Tale elə gətirib ki, xeyli alimlə dost ola bilmişəm. Aralarında elmin müxtəlif sahələri üzrə elmlər doktorları, professorlar da var.
Bəzilərilə gec-gec görüşsəm də, elələri də var ki, tez-tez görüşür, süfrə arxasında fikir mübadiləsi aparırıq. Belə dostlarımdan biri də tibb elmləri doktoru Vəli Əsmətovdur. İyunun 2-si Vəli dostumun növbəti ad günüdür, 63 yaşı tamam olur. İstəyirəm ki, onu tanıdığım kimi sizə də təqdim edim. Amma söhbətimə daşıdığı addan başlamaq istəyirəm. Vəli adı ərəb mənşəli olub, əsasən qəyyum, himayəçi və ya dost, yaxın yoldaş deməkdir. İslamda isə bu kəlmə xüsusi ilahi lütfə nail olmuş, təqvalı şəxslərə verilən addır. Təxminən Allahın dostu, övliya kimi…
Vəli Əsmətovun dünyaya gəlişi həftənin şənbə gününə təsadüf edir. Odur ki, Saturn planeti tərəfindən idarə olunur. Məsuliyyətli, intizamlı, çalışqan və səbirli xarakteri var. Həyatda nəyə nail olubsa öz zəhməti, əzimkarlığı hesabına nail olub. Cəsarətli adamdır. Çətinliklərdən qorxmur və öhdəliyinə düşənləri sona qədər yerinə yetirir. Necə deyərlər, yüz ölçüb bir biçməyi xoşlayır. Elə ona görə də səhvə yol vermir. Emosiyadan daha çox məntiqə üstünlük verir. O cümlədən çətin anlarda dostlarına arxa duran, etibarlı insandır…
Adətən intellektuallığı ilə seçilir. Mədəni davranışı ilə ətrafdakı insanlara qısa zamanda təsir edə bilir. Yaxınlarına, tanışlarına qarşı çox həssas və yardımsevərdir. Daim nəyisə araşdırmaq və öyrənmək istəyi onun zəkasını və enerjisini həmişə canlı saxlayır. Bəli, Vəli dostum darıxdırıcı insanlardan deyil. Elə professor tanıyıram ki, xalqın əksinə gedən, xalqa nifrət püsgürən adamlara trolluq etməkdən zövq alır. Və özünü dünyanın ən dürüst, ən ağıllı insanı kimi qələmə verməyə çalışır. Vəli Əsmətov isə öz sözü, öz mövqeyi olan professor dostlarımdandır…
Onun öz xarizması var. Adətən mehriban, ağıllı və gözəl nitqi ilə diqqəti özünə çəkməyi bacarır. Elə ağıllı olduğu üçün də bir çox insanın çıxa bilmədiyi problemlərin qarşısında qısa müddətdə uğur əldə etməyin yolunu asanlıqla tapa bilir. Bu da onun müsbət xüsusiyyətlərindən biri kimi özünü biruzə verir. Sabit xarakteri və iti düşüncəsi ilə baş verən hadisələri “süzgəncindən” keçirməyi bacarır. Onun diqqətini nadanlar çəkə bilməz, o, yalnız müsbət xüsusiyyətlərə malik enerjili insanlara üstünlük verir. Onun üçün pul qazanmaq əsas məqsəd olmasa da, rahat və lüks bir həyat yaşamağı, sevdiklərinin istəklərini həyata keçirməyi çox xoşlayır. Bir sözlə, professor Vəli Əsmətov özündən müştəbeh, guya elmdə böyük yeniliklər etmiş, trol professorlardan çox fərqlidir. Təəssübkeş, xeyirxah, xülasə, kişi adamdır. Heç vaxt fürsətkeş olmayıb, öz maraqlarını hər şeydən üstün tutmayıb…
Bəli, iyunun 2-si dostum, qardaşım, professor Vəli Əsmətovun 63 yaşı tamam olur. Mələklərin numerologiya sistemində 63 rəqəmi tarazlıq, yaradıcılıq və ilahi rəhbərliyin simvoludur. Bu rəqəm maddi ehtiyaclar ilə mənəvi inkişafın balanslaşdırılmasını ifadə edir və tez-tez həyatda yeni fürsətlərin yaranacağına dair müsbət bir mesaj kimi qəbul olunur. Burada 6 rəqəmi məsuliyyət, ailə, harmoniya və ev rahatlığı deməkdir. 3 rəqəmi isə yaradıcılıq, ünsiyyət, özünüifadə və ilham rəmzidir. 6 + 3-ün cəmi 9 etdiyi üçün, numerologiyada 9 rəqəmi mənəvi oyanışın işarəsidir. Bu yaşda insan narahatlıqları kənara qoyub, öz intuisiyana güvənə bilər. Bir də 63 yaş sahibinin kainat tərəfindən dəstəkləndiyini xatırladır və həyatın axınına inanmağın lazım olduğunu vurğulayır…
Lap unutmuşdum, 63 rəqəmi həm də Azərbaycanda Zərdab rayonu üzrə avtomobillərin dövlət qeydiyyat nömrəsidir. Eyni zamanda kompüter dünyasında- ASCII cədvəlində bu rəqəm sual işarəsinin qarşılığıdır. Hə, bir də onu deyim ki, Mendeleyev cədvəlində 63-cü element Samarium (Sm)-dur. O, lantanoidlər qrupuna daxil olan gümüşü-ağ rəngli radioaktiv olmayan metaldır…
Vəli müəllimi 63 yaşı münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram. Yaşa, dostum!
Hörmətlə, Elman Eldaroğlu




















