Tarix yalnız yazılı vərəqlərdə deyil, həm də torpağın qatlarında, qədim daşların sükutunda gizlənir. O, sükutu pozub daşları dilləndirmək isə hər kəsə nəsib olmayan bir fəzilətdir.
Azərbaycanın qədim diyarı, bəşəriyyətin ilk məskənlərindən olan Naxçıvan torpağı hər zaman öz yetirmələri ilə fəxr etmişdir. Bu torpağın hər daşı, hər təpəsi bir tarix, bir sirr xəzinəsidir. Bu xəzinənin qapılarını elmin açarı ilə açan, onun qədim sirlərini dünyaya yayan fədakar insanlardan biri də görkəmli arxeoloq, tarix elmləri doktoru, professor Vəli Baxşəli oğlu Baxşəliyevdir
Vəli Baxşəliyev 1955-ci ilin iyun ayının 5-də Babək rayonunun (hazırda Kəngərli rayonunun tərkibində olan) Böyükdüz kəndində göz açmışdır. Erkən yaşlarından qədim mədəniyyətə, keçmişə olan marağı onu 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə gətirir. Ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra,müqəddəs torpaqdan başlayan elm yolu,məhs onu Azərbaycanın müxtəlif rayonlara müəllim kimi çalışmağa apardı. Gənc Vəli, təkcə dərs demir, həm də gələcək böyük kəşflərin elmi təməlini qoyurdu.
Onun elmi fəaliyyətinin əsas dönüş nöqtəsi 1982-ci ildə A.A. Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına qəbul olması ilə başlayır. 1986-cı ildə SSRİ Elmlər Akademiyasının Leninqrad (indiki Sankt-Peterburq) bölməsində “Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək gənc yaşlarında elmi mühitin diqqətini cəlb edir. Daşların dilini öyrənməklə və Beynəlxalq kəşflərə imza atır.
Vəli Baxşəliyevin arxeoloji fəaliyyəti Naxçıvanın hər tərəfini qarış-qarış gəzmək, abidələri qeydə almaq və onları gələcək nəsillərə qazandırmaq missiyası üzərində qurulub. O, II Kültəpə, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala kimi yüzlərlə unikal abidənin tədqiqində birbaşa iştirak etmişdir.
Alimin fəaliyyəti təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır:
Şərqi Anadolu Araşdırmaları 1995-1999-cu illərdə İstanbul Universitetinin heyəti ilə birlikdə Şərqi Anadolunun arxeologiyasınıda öyrənmişdir.
Beynəlxalq Əməkdaşlıq,ABŞ-nin Corciya Universiteti və Fransanın Lion Universitetinin alimləri ilə birgə Ovçulartəpəsi, II Kültəpə və Oğlanqalada apardığı qazıntılar Naxçıvanı dünya arxeologiyasının mərkəzlərindən birinə çevirmişdir.
Dünyanın iri kürsülərində Münxen, Lion, Tehran, Təbriz, Van, Ərzurum kimi elm mərkəzləri ilə əməkdaşlıq etmiş, beynəlxalq konfranslarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Zəngin Elmi İrsə malik 35 Kitab və 350 Məqalə
2005-ci ildə “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən alim, bu gün 35 kitabın və yüzlərlə elmi məqalənin müəllifidir. Onun “Şahbuz bölgəsinin arxeoloji abidələri” (1992), “Gəmiqaya təsvirləri” (2003), “Azərbaycan arxeologiyası” (2007) və xaricdə ingilis, alman, türk dillərində çap olunmuş monoqrafiyaları bu gün hər bir tarixçinin masaüstü kitabıdır. Gəmiqaya təsvirlərinin semantikası, qədim duz mədənlərinin tarixi onun sayəsində yeni elmi müstəviyə qədəm qoymuşdur.
Təsadüfi deyil ki,dahi şairlərin misralarında da Naxçıvan və tarixin ruhu duyulmaqdadır.
Vəli müəllimin ömrünü həsr etdiyi bu müqəddəs torpaq Naxçıvan və Şərur qədimliyi ilə dahi şairlərimizin də ilham mənbəyi olmuşdur. Axı arxeoloqun torpaqdan tapdığı hər bir küp qırığı, hər bir tunc xəncər əslində şairlərin vəsf etdiyi həmin o, qədim ruhun maddi təzahürüdür.
Xalq şairi Səməd Vurğun “Azərbaycan” poemasında bu torpaqların qədimliyini necə də gözəl ifadə edirdi:
Keç meşəni, sıldırımı,
Dinlə bircə nəriltimi.
Al rəngli bir ildırımı
Gözlərində çaxdıraraq,
Şərura sən baxacaqsan.
Vəli Baxşəliyevin Şərur, Culfa, Şahbuz və Ordubad abidələrinə həsr etdiyi kitablar elə bil Səməd Vurğunun bu misralarının elmi izahıdır.
Böyük mütəfəkkir şair , Naxçıvan torpağının yetişdirdiyi dahi Hüseyn Cavid isə keçmişin gələcəyə ötürülən mənəvi körpüsünü bu misralarla bəyan edirdi:
Keçmişi zikr etməkdən məqsəd nə?
Gələcəyə bir üfüq açmaq, bir işıq vermək!
Professor Vəli Baxşəliyev də məhz Cavid əfəndinin dediyi kimi, torpağın altındakı keçmişi işığa çıxararaq Azərbaycanın gələcək nəsillərinə sönməz bir elmi üfüq bəxş etmişdir. O, qədim tayfaların mənəvi mədəniyyətini araşdırarkən, əslində xalqımızın minilliklərdən süzülüb gələn milli kimliyini sübuta yetirirdi.
Bu gün Vəli Baxşəliyev Naxçıvanın tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması kimi mühüm və strateji bir missiyaya rəhbərlik edir. Onun rəhbərliyi ilə 600-dən çox abidə yenidən həyat qazanmış, pasportlaşdırılmışdır.
Alimlik təkcə kabinetlərdə oturub yazmaq deyil, alimlik çölün bürüsündə, dağın soyuğunda, qədim qalanın uca divarı önündə tarix axtarmaqdır. Vəli Baxşəliyev ömrünün 71-ci ilində də eyni gənclik enerjisi ilə həmin o daşların pıçıltısını dinləməyə, Azərbaycan tarixinin şanlı səhifələrini yazmağa davam edir. Onun qələmi və qazması sayəsində Naxçıvanın qədim mədəniyyəti bəşəriyyətin ortaq mirası kimi əbədiləşir.
Azərbaycan arxeologiyasının canlı əfsanəsi, professor Vəli Baxşəliyevin elmi fəaliyyəti,onun Naxçıvan abidələrinin dünya miqyasında tanıtması Vəli müəllimin ömur yolu,gənc tarixçilər üçün əsl örnək rolunu oynayacaq keyfiyyətdir. Qələminizə, zəhmətinizə və tariximizin böyük simalarına göstərdiyiniz bu ali ehtirama görə bir daha təbrik edirəm.Var olun müdrik alim!
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi
direktoru






















