şairin yaşadığını bilməyim… Hətta bəlkə şeir yazmağa başlayanda universitetdə müəllimlərimin, dostlarımın mənə Bahtiyar Vahabzadə deyə müraciət etmələri… Bəlkə Dədə Qorqud…

Əlbəttə, saya bilməyəcəyim qədər çox səbəb var. Amma bütün bunlar görünən səbəblərdir. Bilirsiniz, sevgi çox vaxt səbəbsiz olur. Daha doğrusu, onu yalnız görünən səbəblərlə izah etmək mümkün deyil. Sizin ifadənizlə desək, doğuşdan gələn bir duyğudur.

Yəni nə desəm, yenə də yarımçıq qalacaq. Bunu könül əhli olanlar anlayacaq. Mənim Azərbaycan sevgim məhz belə bir sevgidir.

Bizim Yetik Ozan adlı bir şairimiz vardı. Çoxdan haqq dünyasına qovuşub. Onun Kərkük türkləri üçün yazdığı bir şeirdə belə iki misra var:

Sizin ellər ilə bizim bu ilin
Bir-iki türkülük arası, qardaş.

Xəritədən də anlayırdım ki, azərbaycanlı soydaşlarımızla bizim aramız bir-iki türkülük məsafəsindədir. Belə olduğu halda niyə gedib-gələ bilmir, niyə bir-birimizdən xəbər ala bilmirdik? Aramızda niyə sərhədlər vardı? Niyə onlar SSRİ adlanan bir dövlətin sərhədləri daxilində idilər? Niyə bayraqları yox idi?

Beynimdə bir-birinin ardınca çoxlu cavabsız suallar dolaşırdı.

Yəni mən Azərbaycanı əvvəlcə kitablardan, hekayələrdən və xəritələrdən tanıdım. Zəngəzuru bir addımda keçib o biri tərəfə çatmağı həmişə çox istəmişəm.

– Azərbaycan ədəbiyyatına marağınız necə yarandı?

– Açıq desəm, mənim Azərbaycan ədəbiyyatına marağım əvvəlcə Bahtiyar Vahabzadədən başladı. Əvvəlcə onun şeirlərini, kitablarını oxudum.

Təbii ki, tapa bildiklərimi.

Vahabzadə o zamanlar Türkiyəyə məktub yazmağın da qadağan olması səbəbindən şeirlərini Almaniyada yaşayan və sonradan müsəlman olan Ahmet Schmide adlı bir adama göndərirmiş. O da şeirləri oxuyub Türkiyəyə, Ahmet Kabaklıya çatdırırmış… Sonralar uzun müddət Yazı İşləri Müdiri və Baş Redaktor kimi çalışdığım “Türk Ədəbiyyatı” dərgisində onun şeirləri beləliklə dərc olunmağa başlayıb.

Biz uşaq vaxtı arabir orada-burada “Türk Ədəbiyyatı” dərgisini tapıb oxuyardıq. Mən əyalətdə yaşayırdım. Qəzet və dərgiləri mütəmadi izləmək, tapmaq imkanımız yox idi. Vahabzadənin bəzi şeirlərini beləcə oxudum. Həmin dərgilərdən, məsələn, Nəbi Xəzrini də xatırlayıram.

Beləliklə, Azərbaycan ədəbiyyatı ilə tanış olmağa başlayırdım. Sonra universitetdə Türk Dili və Ədəbiyyatı ixtisasında oxuyarkən müəllimlərim vasitəsilə Azərbaycan ədəbiyyatını daha yaxından tanımaq imkanı qazandım. Azərbaycanlı bəzi şair və yazıçılarla da qarşılaşmaq, tanış olmaq fürsətim oldu.

– Sabir Rüstəmxanlı yaradıcılığında sizi kitab yazmağa sövq edən əsas məqam nə oldu?

– Azərbaycanı çox sevməyimə və onu görməyi çox istəməyimə baxmayaraq, müstəqillikdən təxminən 25 il sonra Bakıya gələ bildim. Bakıda ilk tanış olduğum, bəlkə də ilk tanış olduğum adamlardan biri Sabir bəy oldu. Onun müstəqillik prosesində nələr etdiyini bilirdim. Şeirlərini və xüsusilə “Ömür kitabı”nı oxumuşdum. Mənim təsəvvürümdə bir qədər soyuq və məsafəli insan obrazı vardı. Tanış olanda isə heç də belə olmadığını gördüm. Aramızda dərhal isti bir dostluq yarandı. Onu öz doğma qardaşım kimi hiss etdim.

Bakıda və İstanbulda zaman-zaman görüşəndə mən müxtəlif suallar verir, Sabir ağabəyi danışdırmağa çalışırdım. Sonra bu söhbətlər zamanı çox mühüm fikirlər söylədiyini görəndə ağlıma uzun-uzadı söhbətlər edib onları kitaba çevirmək fikri gəldi. Belə bir təkliflə ona müraciət edəndə böyük nəzakətlə qəbul etdi.

Sonra Bakıya gəldim, suallar verdim, söylədiklərini qeyd etdim. Bu müddətdə məni Yardımlıya da apardı. Onun harada doğulub böyüdüyünü, içindəki təbiət sevgisinin mənbəyini birbaşa görmək imkanım oldu. Elə buna görə də kitaba “Dağların ruhu” adını verdim.

Əlbəttə, əsas olan Sabir bəyin söylədikləri idi. O, sözləri ilə tarixə öz qeydlərini həkk edirdi. Bunların hansısa şəkildə gələcək nəsillərə çatdırılması lazım idi. Bir də belə bir siyasət və ədəbiyyat adamının necə yetişdiyi çox önəmli idi. Haradan başlamış və haraya gəlib çıxmışdı? Bunlar ədəbiyyata, sənətə və siyasətə hazırlaşan gənclər üçün çox mühümdür.

Bəlkə də bu gün belə bir söhbəti yenidən etmək mümkün olsaydı, veriləcək çoxlu yeni suallar olardı. Amma o zaman bunu belə etmək lazım idi və belə də oldu. Sabir ağabəy bütün suallarımı böyük məmnuniyyətlə və səmimiyyətlə cavablandırdı. Bu fürsətdən istifadə edərək ona bir daha təşəkkür etmək istəyirəm.

– Siz bir söhbətimizdə Qarabağın işğalı dövründə çalışdığınız jurnalda bu mövzu ilə bağlı yazılar yazdığınızı qeyd etmişdiniz. O dövrdə Qarabağ məsələsi sizin yaradıcılığınızda hansı izləri buraxdı?

– Qarabağ işğal ediləndə mən universitetdə tələbə idim. Dostlarla cibxərcliklərimizi toplayaraq “Nilüfər” adlı bir dərgi çıxarırdıq. Kiçik bir tələbə dərgisi idi. O zaman Elazığda yaşayırdıq. Mətbəə şəraiti və digər texniki imkanlar çox çətin, imkanlarımız isə məhdud idi. Hətta gecələr mətbəəyə gedir, dərginin hazırlanmasına şəxsən kömək edirdik.

Qarabağ işğal olunanda, təbii ki, çox böyük kədər yaşadıq. Əlimiz-qolumuz bağlı oturub gözləyə bilməzdik. Mütləq nəsə etməli idik. Amma nəticədə biz də tələbə idik. Yaşımı nəzərə almadan bəzi təşəbbüslərdə bulunmağa çalışdım, amma nəticə əldə edə bilmədim.

Həmin vaxt universitetdə müəllimim olan professor, doktor Namiq Açıkgöz məni otağına çağırmışdı. Dostlar xəbər verəndə dərhal yanına getdim. Məndən: “Qarabağ üçün nə edirsən?” – deyə soruşdu. Mən də bəzi təşəbbüslərdən danışdım və əlimdən bir şey gəlmədiyini söylədim.

O isə dərhal dərginin xüsusi buraxılışını hazırlamaq fikrini irəli sürdü. Mənə: “Sən bir şeir yaz”, – dedi. Sonra əlavə etdi: “Mən belə bir yazı yazım, Ramazan Korkmaz belə bir yazı…” Beləcə, dərhal işə başladıq. Bir neçə gün ərzində dərgini hazırladıq. Oxucularımız çox deyildi, amma bir iş görə bilmək də vacib idi.

Mən o zaman “Qarabağ Türküsü” adlı bir şeir yazdım. Şeir “Heydərbabaya salam”a nəzirə idi.

Bir-iki il sonra mərhum Məmməd Aslan Elazığa gəlmişdi. Namiq müəllimin otağında imiş. Necə oldusa, mənim şeirimi oxumuşdu. Müəllimdən məni soruşmuşdu. Namiq müəllim də dostlarıma məni tapmalarını deyib. Otağa getdim. Məmməd Aslanı bundan əvvəl heç görməmişdim. O vaxtlar onun məşhur “Qərənfil, şəhid qanı…” misrası ilə başlayan şeirini əzbərdən oxuyurduq.

Müəllim bizi tanış etdi. Qarşımda dayanan insanın Məmməd Aslan olduğunu əvvəlcə tam dərk edə bilmədim. Sonra mənə dedi:
“Sənin şeirini oxuduq. Cəbhədə də oxunub. Çox mütəəssir olduq.”

“Mütəəssir” sözü bizdə kədərlənmək, qəmgin olmaq mənasında başa düşülür. Əvvəlcə təəccübləndim, sonra isə bunun təsirlənmək mənasında deyildiyini anladım. Bu, əlbəttə, mənim üçün böyük bir mükafat kimi oldu.

Məsələ bununla bitmədi. Qarabağın işğalının 25-ci ildönümündə mən “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru kimi çalışırdım. Həmin vaxt da 25-ci ildönümünə həsr olunmuş daha bir Qarabağ xüsusi buraxılışı hazırlamaq mənə nəsib oldu.

Bu iki xüsusi buraxılışın hazırlanmasında iştirak etmək mənim üçün böyük qürurdur. Hər iki buraxılışı mərhum Qənirə xanıma təqdim etmişdim. O da bu işdən çox mütəəssir olmuşdu.

– Bugün azad Qarabağa baxışınız necədir?

– Mən, deyəsən, çox şanslı insanlardan biriyəm. Çünki Qarabağın işğalına göz yaşı töküb, sonra onun azadlığına şahid olmaq, məncə, möhtəşəm bir şeydir. Daha da önəmlisi, 44 günlük müharibə başlayanda mən Bakıda idim.

Müharibə başlamazdan iki-üç gün əvvəl Kamal Abdulla ilə bağında müsahibə almışdım. Söhbət əsnasında mövzu Qarabağ məsələsinə gəlib çıxmışdı. Sonradan müsahibəni yazıya köçürərkən gördüm ki, bir yerdə belə sözlər demişəm: “Hocam, Qarabağ gec-tez bizim olacaq. Hətta məncə, qısa zamanda geri alacağıq. Tarix buna imkan verməz.”

Bundan iki-üç gün sonra müharibə başladı.

Müharibənin ilk iki gününü Bakıda izlədim. Təranə Vahidlə bir yerdə çay içirdik. Bizə çay gətirən oğlan “Altı kəndi almışıq” deyəndə yaşadığımız sevinci ifadə etmək mümkün deyil. Bu gün belə həmin anı xatırlayanda gözlərim dolur.

Addım-addım, kənd-kənd necə irəlilədiyimizi 44 gün boyunca izlədim. O vaxt oğlum hələ balaca idi, amma mənim həyəcanımı bölüşür, televizorun qarşısında mənimlə birlikdə otururdu. Bunları ömrümün sonuna qədər unutmam mümkün deyil.

Sonra qələbə qəti şəkildə təmin olundu. Deyəsən, yenə qələbədən dərhal sonra Bakıya gəlmək nəsib oldu. Hələ Qarabağa getmək, Cıdır düzünü görmək mənə nəsib olmayıb. Amma Allah ömür versə, bir gün bu da olacaq.

Qarabağın geri alınması təkcə azərbaycanlı qardaşlarımızın deyil, bütün Türk dünyasının çiynindəki böyük bir məğlubiyyət kompleksini də aradan qaldırdı. Bir daha bütün dünya gördü ki, biz qardaşıq və Türk milləti qalib gələn bir millətdir. Əlbəttə, ilk növbədə bunu biz özümüzə bir daha xatırlatdıq.

Doğrudan da, Qarabağın illərlə ermənilərin əlində olması ağır bir kabus kimi üzərimizə çökmüşdü. Türk milləti üç əsrdən artıqdır torpaq itirirdi.

İnanıram ki, Qarabağın azadlığı itirdiyimiz torpaqları geri qaytarmağın başlanğıcı olacaq.

Bu günləri sağ ikən görmək çox, çox, çox böyük bir xoşbəxtlikdir.

– Sizcə Azərbaycan və Türkiyə ədəbiyyatı arasında ən böyük fərq nədir?

– Bu sual, təqdir edərsiniz ki, haqqında ayrıca kitab yazıla biləcək qədər geniş bir sualdır. Bu günə qədərki mütaliələrimdən çıxış edərək qısaca bunları deyə bilərəm:

Azərbaycan poeziyası səs poeziyası kimi yaşamaqda davam edir. Keçmişdə bizim poeziyamız da belə idi. Bu mənada rahatlıqla deyə bilərəm ki, klassik ənənəni davam etdirən bir poeziyadır. Musiqi ilə birlikdə addımlayır, yaxud musiqi şeirin daxilində yaşamaqda davam edir. Bu da şeirin insana təsiri baxımından çox önəmlidir. Məncə, artıq bu mərhələni keçmək lazımdır. Türk poeziyası isə bu gün daha çox obraz və poetik təsvir üzərindən inkişaf edir. 1960-cı illərdən bəri belədir. Şeirin gec-tez gəlib çatacağı yer bura olduğu üçün Azərbaycan poeziyasının da bu mərhələni aşmalı olduğunu düşünürəm.

Sənətlər bir-birindən asılı deyil. Müasir rəssamlıq, kino, musiqi başqa mərhələlərə çatdığı halda, poeziya yerində dayana bilməz. Dayanmamalıdır da. Məncə, Azərbaycan poeziyasında şairlər poetik təsvirlərə daha çox yer verməlidilər. Dediklərimdən narahat olacaq dostlarım, şübhəsiz ki, tapılacaq. Qoy inciməsinlər.

Bizim poeziyamız isə imge ilə qovuşarkən musiqini itirmək təhlükəsi yaşayır. Şeirdə də, rəssamlıqda da, musiqidə də hər biri özlüyündə önəmlidir. Bununla belə, şairlərimiz arasında heca vəznində yazan, musiqini nəzərə alan, heca ilə bədii təsviri birləşdirən şairlər də var. Əlbəttə, sizdə çox canlı musiqi həyatı da mövcuddur. Bu da bir üstünlükdür.

Roman və hekayədə də hələ klassik yazı texnikalarından və formalardan istifadə edən çoxsaylı azərbaycanlı yazıçılar var. Postmodernizmi sınayanlar da var, məsələn, Kamal Abdulla. Kamal müəllim bu istiqamətdə yaxşı bir yol açdı. Bunun israrla davam etdirilməsi lazımdır. Müasir insan artıq realist təhkiyədən əvvəlki kimi məmnun qalmır. Dünyanın və kainatın həqiqəti sarsılıb. Elmin dəyişməz hesab edilən qanunları bir-birinin ardınca dağıldı. Biz artıq tamam başqa bir dünyada yaşayırıq.

Türk romanı və hekayəsi bu baxımdan bir qədər öndədir. Lakin Azərbaycan hekayə və romanındakı realizmin poetikliyi də diqqətdən kənarda qalmamalıdır.

Oxucu kimi məndən soruşsanız, Azərbaycan poeziyasını oxumağa üstünlük verərəm. Mənə daha çox ruhuma xitab edir. Amma dövrün reallıqları da bizi başqa istiqamətlərə çağırır.

Bu dövrü heca şeiri ilə, realist poeziya ilə qavramaq, anlamaq və ifadə etmək mümkündürmü? Eyni sualı hekayə və roman üçün də verə bilərik.

Bunun cavabı həm Azərbaycan, həm də bizim ədəbiyyatımız üçün çox mühüm olacaq.

– Azərbaycan dilinə münasibətiniz mənim üçün xüsusilə maraqlıdır. Yaradıcılığınızda Azərbaycan türkcəsindən istifadə edirsinizmi? Ümumiyyətlə, sizcə Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında alınma sözlərin təsiri baxımından hansı fərqlər var? Və ən önəmlisi, dilimizi yad sözlərin təsirindən tam təmizləmək mümkün olmasa belə, onu qorumaq və daha saf şəkildə yaşatmaq üçün nələr etməliyik?

– Azərbaycan türkcəsi musiqili bir türkcədir. Buna görə də Azərbaycan ədəbiyyatından şeir oxumağı, oxuyanları dinləməyi çox sevirəm. Musiqili olmaq böyük bir üstünlükdür. İnşallah, bu səs heç vaxt itmir.

Mənim üçün Azərbaycan türkcəsinin xüsusi bir yeri var və bunun, əlbəttə, bir sıra səbəbləri mövcuddur. Əvvəla, bizim türkcəmizə ən yaxın ləhcə Azərbaycan türkcəsidir. Bilirsiniz, biz hamımız birlikdə Oğuz türkləriyik.

İkincisi, mərhum nənəmin, əmimin və anamın işlətdikləri, artıq unudulmuş sözlərə Azərbaycan türkcəsində rast gəlirəm. Bu, məni çox sevindirir. Təəssüf ki, həmin sözlər artıq gündəlik dildə işlənmir.

Mənim ulu nənəmin uşaqları bir-birinin ardınca vəfat ediblər. Bəzisi üç, bəzisi beş yaşında dünyasını dəyişib. Mərhum onların ardından belə bir ağı deyib:

Bulud buludun söykəsi,
Dindi fələyin öfkəsi,
Bunlar quzular soykası…

Davamını xatırlamıram. Amma uşaqlıqdan bəri “söykə” sözünün mənasının nə olduğunu düşünürdüm. Lüğətlərdə var, yoxsa yoxdur, bilmirəm, amma həmin söz yaddaşımda eləcə qalmışdı. İllər sonra eyni sözə bir Azərbaycan şeirində rast gələndə qəribə bir sevinc yaşadım. Sonra şeirin mənası mənim üçün daha da dərinləşməyə başladı.

Şair dünyasını dəyişən balalarını bir-birinin ardınca gələn, bir-birinə söykənən buludlara bənzədib. Bu, sadə, savadsız bir qadındır.

Mən adətən Türkiyədəki oxucuları hədəf aldığım üçün Azərbaycan türkcəsindən çox istifadə etmirəm. Amma artıq yox olmaq üzrə olan bu ortaq sözləri zaman-zaman işlədə bilirəm.

Təkcə Azərbaycan türkcəsində deyil, digər türk ləhcələrində də belə sözlər var. Bir ləhcədə olub, digərində olmayan sözlərdən danışıram.

Azərbaycan türkcəsindən və ya qazaxcadan bir sözün başqa dilə köçürülməsi zamanı mənanı tam şəkildə çatdırmaq həmişə mümkün olmaya bilər. Bunu etdiyim tərcümələrdə çox aydın görürəm.

Məsələn, sizdə “doğma” sözü var. Bu söz bəzən “yaxın”, bəzən də “öz” mənasında işlənir. Yerinə görə fərqli mənalar qazana bilir.

Fərqli ləhcələrdəki fərqli sözlər bir zənginlikdir. Bir vaxtlar “Dil içi tərcümə” adlı simpozium keçirməyi və bunları araşdırmağı düşünürdüm. Bəlkə bir gün bunu da həyata keçirə bilərik.

Bəlkə zaman keçdikcə bu fərqli sözlər bir ləhcədən digərinə keçər. Daha doğrusu, keçməli olduğunu düşünürəm. Beləliklə, həm dil birliyimizi möhkəmləndirmiş, həm də dilimizin zənginləşməsinə töhfə vermiş olarıq. Çünki həmin sözlə birlikdə onun mənası da keçəcək. Ruhumuz da zənginləşəcək və ən əsası, bir-birimizə daha da yaxınlaşacağıq.

Bu da bir yoldur. Bəlkə dilimizi qorumaq üçün atılmalı addımlardan biridir. Xarici dillərdən söz almaqdansa, öz dilimizin ləhcələrinə müraciət etsək, daha yaxşı olar.

