Polis bizi qoruyur…

Polis bizi qoruyur…

2 iyul Polis Gününə saylı günlər qalır. Bu münasibətlə, ictimaiyyət arasında hörmət qazanan, cəmiyyətdə sayılıb seçilən bir sıra polislər haqqında silsilə söhbətlər edib, onları sizə də tanıtmağa çalışacağam.

Amma, əvvəlcə bir az geriyə qayıdıb, söhbətimə sovet dövründən başlamaq istəyirəm. Şəhərdə böyüyən adamlar yəqin ki, yaxşı xatırlayırlar. O vaxt hansı binada milis yaşayırdısa, həmin binanın uşaqları, elə böyükləri də daha ürəkli, daha cəsarətli olurdular. Çünki həmin milis qonşuların ümid yeri, necə deyərlər xilaskarı sayılırdı. Bir də görürdün ki, kimsə dostluq etdiyin qıza söz atıb. Onu yaxşıca əzişdirib qisas alırdın. Bu da xuliqanlıq sayıldığı üçün, sonda milis bölməsinə aparılmağına əsas səbəb olurdu…
Haqqında söhbət açmaq istədiyim polis mayoru Qabil Xəlilov da, yaşadığı 184 mənzildən ibarət bir binanın sakinlərinin ümid yeri, xilaskarıdır. Beləliklə, polislər haqqında ilk söhbətimi Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin baş əməliyyat müvəkkili Qabil Nahid oğlu Xəlilovdan başlamaq istəyirəm. Gəlin əvvəlcə onun rəhmətlik atası barəsində sizə məlumat verim. Atası Nahid Xəlilov əslən Zərdab rayonunun Körpükənd kəndindən olsa da, Bakı şəhərində dünyaya gəlmişdi. Rəhmətlik 1992-ci ildən vəfat edənədək Ədliyyə Nazirliyi sistemində çalışıb. Nazirliyin Xüsusi Komendanturasının rəisi vəzifəsindən tutmuş, 9, 2 və 17 saylı Cəza Çəkmə müəssisələrinin rəisi vəzifəsində işləyib. Bununla yanaşı o, 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Özündən sonra üç qızı və bir oğlu yadigar qalıb…
Bəli, haqqında danışdığım polis mayoru Qabil Xəlilov rəhmətlik Nahid kişinin yadigarlarından biridir. Dövlətə və dövlətçiliyə sədaqəti ilə yanaşı yaşadığı binanın insanlarına da sədaqətlidir. Bu yaxınlarda onun votsap səhifəsinə Daxili İşlər Naziri polis general-polkovniki Vilayət Eyvazov haqqında saytlardan birində işıq üzü görən bir məqaləmin linkini gördərdim. Üstündən beş-on dəqiqə keçmişdi ki, cavab olaraq mənə yazdı: “Bəli, cənab nazir ən gözəl sözlərə layiqdir. Bunu rəhbərim olduğu üçün demirəm, bunu ona görə deyirəm ki, Vilayət müəllim sözün əsl mənasında kişi adamdır. Xahiş edirəm, səmimiyyətimə inanın…”
Qabil Xəlilov 1984-cü ilin oktyabr ayının 26-da dünyaya gəlib. Həmin gün həftənin 5-ci günü olub. Deməli, Venera planetinin təsiri altındadır. Odur ki, sevgi dolu, səxavətli və optimist insandır. Təbii gözəlliyə, incəsənətə, mədəniyyətə, milli adət-ənənəyə meyillidir. Davranışı ilə insanlara gözəl anlar bəxş etmək və həyatdan zövq almaq onun əsas missiyasıdır. Şən, mehriban, ünsiyyətcil adam olması ilə yanaşı, çox alicənabdır…
…Bəli, sovet dövründə şəhərdə doğulub böyüyən adamlar yəqin ki, yaxşı xatırlayırlar. O vaxt hansı binada milis yaşayırdısa, həmin binanın uşaqları, elə böyükləri də daha ürəkli olurdular. Çünki həmin milis qonşuların ümid yeri, necə deyərlər xilaskarı sayılırdı. Doğrudur, bu gün sovet milisini müstəqil ölkəmizin polisləri əvəz edir, elə onların da arasında yaxşı insan olanları çoxdur. Binamızın xeyir-şərindən əskik olmayan, polisə başucalığı gətirən bizim qonşumuz, polis mayoru Qabil Xəlilov kimi…
Elman Eldaroğlu
Share: