Hər il olduğu kimi, bu dəfə də yolum Bilgəhə düşüb. Bir müddətdir ki, “Bilgəh” Kardioloji Sanatoriyasındayam. Bura mənim üçün yalnız müalicə yeri deyil. Bilgəhin havasında, dənizində, səhər küləyində və sakitliyində insanın həm bədəninə, həm də ruhuna toxunan qəribə bir rahatlıq var.
Ürək problemi olan insan üçün burada təbiətin özü bir növ terapiyadır. Dənizdən gələn mehin nəfəsə qarışması, səhərin sakitliyi, şəhərin səs-küyündən uzaq olmaq insana dayanmaq, düşünmək və özünü dinləmək imkanı verir. Bəzən sağalmaq üçün yalnız dərman və tibbi prosedurlar deyil, sakitlik, təmiz hava və xoş münasibət də lazımdır.
Amma burada hər il diqqətimi çəkən və məni düşündürən başqa bir məsələ də var. Bu, sanatoriyanın şəraiti, müalicə üsulları və ya hava ilə bağlı deyil. Söhbət insanların bir-birinə münasibətindən gedir. Təəssüf hissi ilə deyirəm ki, insanların bir-birinə münasibətinin ildən-ilə bir qədər də soyuduğunu hiss edirəm.
Əvvəllər belə deyildi.
İnsanlar qarşılaşanda daha səmimi davranır, kimliyindən, vəzifəsindən, maddi vəziyyətindən və tanış olub-olmamasından asılı olmayaraq bir-birinə salam verirdilər. Bir yerdə yaşayan insanlar qonşusunu tanıyır, hal-əhval tutur, yaşlılara hörmət göstərir, xəstənin və ehtiyacı olanın qayğısına qalırdı. Salam vermək üçün xüsusi səbəbə ehtiyac yox idi. Tanışlıq da şərt deyildi.
Bu yaxınlarda Avropaya səfər etmişdim. Orada diqqətimi çəkən məqamlardan biri insanların gündəlik həyatda bir-birinə münasibəti oldu. Küçədə, mağazada, marşurutda və digər ictimai yerlərdə insanların bir-biri ilə rahat ünsiyyət qurduqlarını müşahidə edirdim. Qarşılaşanda salamlaşır, gülümsəyir, nəzakətlə davranırdılar. Bu, süni və ya məcburi görünmürdü. Sadəcə, gündəlik həyatın təbii bir hissəsi idi. Məni düşündürən də məhz bu sadəlik oldu.
Heç kim “Mən səni tanımıram, niyə salam verməliyəm?” düşüncəsi ilə davranmırdı. Salamlaşmaq üçün dostluq, qohumluq və ya əvvəlcədən tanışlıq tələb olunmurdu. İnsan insana hörmət etdiyi üçün salam verirdi. Bunu burada gördüklərimlə müqayisə etməmək mümkün deyil.
Bu gün bizdə tanımadığın adama salam vermək bəzən az qala qeyri-adi davranış kimi qəbul olunur. Salam verirsən, qarşı tərəf əvvəlcə üzünə təəccüblə baxır. Sanki ondan nəsə istəmisən və ya hansısa xüsusi münasibət yaratmağa çalışırsan. Halbuki sən sadəcə bir neçə saniyəlik xoş münasibət göstərmisən.
Bəlkə də məsələ elə bundadır ki, biz çox sadə şeyləri getdikcə mürəkkəbləşdiririk.
Bir vaxtlar salamlaşmaq həyatımızın təbii hissəsi idi. İndi isə bunun üçün səbəb axtarırıq. BuHalbuki salam sadəcə bir söz deyil. O, “səni görürəm”, “sənə hörmət edirəm” deməyin ən sadə formalarından biridir. Bu mənzərəni sanatoriyada daha aydın hiss etmək mümkündür. Dəhlizdə, həyətdə, yeməkxanada və ya müalicə prosedurlarına gedərkən qarşılaşdığım insanlara salam verirəm. Kimisi salamı eşitməmiş kimi yanından keçir, kimisi dayanıb təəccüblə üzümə baxır, kimisi isə cavab verməyə belə ehtiyac duymur.
İstər-istəməz düşünürsən, biz nəyi itirmişik?
Əslində təkcə salamı yox. Bir-birimizə olan diqqəti, marağı, səmimiyyəti və qayğını da yavaş-yavaş itiririk.
Çünki məsələ salamlaşmaqdan daha böyükdür.
Eyni binada yaşayırıq, amma qonşumuzu tanımırıq. Eyni həyətdə otururuq, amma bir-birimizə yaxınlaşmırıq. Avtobusda yanımızda oturan insanın üzünə baxmırıq. Birinin kefsiz olduğunu görürük, amma “Nə olub?” soruşmağa vaxt ayırmırıq. Yaşlı bir insanın ayaq üstə qaldığını görürük, amma başımızı telefondan qaldırmırıq. Sonra da deyirik ki, insanlar niyə bu qədər tənha olublar?
Tənhalıq həmişə insanın ətrafında heç kimin olmaması demək deyil. Bəzən insanın ətrafında yüzlərlə adam olur, amma ona bir nəfər belə “Necəsən?” demir.
Texnologiya bizi dünyanın o biri başındakı insanlarla bir anda əlaqələndirib. Uzaqdakı insanın səsini eşidir, görüntülü danışır, ona mesaj yazır, şəkil göndərir, həyatından xəbər tutururuq. Amma qəribə bir paradoks yaranıb ki, əlaqələrimiz çoxalıb, münasibətlərimiz isə azalıb. Eyni masanın arxasında oturan insanların hərəsinin əlində telefon var. Bir-birimizlə danışmaq əvəzinə ekranlara baxırıq. Sosial şəbəkələrdə yüzlərlə “dostumuz” var, amma bəzən real həyatda dərdimizi bölüşəcək bir nəfər tapmaq çətinləşir.
Əlbəttə, bütün cəmiyyətləri eyni qəlibə salmaq düzgün olmaz. Hər yerdə həm səmimi, həm də soyuq insanlar var. Məqsədim hansısa cəmiyyəti digərindən üstün göstərmək deyil. Sadəcə bir müşahidəni bölüşürəm. Başqa yerdə adi görünən bir davranış bizdə niyə getdikcə qeyri-adi hala çevrilib? Niyə tanımadığımız insana salam verməkdən çəkinirik?
Nə vaxtdan salamlaşmaq üçün mütləq bir-birimizi tanımalı olduq?
Xüsusilə də insan sağlamlığı üçün yaradılmış bir məkanda bu mənzərə adamı daha çox düşündürür.
Burada hər kəsin öz hekayəsi var. Kiminsə ürəyində problem var, kiminsə təzyiqi, kiminsə başqa bir xəstəliyi. Kimisi sağalmaq ümidi ilə gəlib, kimisi illərdir davam edən xəstəliyinə çarə axtarır. Kiminsə ailəsi uzaqdadır, kimisi burada təkdir.
Bəlkə də elə buna görə belə yerlərdə insanlar bir-birinə daha çox diqqət göstərməlidirlər.
Çünki xəstə insanın yalnız bədəni deyil, ruhu da qayğıya ehtiyac duyur. Bəzən bir xoş söz, bir gülümsəmə və ya sadə bir “Necəsiniz?” sualı insanın gününü dəyişə bilər.
Həkim dərman yazır, prosedur təyin edir, müalicə aparır. Amma mənəvi rahatlıqda ətrafımızdakı insanların münasibətinin də öz payı var. Ona görə düşünürəm ki, insan münasibətlərinə də bir qədər “müalicə” lazımdır.
Bunun üçün böyük layihələrə, uzun-uzadı çıxışlara və şüarlara ehtiyac yoxdur. Dəyişiklik özümüzdən başlaya bilər. Səhər qarşımıza çıxan insana salam verək. Qonşumuzun halını soruşaq. Yaşlı bir insanın əlindəki yükə kömək təklif edək. Xəstənin yanında bir neçə dəqiqə oturaq. Telefonu bir kənara qoyub qarşımızdakı insanın üzünə baxaq.
Bunlar kiçik davranışlardır. Amma insan münasibətlərinin istiliyi məhz belə kiçik davranışlardan yaranır.
Bir gülümsəmə, bir xoş söz, bir “Necəsiniz?” və bir salam.
Bəlkə də salam verərkən qarşılığında heç nə gözləməməliyik. İnsanlıq bir qədər də qarşılığını düşünmədən yaxşılıq etməkdən başlayır.
Bilgəhdə ürəyimizi müalicə etdiyimiz kimi, bəlkə bir az da münasibətlərimizi müalicə etməliyik. Çünki ürəyin sağlamlığı yalnız tibbi göstəricilərlə ölçülmür.
İnsanın ürəyində insana yer qalması da sağlamlığın göstəricisidir.
Bu gün Bilgəhin havasında nəfəs alarkən bütün bunlar haqqında düşünürəm. Dəniz öz sakitliyi ilə insana çox şey deyir. Külək keçir, dalğalar sahilə toxunur, gün başlayır və həyat davam edir.
Amma insan dəyişir.
Bəzən yaxşıya doğru, bəzən də təəssüf ki, əksinə.
İllər əvvəl burada insanlarla qarşılaşanda salamlaşmaq adi hal idi. Bu gün isə salam verəndə təəccüblə baxanların sayı artır.
Bəlkə də itirdiyimiz bəzi sadə dəyərləri yenidən xatırlamağın vaxtıdır. Sabah səhər ilk rastlaşdığımız insana özümüz salam verək. Cavab versə də, verməsə də.
Çünki salamın qarşılığı həmişə söz olmur. Bəzən qarşımızdakı insanın üzündə yaranan kiçik təbəssüm onun cavabıdır. Bəlkə də bu gün bizə ən çox lazım olan məhz budur — bir-birimizin üzündə təbəssüm yaratmaq.
Çünki ürəyi müalicə etdiyimiz bir dünyada insanlığın da ürəyini qorumağı bacarmalıyıq.
Bəlkə də hər şey bir sözdən başlayır:
SALAM!!!





















