Şair TƏRLAN ƏBİLOV
Poeziya insanın hiss və düşüncələrinin ən dolğun, obrazlı, ahəng və ritmli, gözəl boyalarla, mənalı və mükəmməl təsir gücü ilə ifadə edildiyi bir aləmdir, bir duyğudur, ən başlıcası, sözlə müd¬rik¬liklə yaradılan bir gözəllikdir! Bu bəlkə də rəssamlıqdan daha çətindir Çünki rəssamın ixtiyarında ən azı həm də rənglər, boyalar və real həyat mənzərələr olur. Poeziyanın yaradıcıları olan şairlərin ixtiyarında isə zəngin söz bazası da gücsüzdür, azdır, zəifdir,.. Dili mükəmməl bilən o qədər dilçi alimlər var ki heç bir bəndlik poeziya yarada bilməyiblər. Əsl şairin ixtiyarında həm də İlahi kəramət, zəngin təxəyyül, dərin zəka, parlaq ziya, humanist duyğular, güclü xarakter və Tanrının yaradıcılıq qabiliyyətindən pay olmalıdır. Bu tam mənada fövqəl-bəşər keyfiyyətdir. Buna malik olmayan şəxs əsl şair ola bilməz. Əsl poeziyanı yalnız əsl şairlər yarada bilər. Onların bir çox hiss və baxışları sanki başqa aləmdən gəlir. Əsl şair bir aləmin yox, dünyaların, başqa aləmlərin də parlaq nümayəndəsi olur. Bu səbəbdəndir ki, əsl şairi görən kimi fərqliliyi duyulur. Bütün şairlərin zahirən bir oxşar keyfiyyətləri var: poetik obrazlılıq! Onu əsl şair baxan kimi görür və öz adamını tanıyır. Onun hətta köynəyinin qırışı, saçının dağınıqlığı, gözləri, dodaqları da fərqli görünür. Əsl şair üçün haqlı olaraq “Bu dünyanın adamı deyil” ifadəsini işlədirlər. Əsl şairin təbi, gücü, zəkası və yaratdığı poetikası əlbəttə digər aləmlərdən gəlir və oraları da nurlandırmağa qadirdir. Hər şeir yazan şair, hər yazılan şeir isə poeziya deyil ki!
Çağdaş ədəbiyyatımızın canlı poeziya yaradıcıları, yəni əsl şairlər indi çox azdır, heç barmaq sayını aşmaz. Onlardan biri, bəlkə daha öndə olan aparıcı simalarından biri Şair Tərlandır!
Bəli, həmin o sadə Tərlan…Tərlan Əbilov! Sadə olduğu qədər zəngin, zəngin olduğu qədər böyük, böyük olduğu qədər gözəl, gözəl olduğu qədər səmimi, adi, xoşxasiyyət, gülərüz insan!
Şairin möhtəşəmliyi onun şeirlərini oxuyarkən hiss olunur. Tərlanın son illər…son aylar, hətta son bir həftə ərzində yazdığı hər bir şeir əsl poeziya hadisəsidir.
Avtobioqrafik cəhətdən kimdir Şair Tərlan? Xatırlatma verməyimdə fayda olacağını düşünürəm.
Tərlan Maşallah oğlu Əbilov 1968-ci il, iyul ayının 20-də Lənkəran şəhərində doğulub. 1985-ci ildə Lənkəranın 1 saylı orta məktəbini bitirib. Həmin ildə Kalinin adına Bakı Geoofiz-cihazqayırma zavodunun Lənkəran filialında yığıcı-çilingər kimi işə qəbul olunub. 1986-ci ildə ordu sıralarına çağrılıb. 1988-ci ildə Moskvanın Kaluqa vilayətində ordu xidmətini başa vurub vətənə, işlədiyi zavoda qayıdıb. Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdı. 2000-ci ildən onun şeirləri “Azərbaycan”, “Ulduz” junalında, “Ədəbiyyat” qəzeti və başqa mətbu orqanlarda dərc edilməkdədir. 2002-ci ildə sisilə yazılarına görə Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalının təsis etdiyi Ülvi Bünyadzadə adına “Uğur” mükafatına layiq görülüb. Tərlan təmtaraqlı universitetlər bitirməyib. Amma hansısa filoloq şairin, professor demirəm, hətta akdemikin ədəbi bilgilərindən daha mükəmməl bilgilərə malikdir. Onun universiteti real həyatın poetik üst qatıdır. O…O Allahın şair olaraq seçdiyi və poeziyaya mükəlləf etdiyi şəxsdir!
Bu azdırmı?
Onun son şeirlərindən hər hansı birini götürüb tam təhlil etsəm səhifələr dolacaq. Hələ bunun aylar, illər öncə yazdıqları var!
Üzümü ağ edib alnım təriylə,
Hürkütməz könlümü edam yeriylə.
Sıram yox dünyanın əyriləriylə,
durmuşam özümün düz tərəfində.
Üç-dörd gün əvvəl belə yazan şair həmin günlərdə fərqli bir poetik tablo da yarada bilir. İnanmayanlar bu misraları oxusun:
…həyatının beş addımlığından köçüb gedir hamı,
səni axtarır böyüyən kölgəsində,
böyüyən qaranlığında
dünənin,
bu günün adamı…
Kölgəsinin, qaranlığının içindən keçib
qayıtmaq istəyir hər kəs sənə – özünə,
ömür sovxa da
işıq kimi düşür uzaqdan
adamın üzünə, gözünə…
Bu dünyanın adamı olan şair heç belə düşünməz. Belə düşünmək üçün gərək bu dünyanın adamı olmayasan. Bu dünyanın adamları hər gün qüruba doğru sürətlə gedir. Təkcə şair hər gün əbədiyyatın zirvəsinə doğru daha bir addım atır.
Kimi yolun tapıb gedir,
Kimi yolun sapıb gedir,
Hər gün məndən qopub gedir
yüzü qüruba, qüruba.
Son günlərin şeirlərinə doğru gələn şair heç də bədbin deyil, sadəcə, o bu dünyanı öz eşqi ilə, gözəlliklərlə və obrazlı formada görür, duyur və yazır. Onun poetik obrazı mükəmməl bir şəxsiyyətdir.
Dayazda batmaqdan qorxub qaçmışam,
Mən də bir sahilçün gözü acmışam,
Özümə yelkənli qayıq açmışam
onun gözlərinin dəniz yerində…
Tərlanın poeziyası barədə yüz eşitməkdənsə, onu bir oxumaq lazımdır. Kitabını əldə etmək və oxumaq! Əlbəttə, əgər tapa bilsən! İnanmıram ki, poeziyanın nə olduğunu bilən hər hansı bir oxucu onun kitabını tamam bitirmədən əlindən yerə qoysun. Çünki Tərlanın poeziyasında sözün həqiqi mənasında quşların oxumasını, bulaq suyunun sakit şırıltısını, ən gözəl güllərin ətrini, ruhu oxşayan musiqini, zövqü cilalayan metafizik rəngləri, fikirləri, fəlsəfi tabloları görməmək, dahilərin insan ruhuna pıçıltısını, İlahi həqiqətləri eşitməmək mümkün deyil. Belə birisi ilə şəxsən dostluq etmək çox çətindir. Onun halına düşə bilməyən, onun poetik əhvalını yaşamayan, gözlərinin arxasına təmas edə bilməyən şəxs onu doğru anlaya bilməyəcək.
“Şairlər bir az o məsələ!” demək də çox asandır. Bu yalnız acizlərin poeziya qarşısında öz gücsüzlüyünü etiraf etməsi kimi bir şeydir. İnsan ruhunu dini fəlsəfə, yəni İlahi həqiqətlər qədər kamilləşdirən ikinci vasitə məhz poeziyadır. Dini-imanı olmayan kəs əsl poeziyanın ürfanı məziyyətlərini necə anlasın? Bəlkə də elə buna görə Müqəddəs Qurani-Kərim məhz poetik dildə nazil olmuşdur. Çünki poetik dil İlahi nemətdir və İlahi duyğular adi sözlərlə ifadə oluna bilməz. Qurani-Kərimdə “Əl –Şüəra” (“Şairlər”) surəsi heç nahaqdan göndərilməyib. Qurani-Kərim şairləri iki qrupa bölür: Xəyallara qapılan, yalan satan, əməlləri ilə sözləri üst-üstə düşməyən zərərli şairlər. Və haqqı müdafiə edən, İman gətirib yaxşı işlər görən, haqsızlığa məruz qaldıqda söz sənətindən istifadə edərək haqqı müdafiə edən şairlər. Bu surə bütövlükdə bədii sözün, ədəbiyyatın və sənətin hansı məqsədlərə xidmət etməli olduğunu göstərir. Şair Tərlanın yaradıcılığına bələd olan hər kəs bilir ki, o ikinci və təqdir olunan əsas şairlər qisminə aiddir. Bir kimsə onun nə vaxtsa bir mədhiyyə yazdığını, kiməsə yarındığını və öz şəxsi məqsədləri naminə yalan yazdığını deyə bilməz. Elə bu cür məziyyətlərinə görə Tərlan pak şair sayılır!
