SALAMAT QAL, DƏNİZ
(özümə və dostlarıma ithaf)
Qollarını
lövbər kimi çiyinlərindən asmışdı
illərin ağırlığından əyilmiş
qoca dənizçi.
Bibiheybət məscidinin yanından
boylanırdı dənizə.
Nə küləkdən qorxusu vardı,
nə də uzaqlarda qalan tufandan.
Çünki o,
tufanların içindən keçmişdi bir ömür boyu.
Ömrü sahilə yan almaqda idi artıq,
xəyalları isə
vəfalı bir qağayı kimi
fırlanırdı
Bibiheybət məscidindən aşağadakı
gəmi qəbristanlığının üstündə.
Uzaqlarda görünən mayak kimi
bir işıq qalmışdı
öləziyən gözlərində —
sönməyə tələsməyən,
Amma daha əvvəlki kimi
yol göstərməyən bir işıq-
hər tərəf bulanıq, qarmaqarışıq…
Qoca dənizçi
qollarını ağır-ağır qaldırdı.
Heyi, gücü
sanki sürüşüb gedirdi
çiyinlərindən aşağı.
Necə ki,
gəminin lövbərini yığanda
dənizin duzlu suyu
zəncirdən süzülə-süzülə
aşağı enər,
sonra da dalğaların içində
səssizcə dağılar, itər…
O da eləcə
illərini yığırdı içindən
Çətin olsa da
Xatirələrini saf çürük edirdi
Ömrün köçündın….
O qədər də uzaq olmayan
“Böyük Zirə” adası
gözlərində kiçilirdi.
“Daş piltələr”,
“Şah dili”,
“Qum adası”
və adını bir zamanlar
əzbər bildiyi başqa adalar da eləcə…
Hamısı
bir ömür qədər uzaq düşmüşdü ondan.
Birdən yadına düşdü, Hələ balıqlar…
Qarmaqdakı yemə
sanki heç nə olmayıbmış kimi
qaçıb gələn balıqlar…
Sonrakı ağrıdan
qaça bilməyən balıqlar,
Necə də dadlıydılar…
Görəsən,
onlar da duyardılarmı
bu axşamın kədərini?
Görəsən,
Bibiheybət məscidinin yaxınlığında
kiçik bir təpənin üstündən
Yasin surəsi yüksələndə,
göyə qalxan duaların içində
onun da adı keçirdimi, keçəcəkdimi?
Qoca dənizçi
əllərini dizlərinə qədər
lövbər kimi sallamışdı.
Sanki bir azdan
özünü də dənizə bağlayacaqdı —
geri qayıtmasın deyə
xatirələrinə bükülüb ağlayacaqdı.
Dəniz səviyyəsindən də,
dənizin özündən də
uca dayanmışdı qoca dənizçi.
Bəlkə də ona görə
dalğalar bu axşam
ayaqlarına toxunmağa
utanırdı, çünkib dayanmşdı
Dor ağacından da uca, dənizçi.
Bəlkə də ona görə
mayak uzaqlarda
bir az daha kədərli yanırdı.
Qoca dənizçi sanki
son dəfə dənizə baxırdı.
Dəniz susdu.
Göy susdu.
Qağayılar uçmadı.
Yalnız külək
köhnə bir gəminin paslı gövdəsini
Sığallayıb keçdi, gəmilərin ağrısı
ürəyinə köçdü.
O isə
qollarını yenə
lövbər kimi çiyinlərindən asdı:
— Salamat qal, dəniz.
ömrümün
sahibsiz limanı…
“Salamat qal, dəniz” bədii mətninə esse-rəy
Dəyərli Faiq Balabəylinin bu bədii əsər insan ruhunun zamansızlıqla dialoqudur. Təqdim olunan bu lirik-fəlsəfi esse-hekayə də oxucunu ilk cümləsindən etibarən insan ömrünün qürub çağına, xatirələrin ağır və zəngin çəkisinə doğru dərin bir səyahətə çıxarır. Müəllif özünə və dostlarına ithaf etdiyi bu mətndə qoca dənizçi obrazı vasitəsilə təkcə bir peşənin çətinliklərini deyil, bütövlükdə insan həyatının daxili hesabatını və qaçılmaz tənhalığını böyük bir ustalıqla tərənnüm edib.
Əsərin estetik gücü onun simvolizmində və real coğrafi məkanla insan psixologiyasının sintezindədir. Bakının doğma sahilləri — Bibiheybət məscidi, Böyük Zirə, Şah dili və Qum adası mətndə sadəcə coğrafi adlar deyil, keçmiş günlərin, əlçatmaz gəncliyin və yaşanmış ömrün vizual şahidləri kimi çıxış edir. Müəllifin seçdiyi zaman kəsiyi də təsadüfi deyil; axşamçağının o kədərli sükutu, ömrün də qürub çağına çatdığına işarə edir. Qoca dənizçinin çiyinlərindən lövbər kimi asılan qolları illərin yorğunluğunu, gəmi qəbristanlığı üzərində fırlanan qağayı xəyalları isə bitən bir dövrün nostaljisini simvolizə edir. Eyni zamanda, təpənin üstündən yüksələn Yasin surəsi və dualar mətnə mistik, ruhani bir sakitlik gətirərək dənizçinin dünyəvi qayğılardan uzaqlaşıb əbədiyyətə, ruhun daxili dincliyinə yönəldiyini göstərir.
Mətnin dili olduqca poetik, axıcı və emosional çalarlarla zəngindir. Nəsr formasında yazılmasına baxmayaraq, cümlələrin daxili ritmi və kəsik-kəsik strukturu oxucuda sərbəst şeir təəssüratı yaradır. “Ömrümün sahibsiz limanı” kimi bədii təyinlər və dərin metaforalar müəllifin dilin bədii imkanlarından maksimum dərəcədə yarandığını sübut edir. Bu səmimi üslub, yazının süni intellekt qəliblərindən tamamilə uzaq, saf insan duyğusu ilə qələmə alındığını aydın şəkildə hiss etdirir.
Son nəticədə, bu yazı sadəcə bir vida hekayəsi deyil; insana öz keçmişinə hörmətlə baxmağı, tufanlardan keçən ömrü şərəflə daşımağı və vaxtı gələndə getməyi bacarmağın aliliyini aşılayan çox uca bir bədii lövhədir. Müəllif dənizlə insanı elə bir vəhdətdə təqdim edir ki, sonda dənizin susması həm də bir ömrün sakitcə əbədiyyət limanına yan almasının bədii təsdiqinə çevrilir.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, dəyərli şairimiz Faiq müəllim!

✍ Sevil Azadqızı
07.08.2026






