– Bahtiyar müəllim, sualları hazırlayarkən sizin həm müəllim, həm də yazıçı kimliyinizi xüsusilə nəzərə almağa çalışdım. Məqsədim yalnız münasibətinizi öyrənmək deyil, eyni zamanda sizdən nəsə öyrənməkdir. Bu səbəbdən suallarımın sadəcə Azərbaycan sevdalısı bir yazara deyil, kənardan ədəbiyyatımızı izləyən bir müəllim və düşünən bir qələm adamına ünvanlanmasını istədim.
Bu baxımdan soruşmaq istərdim: Siz bir müəllim və yazıçı olaraq Azərbaycan ədəbiyyatının daha da inkişaf etməsi üçün yazarlarımıza və ədiblərimizə hansı məsləhətləri verərdiniz? Kənardan baxdıqda ədəbiyyatımızda daha çox hansı inkişafları və ya hansı çatışmazlıqları görürsünüz?

– Azərbaycan ədəbiyyatında çoxdan bəri çox güclü bir vətən duyğusu var. Xalq ədəbiyyatında, türkülərimizdə də belədir, müasir şair və yazıçılarımızda da. Hətta SSRİ dövründə belə bu duyğu gizli və ya açıq şəkildə daim ifadə olunub. Bu, çox mühüm məsələdir.

Müstəqillikdən sonra sərhədləri müəyyən, real bir vətənə qovuşmağın nəticəsi olaraq bu duyğunun daha da alovlandığını görürük. Lakin Qarabağın işğalı ilə bu hiss ağrılı, kədərli bir şəkil aldı. Bu, mövzusundan asılı olmayaraq şeirlərin, hekayələrin içində gizli şəkildə hiss olunur. Çünki məğlubiyyət duyğusu, vətənin parçalanmış olması gerçəyi insanların şüuraltında yara kimi yaşadı.

Belə bir nümunə göstərmək istəyirəm: Kərkük türkülərinə qulaq asın. Nə qədər oynaq və hərəkətli olsalar da, həmin türkülərin içində yeraltı su kimi axan ağır bir kədər var. Mən bunu hətta oyun havalarında belə hiss edirəm.

Azərbaycan ədəbiyyatının üzərinə də belə bir duyğu çökmüşdü. Əlbəttə, bu, sadəcə vəziyyətin təsviridir. Şükür ki, indi bu mənfi ovqatdan qurtulmuşuq. Amma ayrılıq duyğusu Azərbaycan ədəbiyyatını yenə də tərk etməyəcək. Çünki Cənubi Azərbaycan adlı bir gerçəklik var.

Sərhədin o tayında sizinlə eyni dildə danışan, qan qardaşlarınızın yaşadığını bilə-bilə sərhəd boyunca getdiyinizi və səsinizi onlara çatdıra bilmədiyinizi düşünün. Şükür ki, bu gün vəziyyət artıq o qədər də ağır deyil. Müasir kommunikasiya texnologiyaları sayəsində bəzi maneələr aradan qalxıb.

Azərbaycanlı yazıçı və şairlərin bir üstünlüyü var. Onlar rus ədəbiyyatını yaxından tanımaq imkanına sahibdirlər. Rus dilində yazanların hamısını nəzərdə tuturam. Hansı millətdən olmasının fərqi yoxdur. Orada, şübhəsiz ki, böyük bir ədəbiyyat var. Xüsusilə roman sahəsində çox güclü olduqları hamıya məlumdur.

Dostoyevskini, Çexovu, Tolstoyu, Qoqolu orijinaldan oxumaq imkanına sahib olmaq az şey deyil. Xüsusilə Azərbaycanın gənc yazıçılarına kiril əlifbasını unutmamalarını, hətta bununla yanaşı ərəb əlifbasını da öyrənmələrini tövsiyə edərdim. Bu əlifbalarla yazılmış çoxlu sayda azərbaycanlı yazıçının əsərləri var. Hətta imkan daxilində rus dilini də öyrənsinlər.

Buradan heç bir rus heyranlığı nəticəsi çıxmaz. Milli duyğulardan, milli məfkurədən güzəştə getmədən bunu etmək mümkündür.

Azərbaycan insanı həqiqətən də çox zəkidir. Gənclərin əksəriyyətinin bir neçə xarici dil bildiyini bilirəm. Bu da ədəbiyyatın inkişafı üçün mühüm məsələdir. Başqa mədəniyyətlər və ədəbiyyatlarla maraqlanmaq, onlardan ilham almaq mədəni imperializm deyil. Mədəniyyətlər bir qədər də belə qarşılıqlı təsir nəticəsində inkişaf edir, böyüyür.

Əlbəttə, məndən yaşca böyük şair və yazıçılara nəsə demək mənim həddim deyil. Gənclərə tövsiyələrim ola bilər. Fərqli ədəbiyyatları mütləq izləmələrini tövsiyə edirəm.

Ənənənin daxilində bir təhlükə də var. Ənənəyə önəm vermək onu təqlid etmək və ya təkrarlamaq demək deyil. Əgər mövcud ədəbi yığımın, zənginliyin fövqünə çıxa bilmirsinizsə, yazmayın. Heç olmasa onları keçməyi və ya onlardan fərqli söz deməyi hədəfləyin.

