Əlfi Qasımov sovet dövründə yazıb yaradan ünlü yazıçılardan biri olub. O dövrün qələm adamları haqqında bu gün müxtəlif şayələr dolaşsa da, o, tək-tək yazıçılardandır ki, nə yaradıcılığı, nə də ki, həyat tərzi heç vaxt qınağa tuş gəlməyib.
Kişi kimi yazıb yaradıb, kişi kimi də yaşayaraq ömrünü başa vurub. Elə də böyük ailəsi olmayıb, özündən sonra üç övladı yadigar qalıb- İlqar, Vüqar və Gülnar. Böyük oğlu İlqar Əlfioğlunu ölkədə hamı tanıyır. Ortancıl oğlu Vüqar isə cavan yaşlarında vəfat edib. Bu dəfəki söhbətimin qəhrəmanı, yazıçı Əlfi Qasımovun musiqişünas alim, bəstəkar qızı- Gülnar Əlfiqızı-Verdiyevadır…
Gülnar xanım 1959-cu ilin oktyabr ayının 8-də Bakıda dünyaya gəlib. Musiqiyə olan həvəsini görən valideynləri onu Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə veriblər. Bununla da onun gələcək taleyi müəyyənləşib. 1978-ci ildə o, burada orta ixtisas təhsilini başa vuraraq, təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə şöbəsinə təqdim edib. 1983-cü ildə oranı bitirdikdən sonra əvvəlcə Azərbaycan Pedaqoji İnstitutunun musiqi fakültəsində, sonra Bakı Xoreoqrafiya məktəbində, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışıb. Hazırda həmin universitetin dosentidir. “Azərbaycan muğamları və özbək şaşmakomunun müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Ailəlidir, iki övladı var…
Deyir ki:- “Atam Əlfi Qasımov ömrüm boyu mənim qürur mənbəyim olub. Belə bir şəxsiyyətin övladı olmaq, onun adına xələl gətirmədən yaşamağın məsuliyyətini hər zaman öz üzərimdə hiss etmişəm. Həmişə çalışmışam ki, onun adına layiq övlad olum, öz uğurlarımla onun ruhunu şad edim…”
Musiqi bəstələməyə çox kiçik yaşlarından başlayıb. 8 yaşında olarkən “Şən rəqs” adlı ilk musiqisini ərsəyə gətirib. Elə o vaxtdan da onda bu sahəyə xüsusi maraq yaranıb…
“Uşaqlığım “Yazıçılar binası” adlandırılan bir evdə keçib. O vaxt piano ziyalılıq nümunəsi sayıldığından bir çox yazıçı və şairlərin evində olduğu kimi, bizim evdə də var idi. Və bu musiqi aləti məni həmişə özünə çəkib, heç vaxt cazibəsindən yayına bilməmişəm. Duyğulu vaxtlarımda məni sakitləşdirən, ilhama gətirən yeganə vasitə də pianodur. Doğrudur, erkən yaşlarımdan mahnılar yazırdım, amma onları üzə çıxarmağa tələsmirdim. 44 günlük Vətən müharibəsi dövründə fəallığım artdı. Və bır sıra məlum mahnıları bəstələdim…”- söyləyir.
Bu gün onun yazdığı mahnıları tanınmış sənətkarlar ifa edirlər. Onlardan Ehtiram Hüseynovun, Anar Şuşalının, İlqar Muradovun, Brilyant Dadaşovanın, Gülyanaq Məmmədovanın, Kamilə Nəbiyevanın və s. adlarını çəkmək olar. Müğənni Kamilə Nəbiyevanın ifa etdiyi “Şəhidlər balladası” və Anar Şuşalının ifa etdiyi “Əsgər marşı” isə mahnı müsabiqəsində 1-ci yeri qazanıb, müxtəlif vaxtlarda pul mükafatı, qiymətli saat və diplomla təltif olunub…
Deyir ki:- “Etiraf edirəm, mənim çatışmayan əsas cəhətim, iddiasız olmağımdır. Heç vaxt bəstəkar kimi papulyarlığa can atmamışam. Özümü daha çox müəllim kimi sevdirməyə çalışmışam, buna da nail olmuşam. İstəmişəm ki, tələbələrim savadlı istedadlı olsunlar. Amma musiqi yazmağına həmişə yazırdım. Doğrusu, onlar ev şəraitində qalırdılar, fəqət üzə çıxarmağa tələsmirdim… ”
Çox intellektual xanımdır. Ən diqqətçəkən xüsusiyyəti isə mehriban və realist olmasıdır. Asanlıqla şəraitə uyğunlaşa bilən bir təbiəti var. Həmişə ədalətli olmağa çalışır. Xasiyyətcə ahəngdar olsa da, daxilində tarazlıq yaratmağı bacarır. Bədii fəaliyyətdən zövq alır və yüksək mədəni səviyyəyə yetişə bilib. Olduqca optimistdir. Hər zaman hadisələrə müsbət tərəfindən baxmağa üstünlük verir, yəni pis hadisələrdə belə yaxşı tərəfləri görmək qabiliyyəti var. Həssas xarakteri sayəsində haqsızlığa tez reaksiya verir, amma olduqca şəfqətli insandır. Özünü xoşbəxt insanlardan biri hesab edir…
“Bəli, bir ana kimi, bir həyat yoldaşı, bir müəllim kimi də çox xoşbəxtəm. Gənclərə üzümü tutub demək istəyirəm ki, heç vaxt heç nəyə gecikməsinlər, hər şeyi vaxtında, tələsmədən həyata keçirsinlər. Yazıb yaradırlarsa, onu da vaxtında üzə çıxarmağı bacarmalıdırlar…”- söyləyir.
…Çox istiqanlı və mehriban xanımdır. Təkəbbürdən, qısqanclıdan uzaq- səmimi və sadədir. Ünsiyyət qurmağı bacardığı üçün, işlədiyi kollektivdə böyük hörmət qazanıb. İstənilən mövzuda fikir yürüdə bilir və həm də əla dinləyicidir. Həmsöhbətinə diqqətlə qulaq asmağı xoşlayır. Bildiklərini isə, həvəslə öyrətməyə çalışır. Estetik qavrayışa böyük əhəmiyyət verir. Müsbət tərəflərindən biri də xeyirxah, yardımçı olmasıdır, insanlara kömək etməkdən zövq alır. Çox dinc təbiəti var, mübahisə və iğtişaşları xoşlamır. Mənasız və ya kobud insanlardan instinktiv olaraq uzaqlaşmağa üstünlük verir. Özünü azad hiss etməyi və müstəqil fikir yürütməyi xoşlayır. Enerjili və dinamikdir, ona görə də, hamı onu maraqlı və məzmunlu bir insan kimi tanıyır…
Sabah- martın 8-i Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə Gülnar xanımı təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu



















