Tanınmış şair-publisist, əməkdar jurnalist Elman Gədiklinin “Hər şey şəkildir…” adlı yeni şeirlər kitabı nəşr olunub. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı poetik nümunələr toplanıb və oxuculara təqdim edilib.

Elman Gədikli (Şirbağırov Elman Tomar oğlu) 1955-ci ildə Yardımlı rayonunun Alar kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Televiziyasında başlayaraq hərbi-vətənpərvərlik mövzusunda “Hünər”, “Hünərin poçtu”, “Qəhrəmanlıq” proqramlarının ssenarilərini hazırlayıb.
1990-cı ildən “Azərbaycan” qəzetində fəaliyyət göstərən jurnalist 1992–1995-ci illərdə həmin qəzetdə baş redaktor müavini vəzifəsində çalışıb. Sonrakı illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Xəbərlər” proqramının Baş redaksiyasında müxtəlif məsul vəzifələrdə – baş redaktor müavini, baş redaktor əvəzi, “Xəzər” redaksiyasının baş redaktoru kimi fəaliyyətini davam etdirib.
2006–2017-ci illərdə “Space” Müstəqil Teleradio MMC-də Xəbərlər Departamentinin rəhbəri olub. 2017-ci ildə isə “Lider TV və Radio-Azərbaycan” MMC-də Xəbərlər Departamentinin rəis müavini vəzifəsində çalışıb.
Yeni nəşr olunan “Hər şey şəkildir…” kitabı müəllifin yaradıcılığında növbəti mühüm mərhələ kimi dəyərləndirilir.
Müstəqil.az






















