Bu gün onun günüdür. Şeirləri ilə ədəbiyyatımıza, doğuluşu ilə dünyamıza, varlığı ilə, sədaqəti ilə dost olaraq sıramıza gözəllik qatan İbrahim İlyaslının ömrünün növbəti yaz fəslidir. daima bahar fəsli yaşatsın. Müstəqil.Az olaraq ünlü şairimizi həm doğum günü, həm də bu günə təsadüf edən YEL çərşənbəsi münasibəti ilə təbrik edirik, tanınmış qələm adamı Əfşan Yusifqızının sosial şəbəkədə paylaşdığı özəl təbriki təqdim edirik:
Adam adamın yadına
Birdən necə düşə bilər,
Birdən günün günortası,
Birdən gecə düşə bilər…
Sonra da belə deyir:
Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?
– Yox, ay şairlərin əfəndisi, bizim məhlədə əsl Yaz havası var. Amma mənim əhvalıma uyğun olan bu şeir parçasıdı:
Haray qədər pıçıltım,
Duyulmayanda neynim?
Bu bir ayrı əzabdır,
Sayılmayanda neynim?!
Nə gözlərim yol çəkə,
Dönüb yola baxmaz ki…
Gah sağdayam, gah solda,
Sağa, sola baxmaz ki…
Üzülürəm, üzüntüm,
Eyninə olmaz sənin.
Qəmdən bir don bişmişəm,
Əyninə olmaz sənin.

Və qeybdən bir səs deyir ki, “qəm çəkmə, ya qövmüm. Hz. İbrahimə elə bir vəhy vermişəm ki, hər misrasında bir “mən” var. Oxu, könlün xoş olsun”
Və oxuyurkən nəinki könül xoş olur, ruh da pərvazlanır. Deyir ki;
-Sən gözəl olmaya bilməzsən, xanım,
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,
Bir ildi ovcumdan gül ətri gəlir.
O mənəm – adına düşkün, havalı,
Qıyğacı baxışın dindirər lalı.
Sənin həsrətinə urcah olalı
Gözlərimdən Maralgöl ətri gəlir.
Xəyalımda əsmər bənizin durur,
Unutmam çalına İsrafil suru.
Bu qara sevdadan, gözümün nuru,
İbrahim qoxuyan kül ətri gəlir.
Mən də deyirəm ki, ay böyük şair, İbrahim kəlamlarından da Yunis İmrə ətri gəlir, sanki min illərin eşq müqəddəsliyi var…
Və, bu gün günlərin ən gözəli, ən xoşbəxtidir, çünki bir əfəndinin, bir babanın, bir şairin günüdür, bu bəxtəvər gün:
Bu axşam sevgi qoxuyur
Sumqayıtda hər künc-bucaq.
Yağış, külək və yarpaqlar,
Avtobuslar, dayanacaq…
Sayğılarımla:
Əfşan Yusifqızı




















