Regional universitetlər tələbə cəlbini regionun inkişaf strategiyası ilə uzlaşdırmalıdır – Anar Eminov

Regional universitetlər tələbə cəlbini regionun inkişaf strategiyası ilə uzlaşdırmalıdır – Anar Eminov

“Regional universitetlər üçün tələbə cəlbi yalnız qəbul kampaniyası deyil, regionun insan kapitalının formalaşdırılması və gələcək inkişaf potensialının gücləndirilməsi prosesidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında keçirilən “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Rektor bildirib ki, müasir dövrdə regional universitetlərin qarşısında duran əsas vəzifələrdən biri region gəncləri üçün əlçatan, keyfiyyətli və rəqabətqabiliyyətli ali təhsil imkanları yaratmaqdır:

“Regional universitetlərə tələbə cəlbi məsələsinə yalnız qəbul göstəriciləri prizmasından baxmaq düzgün olmaz. Bu proses universitetin akademik keyfiyyəti, əmək bazarı ilə əlaqələri, müasir ixtisas portfeli, rəqəmsal tədris imkanları, beynəlxalqlaşma səviyyəsi və məzunların gələcək karyera perspektivləri ilə birbaşa bağlıdır”.

Anar Eminov qeyd edib ki, regional universitetlər yerləşdikləri bölgənin sosial-iqtisadi inkişafı üzrə  fəaliyyət göstərməlidir. Universitetlər regionun ehtiyaclarını düzgün müəyyənləşdirməli, gənclərə həmin ehtiyaclara uyğun təhsil və inkişaf imkanları təqdim etməlidir:

“Regional universitetin əsas üstünlüyü onun yerli icmalarla, məktəblərlə, dövlət qurumları və biznes strukturları ilə daha yaxın əməkdaşlıq imkanlarına malik olmasıdır. Bu əməkdaşlıq düzgün qurulduqda universitet yalnız tələbə qəbul edən müəssisə kimi deyil, regionun gələcəyini formalaşdıran strateji inkişaf mərkəzi kimi çıxış edir”.

Rektorun sözlərinə görə, regional universitetlərin gələcək uğuru onların regionla nə dərəcədə inteqrasiya olunmasından asılıdır:

“Regional universitet regiondan ayrı düşünülə bilməz. Universitet regionun gənclərini, əmək bazarını, sənaye potensialını, sosial ehtiyaclarını və inkişaf hədəflərini bir araya gətirən platformaya çevrilməlidir. Tələbə cəlbinin əsas fəlsəfəsi də məhz bundan ibarətdir: gənci regionda saxlamaq, ona keyfiyyətli təhsil vermək və həmin gəncin gələcəkdə öz regionunun inkişafına töhfə verməsinə şərait yaratmaq”.

Share: