Mirmahmud bəyin ömür yolunu ifadə edən BEŞ MÜHÜM SÜTUN

Mirmahmud bəyin ömür yolunu ifadə edən BEŞ MÜHÜM SÜTUN

MİRMAHMUD MİRƏLİOĞLU – 70

1 sentyabr 1956-cı il – Yardımlı rayonunun Telavar kəndində dünyaya gələn,  Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (istiqlalçı millət vəkili), Klassik Xalq Cəbhəsi Partiyasının sədri, ictimai-siyasi fəaliyyəti və prinsipial mövqeyi ilə seçilən azman aydınımız Mirmahmud Mirəlioğlunun həyat yolunun başlanğıcıdır. Bu gün isə həmin yolun 70 illik şərəfli bir mərhələsini qeyd edirik.
Məncə, Mirmahmud Mirəlioğlunun həyat yolunu səciyyələndirən  beş söz – məqam var: məslək, mənsəb, məktəb, mətləb və müdrik.
Məsləkdir Mirmahmud Mirəlioğlu. Çünki məslək insanın hansı yolda getdiyini və  niyə o yolda getdiyini müəyyən edir. Əqidəsinə bağlılıq, inandığı dəyərlərə sədaqət, haqq bildiyi mövqedən geri çəkilməmək insanın xarakterini formalaşdıran əsas mənəvi dayaqlardır. İllər, zaman, şərait dəyişə bilər, lakin insanın məsləki dəyişmirsə, onun şəxsiyyəti də öz bütövlüyünü qoruyur.
Mənsəbdir Mirmahmud Mirəlioğlu. Mənsəb yalnız yüksək vəzifə, kürsü və titul deyil. Əsl mənsəb – insanların etimadını daşımaq, üzərinə düşən məsuliyyəti dərk etmək və tutduğun mövqeyə layiq yaşamaqdır. Mənsəbin dəyəri onun adında deyil, ona verilən mənada və göstərilən xidmətdədir. Həqiqi mənsəb insanı ucaldan deyil, onun üzərinə daha böyük məsuliyyət qoyan bir anlayışdır.Bu mənada Mirmahmud Mirəlioğlu üçün mənsəb heç zaman məqsəd deyil, xidmətin bir vasitəsi kimi dəyərləndirilən anlayışdır.
Məktəbdir Mirmahmud Mirəlioğlu. Çünki hər şəxsiyyət özündən sonra yalnız xatirə deyil, həm də bir düşüncə məktəbi qoyur.
İnsanın söylədiyi sözlər, yaşadığı həyat, keçdiyi sınaqlar, nümayiş etdirdiyi mövqe və prinsipiallıq bəzən ən yaxşı dərslikdən daha təsirli olur. Mirmahmud Mirəlioğlunun həyat yolu da bu baxımdan bir məktəbdir – sözə sahib çıxmağın, mövqeyi qorumağın, düşünərək danışmağın və inandığın dəyərlər uğrunda dayanmağın məktəbi.
Mətləbdir Mirmahmud Mirəlioğlu.
Hər sözün bir zahiri, bir də mahiyyəti var. Mətləbi anlamaq isə sözün görünən tərəfinin arxasındakı həqiqəti görə bilməkdir.Dərin düşüncə, məsələnin mahiyyətinə varmaq, həqiqəti axtarmaq və əsas olanı ikinci dərəcəli olandan ayırmaq – insanın intellektual və mənəvi yetkinliyinin göstəricisidir.Mirmahmud Mirəlioğlunun xarakterində mətləbə varmaq, sözü mahiyyətinə qədər düşünmək və haqq bildiyini ifadə etmək xüsusiyyəti xüsusi yer tutur.
Müdrikdir Mirmahmud Mirəlioğlu.
Yetmiş yaşın ən böyük mənası da məhz buradadır. Müdriklik sadəcə çox yaşamaq deyil. Yaşadıqlarından nəticə çıxarmaqdır. Sınaqlardan keçib sınmamaq, zamanın dəyişən üzünü görüb öz mənəvi dayaqlarını qorumaq, həyatın verdiyi dərsləri gələcək nəsillərə ötürə bilməkdir.
Müdriklik həm də nə zaman danışmağı, nə zaman susmağı, nəyi müdafiə etməyi və hansı dəyərdən heç bir şəraitdə vaz keçməməyi bilməkdir.
Bu beş söz Mirmahmud bəyin  ömür yolunu ifadə edən beş mühüm sütundur.
El sevgisi qazanmış dəyərli Mirmahmud bəy, Sizi 70 illik yubileyiniz münasibətilə  ürəkdən təbrik edir, keçdiyiniz həyat yoluna, ictimai-siyasi fəaliyyətinizə, milli düşüncəyə və dövlətçilik dəyərlərinə bağlılığınıza ehtiramımı bildirirəm.
Arzu edirəm ki, ömrünüzün bundan sonrakı illəri  sağlamlıq, əmin-amanlıq, ailə səadəti və mənəvi rahatlıq içində keçsin. Qoy illərin təcrübəsi daha böyük müdrikliyə, müdriklik isə gələcək nəsillərə ötürüləcək dəyərli bir irsə çevrilsin.
Qoy haqq bildiyiniz söz bundan sonra da  dilinizdə, Vətən sevgisi qəlbinizdə, milli dəyərlər düşüncənizdə, insanlara xidmət həyat yolunuzda olsun.
70 yaş  bir zirvədir, amma şəxsiyyət üçün zirvə son deyil. Zirvə həm də yeni üfüqlərə baxış nöqtəsidir…
Əziz Mirmahmud bəy,   70 illik yubileyiniz qutlu olsun!

Məsləkdir Mirmahmud Mirəlioğlu!
Mənsəbdir Mirmahmud Mirəlioğlu!
Məktəbdir Mirmahmud Mirəlioğlu!
Mətləbdir Mirmahmud Mirəlioğlu!
Müdrikdir Mirmahmud Mirəlioğlu!

Tapdıq ƏLİBƏYLİ

Share: