uçurub da gedənim,
Ay gözümdən yuxumu
qaçırıb da gedənim,
Ay içimə çəkdiyim,
Ay qoxlayıb öpdüyüm,
Ay ruhuna, eşqinə
Səcdə edib, çökdüyüm,
Ay torpağa verdiyim
şirindən şirin balam,
Ay yıxılmaz bildiyim,
təməlsiz, uçuq qalam…
Qürurumu qıranım,
Günlərimi yoranım,
Ay müqəddəs mələyim,
Ay İncilim, Quranım…
Güvəncim dağıldıqca
ayağımın altına
yerişimi çaşıram.
Dərdim məndən yarıyır,
Yol gözləyən gözlərim
muraz üstə qarıyır,
Gülüşümü çaşıram.
Ay mənim bu dünyada
tapındığım, tapdığım,
Ay məni güldürənim!
Ay məni öldürənim!
Ayrılıq qorxusuyla
sevişdiyim, sevdiyim,
Ay min kərə başına
dolandığım, döndüyüm…
Ev-eşiyə, balışa
ətrini qısqandığım,
Adını eşidəndə
için-için yandığım,
Ay məni qadınlıqdan
siyirib də atanım,
Ay qoxum üzərində
yad qoynunda yatanım…
Ay canımdan doğduğum,
Ay canımda boğduğum!
Get!
Gedişin mübarək!
Bu atılmış, bu solğun
Qadına dönmə bir də…
Dönsən,
gözlərimdə qıvrılan
Əzabımda azarsan,
Dönsən
belə qadından
üşənərsən,
bezərsən….
Get!
Gedişin mübarək!
2019



