Yad saçı zərim olmasın,
Tökməyə tərim olmasın,
Özgədə yerim olmasın,
gəlim səndə havalanım…
…Hardan biləsən ki, mən suyla bir yerdə böyümüşəm,
odla eyni sinifdə oxumuşam,
Elmi işimin mövzusu həsrət olub,
sevgidən yarımayanlara illərlə mühazirə demişəm,
kitab qoxusunu qadın qoxusundan çox sevmişəm…
Şair Tərlan bu misraların, bu hisslərin, düşüncələrin içindədir, üstündədir, arxasındadır – hər yerindədir. Çünki şair Tərlan büsbütün bu şeirlərdən ibarətdir və deməli, Şair Tərlan əsl poeziyanın elə özüdür və ya onun mühüm tərkib hissəsidir. Tərlanın poeziyası barədə ağlı başında olan çox ədəbiyyat adamı söz deməyə çalışmışdır. Vaqif Yusifli, Tofiq Abdin, Nərgiz Cabbarlı, Zakir Məmməd, Mehman Qaraxanoğlu, Azad Qaradərəli, Gülnar Səma, Hafiz Mirzə,.. İnanmıram ki, onlardan hər hansı biri Tərlan barədə bütün sözləri deyib qurtarmış olsun. Çünki bu adamın yaradıcılığı bir məqaləyə sığmır. İnşaallah tezliklə onun yaradıcılığı barədə monoqrafiyalar, elmi əsərlər yazılacaq,.. tezliklə onun şeirləri dünya poeziya çələnginə qatılacaq. Hələlik onun şeirləri Türkiyədə və İranda dərc olunmuş, eləcə də rus və ingilis dillərinə tərcümə olunmuşdur. Tədqiqatçı Xalidə Əfəndiyeva onun bir neçə şeirini türk dilinə çevirmiş,Türk Antoloji dərgisində yayınlamışdır.
Tərlan tez-tez kitab nəşr etdirməyə həvəsli deyil, öz gözəl və dərin mənalı şeirlərini oxuculara daha çox “Terlan Ebilov” adlı facebook səhifəsində təqdim edir. Onun bir çox şeirləri dahi rəssam tərəfindən çəkilmiş, fəlsəfə yüklü, gözəl, musiqili, poetik tablo təəssüratı bağışlayır.
Şair Tərlan Əbilov 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2012-ci ildə Prezident mükafatına layiq görülmüşdür.
Çox az, cəmi 3 şeir kitabı işıq üzü görmüşdür. 2002-ci ildə “Ziyarətə gedən nəfəs”, 2003-cü ildə ”Yaşıl işıqda bitən yol”, 2013-cü ildə “Sonuncu halqa” kitabları nəşr olunmuşdur. Amma bu o demək deyil ki, onun yazdıqları elə bu qədərdir. Adam hər gün onlarca bənd, bir neçə şeir və maraqlı, düşündürücü statuslar yazır. Yaxın günlərdə “Bir çamadan yol” adlı yepyeni şeirlər kitabı çapdan çıxacaq.
Və bu gün – iyulun 20-i Şair Tərlanın doğum günüdür!
Bu münasibətlə tək özündən başqa hər kəsi – bütün oxucularını təbrik etmək olar. Özünü isə… Özünü niyə təbrik edəsən ki?.. Adam bu dünyaya onun dərdini-sərini çəkməkdən ötrü gəlib. Bu dünyanın dərdini məhz elə onun özü boyda dahilər çəkə bilər.
Deyir: hər kəs öz adının haqqını verməlidir. Tərlan güclü, iti caynaqları, sürətli uçuş, qüsur¬suz görmə qabiliyyəti və güclü qanadları olan quşdur. Xalq poeziyasında və gündəlik danışıqda cəsur, çevik və sevilən insanlara TƏRLAN sözü aid edilir. Şair Tərlan isə poeziya aləmində bu sözün və mənanın məhz elə özüdür – hə, sinonimidir yəni.
İnanmayan varsa, gedib Tərlanın şeirlərini oxusunlar! Oxuduqca nurlanacaq, gözəlləşəcəklər.
Hafiz MİRZƏ





