Həmişə axtarın. Tapdığınız heç nə heç vaxt son deyil. Tapdığınızı düşündüyünüz anda yenidən axtarmağa başlayın. Bunu Azərbaycan ədəbiyyatının bu tələyə düşməsindən narahat olduğum üçün deyirəm.

Bir də bilirəm ki, türk ədəbiyyatını çox yaxından izləyirsiniz. Bu məsələdə də seçici olmaq lazımdır. Məsələn, bizdə Peyami Safa adlı böyük bir romançı var, Tarık Buğra var, Kemal Tahir var… Azərbaycanda isə daha çox Orxan Pamuk və Elif Şafak oxunur. Seçimlərini yenidən nəzərdən keçirmələrini tövsiyə edirəm.

Bəlkə başqa bir fürsətdə oxunması vacib olan çoxlu sayda şair və yazıçının adını çəkə bilərəm.

– İcazənizlə bir qədər də şəxsi yaradıcılığınız və həyat yolunuzla bağlı suallara keçmək istərdim:
Yaradıcılıq yolunuza qısa nəzər salsaq, bu günə qədər neçə kitabınız çap olunub və bu kitabların hər biri sizin üçün hansı mərhələni ifadə edir?

– Akademik fəaliyyətimdən əlavə, bu günə qədər 5 hekayə kitabım və 3 şeir kitabım nəşr olunub.

İlk olaraq şeir kitabı çap etdirdim. Bu, illər əvvəl idi və müəyyən qədər naşılıqlarla dolu bir kitabdır. Amma oradakı duyğular çox gerçək, çox səmimidir. İkinci şeir kitabım mənim poetik anlayışımın artıq formalaşdığını göstərən bir kitabdır. Birinci kitabda isə bir qədər də dil axtarışı var.
Son kitabım uzun nəfəsli poetik ifadələrin yer aldığı, daha sərbəst bir kitabdır. Burada həm sevgi, həm də ideologiya var. Düşünürəm ki, bu kitabda bir qədər də məfkurəni poeziya ilə qovuşdura bilmişəm.

Hekayə kitablarımın birincisi çox mücərrəd bir nöqtədən başladığımı göstərir. Simvolik və mücərrəddir. Çox obrazlı, poetik hekayələr yazdığımı xatırlayıram. Onların əksəriyyətini hekayə kimi oxumaq belə çətindir.

Sonrakı kitablarımda isə bu simvoliklik tədricən azalmağa başladı. Amma ondan tamamilə uzaqlaşmaq mümkün deyil. Hekayələrdə obrazlara yer vermək kimi bir yanaşmam var. Bu da, bəlkə, məni bir qədər fərqləndirən xüsusiyyətdir. Mən belə düşünürəm, amma hökmü başqalarının verməsi daha doğru olar.

– Təhsil həyatınız və akademik yolunuz haqqında danışmağınızı istərdim.Hansı universiteti bitirmisiniz və bu yol sizi professorluğa necə gətirib çıxardı?

– Bakalavr təhsilimi Elazığda aldım. Bu, mənim üçün böyük bir şans idi. Sonra dərhal universitetdə assistent kimi fəaliyyətə başladım. Muğlada magistratura təhsili aldım. Doktorantura təhsili üçün İstanbula getdim və orada ədəbiyyat aləmi ilə yaxından tanış oldum.

Həm sənətlə, həm də elmlə məşğul olmağın çətinliklərini yaşadım. Hər iki sahə ilə məşğul olmağımı qəribə qarşılayan, bunu yadırğayan böyük akademiklər də oldu. İkisini paralel şəkildə davam etdirmək, həqiqətən də, asan deyil.

Amma mən şeirdən və hekayədən vaz keçə bilmədim. Buna görə də akademik mərhələləri bir qədər ləng keçdim. Lazımi elmi araşdırmaları apararaq dosent və professor oldum.

Bunlar əslində çox da önəmli olmayan titullardır. Amma bir yola çıxmısınızsa, o yolun sonuna çatmaq lazımdır.

– Professor və müəllim kimi fəaliyyətiniz yaradıcılığınıza necə təsir edir? Sinif otağı ilə yazı masası arasında necə bir əlaqə var?

– Bu sualı mənə əvvəllər də çox veriblər. Mən Müasir Türk Ədəbiyyatı müəllimiyəm. Eyni zamanda müasir ədəbiyyat yaradan biriyəm. Bu sahədə mütəxəssis olmaq, təbii olaraq, müasir yazıçı və şairləri tanımağı, oxumağı, bir sözlə, canlı ədəbi mühitdən xəbərdar olmağı tələb edir. Bu işin müsbət tərəfidir.

Lakin son iki əsrlik ədəbi irsi oxumaq, izləmək, bu sahədə elmi yazılar yazmaq çox ciddi bir yükdür. İndiyə qədər vaxtımın böyük hissəsini buna ayırmaq məcburiyyətində qalmışam. Şeirə, hekayəyə kifayət qədər vaxt ayıra bilməmişəm.

Şeir şərik qəbul etmir. Amma mənim bir də akademik tərəfim var. Bəlkə də həyatım tamamilə poeziyaya həsr olunsaydı, başqa cür bir şair ola bilərdim. Yaxud kifayət qədər vaxtım olsaydı, romanlar yaza bilərdim. Beynimdə yazılmağı gözləyən romanlar, hekayələr var, amma bu, çox çətindir.

Bir də, əlbəttə, müasir yazıçıların üslubunu, təhkiyə texnikalarını və digər xüsusiyyətlərini bilmək lazımdır. Bunlar həm qarşınızda qorxunc, insanın həvəsini qıra bilən bir dağ kimi dayana bilir, həm də hamıdan fərqli, yeni bir üslub axtarışını zəruri edir.

Bəzən çox oxuduğunuz, bəyəndiyiniz yazıçı və şairlərin izləri sizin əsərlərinizdə də görünür.

Sinifdə isə vəziyyət tamamilə başqadır. Şeir və hekayənin həm nəzəriyyəsi, həm də praktikası ilə məşğul olan biri olmağın üstünlüklərindən dərslərimdə istifadə edirəm. Yaxud ən azı, mən belə olduğunu düşünürəm.

– Tələbələrinizlə münasibətinizdə ən çox nəyə önəm verirsiniz və onların ədəbiyyata marağını artırmaq üçün hansı üsullardan istifadə edirsiniz?

– Ədəbiyyat, təəssüf ki, iqtisadi baxımdan cəlbedici bir sahə deyil. Yazaraq varlanan, demək olar ki, yoxdur. Həmçinin ədəbiyyat müəllimliyi də o qədər cəlbedici peşə sayılmır. Ədəbiyyat və tarix kimi sahələr daha çox insanın könlünü doyuran sahələrdir. Yəni insanın ruhunu və intellektual marağını təmin edir.

Bu dövrün gəncləri isə iqtisadi azadlıq anlayışının ardınca gedirlər. Böyük pullar qazanmaq, varlanmaq onların ən böyük arzularıdır. Xoşbəxtliyi maddi imkanlarla eyniləşdiriblər. Bunun böyük bir yanılma olduğunu sonradan anlayacaqlarını bilirəm. Mən də bunu onlara anlatmağa çalışıram.

Şeirsiz bir həyatın necə quruyub cansızlaşacağını onlara hiss etdirməyə çalışıram. Aramızda çox ciddi məsafə saxlamıram. Nəticədə universitetə gələn tələbələr artıq yetkin fərdlərdir. Onlara hörmət etmək də lazımdır. Özlərini mənimlə bərabər hiss etmələrini istəyirəm. O zaman içlərindən gələnləri daha sərbəst ifadə edir, fikirlərini daha rahat müdafiə edirlər.

Azad insana çatmaq, onunla bir fikri bölüşmək həmişə daha asandır. Onun sərhədləri, divarları olmur.

Onlara dilin, sözün əhəmiyyətini anlatmağa çalışıram. Dərsdən kənarda da söhbətləşirik. Həqiqətə hörmət etməyin, həqiqəti incitməməyin vacibliyindən danışıram.

Birlikdə oxumalarını tövsiyə edirəm. Deyirəm ki, gecələr tələbə yataqxanalarında bir-birinizə şeirlər, hekayələr oxuyun.

Yazdıqlarını ciddi şəkildə nəzərdən keçirir, bəzi tövsiyələr verirəm. Yaxşı şeirlər, hekayələr yazanda onları dərgilərə yönləndirir, əsərlərini nəşr etdirmələri üçün yol göstərirəm.

– Gənc yazarlara dəstək olmaq sizin üçün nə ifadə edir? Bu istiqamətdə konkret hansı addımları atmısınız?

– Gənc yazarlara dəstək olmaq ədəbiyyatın gələcəyini qurmaq, onu təminat altına almaq deməkdir. Mədəniyyət, dil və ədəbiyyat vasitəsilə gələcək nəsillərə ötürülür və yaşadılır. Bizdən sonra da şeirin, hekayənin, romanın yaşaması milli həyatın davamlılığı deməkdir. Ona görə də gənc yazarların ədəbiyyat dünyasında öz yerlərini tutmaları çox vacibdir.

Xüsusilə “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru olduğum illərdə hər kəsdən uzaq, öz dünyasında yazan xeyli gənc yazar kəşf etdiyimi deyə bilərəm. Onların ilk şeirlərini və hekayələrini dərc etdim. Yeni şeirlər, hekayələr yazmaları üçün onları həvəsləndirdim. Hətta onlardan bir neçəsinin sonralar kitablarının nəşr olunmasına da vasitəçi oldum.

İndi isə onlar Türkiyənin tanınmış yazarlarına çevriliblər.

– Öz yaradıcılığınızda həyatınızdan və yaşadıqlarınızdan nə qədər bəhrələnirsiniz? Yazdıqlarınız nə dərəcədə sizin şəxsi hekayənizi əks etdirir?

– Əslində, yazdığım hər şey mənim öz həyat hekayəmdir. Yanlış anlaşılmasın, daim özündən danışan bir yazar deyiləm. Şeir onsuz da çox şəxsi sənətdir, bilirsiniz. Ancaq yaşadıqlarım, şahidi olduqlarım və başıma gələnlər məndə iz buraxır, müəyyən müddətdən sonra isə bir imgeyə çevrilir.

Siz buna obraz deyirsiniz. Əslində, bu anlayışlar bir-birini tam qarşılamır, amma olsun.

Sonra həmin imgenin ətrafında bir məna dünyası formalaşır. Yazarkən də o mənanın ardınca gedirəm, yaxud həmin mənanı ətə-qana büründürüb bir sıra qəhrəmanlar və hadisələr vasitəsilə üzə çıxarıram. Mənim hekayə yazmaq tərzim, yəqin ki, budur.

Amma dediyim kimi, yazdıqlarımın çoxu yaşadıqlarımın nəticəsidir. Hadisələrin özündən doğmasa belə, hekayənin məzmunu, mənası yaşadıqlarımdan qaynaqlanır. Bir də başqa birini və ya hər hansı hadisəni qələmə alarkən belə, onu öz içimdə yoğururam; öz düşüncələrimlə, hisslərimlə ölçüb-biçirəm. Həmin hadisə bir mənada mənim içimdə yenidən yaşanır.

Empatiya deyirlər, bilirsiniz. Bəlkə də bunun bir qədər fövqündə olan bir şeydir. Buna görə də yaşamadığım bir hadisə belə, müəyyən mənada mənim həyatıma çevrilir.

Bir gün kimsə bütün əsərlərimi oxuyub yazdıqlarımın ruhunu axtarsa və onu bir cümlə ilə ifadə etməyə çalışsa, həmin cümlə mənim həyatımın, düşüncə dünyamın xülasəsi olacaq. Kimin həyatını və nəyi anlatdığım isə o zaman o qədər də əhəmiyyətli olmayacaq.

– Gələcək planlarınız nələrdir – həm yaradıcılıq, həm də akademik fəaliyyət baxımından oxucularınızı və tələbələrinizi nələr gözləyir?

– İmkanım olsa, hər şeyi buraxıb doğulduğum kənddə bir ev tikərək kitablarımla baş-başa qalmaq istərdim. Həyat və insanlar çox yorucudur. Bunun xəyalını da qururam.

Evin qarşısında bir neçə uca, qocaman ağac olsa, yazda və yayda onların kölgəsində otursam… Ətrafına güllər, çiçəklər əksəm… Sakit, dinclik və huzur içində bir həyat istəyirəm. Amma imkanlar buna yol vermir.

Elə bir həyata keçə bilsəm, yazacağım çox şey var. Hər şey yarımçıq qalıb. Müasir həyatın tələbləri yazmağa, insanın özü ilə söhbət etməsinə çox vaxt qoymur.

Akademik fəaliyyət baxımından böyük arzularım yoxdur. İmkanım olsa, bir neçə tələbə yetişdirib onları akademik camiəyə qazandırmağı çox istərdim. Məsələn, bir neçə doktorant…

– Gələcəkdə Azərbaycanla bağlı hansı layihələri həyata keçirməyi düşünürsünüz?

– Uzun zamandır sürgün ədəbiyyatı haqqında düşünürəm. Türk milləti dünyada ən çox zülmə məruz qalan millətlərdən biridir. Xüsusilə Stalin dövründə bütün Türk dünyasında ziyalılara qarşı həyata keçirilən zülmü bilirsiniz.

Azərbaycanda kimlərin sürgünə göndərildiyi, kimlərin sürgündə öldüyü, kimlərin edam edildiyi, şübhəsiz ki, məlumdur. Bəlkə də arada unudulan, haqqında kifayət qədər məlumat olmayan adlar da var.

İmkan olarsa, bir sürgün ensiklopediyası hazırlamaq istəyirəm. Bunu təkbaşına həyata keçirməyim mümkün deyil. Azərbaycanlı dostlarımla birlikdə əvvəlcə tam və əhatəli bir siyahı hazırlayıb araşdırmaya başlamaq lazımdır.

Sonra bəlkə eyni işi Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan üçün də görmək lazım gələcək. Krımı və digər muxtar Türk topluluqlarını da unutmamaq lazımdır.

– Azərbaycana nə zaman gəlməyi planlaşdırırsınız? 

– Hələlik dəqiq müəyyənləşmiş bir vaxt yoxdur. Amma yaxın zamanda gələcəyimi hiss edirəm.

– Dəyərli Bəxtiyar müəllim, müsahibə təklifimi qəbul etdiyiniz, bu səmimi və dəyərli söhbət üçün vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Düşüncələrinizin, xatirələrinizin və ədəbiyyata baxışınızın oxucular üçün də maraqlı və qiymətli olacağına inanıram. Bu gözəl söhbət üçün minnətdaram.

-Bakı üçün çox darıxmışam. İnşallah, gələcəyim zaman Sizə mütləq xəbər verəcəyəm. Sizin rəhbərlik etdiyiniz klubda olmaq, azərbaycanlı oxucularla görüşmək və söhbətləşmək mənim üçün böyük şərəf və xoşbəxtlik olacaq.

Bu fürsətdən istifadə edərək, bu qədər zəhmət çəkib sualları hazırladığınız, mənə dəyər verib bu söhbətə layiq gördüyünüz üçün Sizə səmimi təşəkkürümü bildirirəm.

Bakıya, Azərbaycana və bütün azərbaycanlı qardaşlarıma salam olsun!

Müsahibəni hazırladı Aysel Nəsirzadə

Share: