İndi bir yazı yazacam…Bu yazım, sadəcə bir mətn deyil, martın soyuq küləyi ilə baharın ilıq nəfəsi arasında qalmış, ağrıyla ümidin vəhdətindən doğan bir ruh süzgəcidir. İnsanın içinə həm bayramın şəkərbura, paxlava qoxusu dolur, həm də itkilərin sızıltısı çökür.
Mart ayı uşaqlığımdan bu yana həyatımda dərin iz buraxan ay olub. Sevinciylə, şadlığıyla, xürrəmliyi ilə…
Mart ayı bayramlar ayıdır axı: 8 Mart Qadınlar bayramı; 4 ünsürün bütövlüyündən doğan çərşənbə (Su, Torpaq, Od, Yel) bayramları, İlaxır çərşənbəsi, çatılan ocaqlar; Novruz bayramı: onun gətirdiyi Yeni gün… Cücərən səmənilər, boyanan yumurtalar, şəkərbura, paxlava qoxusu, aşqaralı plov, qaladığımız və üstündən tullanıb ağırlığımızı tökdüyümüz tonqallar və daha nələr, nələr…
7 mart

7 mart isə Azərbaycan xalqı üçün həyatının hər anında bir yaddaş, iz, xatirə buraxan əziz bacım Ganire Pashayeva nın doğum günüdür. Onu sayğıyla, sevgiylə yad etməyin günüdür bu gün. O, hər kəsin bacısı, anası, qızı, övladı, ablası olmağı bacarırdı. Bu missiyaların hamısını birdən öhdəsinə almağı bacarırdı… Azərbaycan xalqının “Yetiş bacım”ı idi Qənirə xanım. Deyirlər yaaa, əvəzedilməz insan yoxdur, Qənirənin timsalında var… Qənirə olmaq hər igidin işi deyil. Ruhu şad olsun, sevgiylə, sayğıyla, hörmətlə yad edirəm Qənirəmi… Qənirə Paşayeva sadəcə bir millət vəkili və ya ictimai xadim deyildi, müasir Azərbaycan tarixində “sosial fədakarlıq fenomenologiyasını” öz həyat tərzi ilə formalaşdıran nadir şəxsiyyətlərdən biri idi. Onun fəaliyyəti, milli identifikasiyanın qorunması və türk dünyasının mədəni inteqrasiyası istiqamətində apardığı ardıcıl mübarizə, intellektual irsimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Rəsmiyyətə keçib bunları da qeyd etmək hissi duydum…
İndi mən bu Mart ayını necə sevməyim, siz deyin…
Martım mənim, MART ayım mənim… Səni necə əzizləməyim, necə bağrıma basmayım?
Mart ayı 1999-cu ildən nisgiliylə dəyişib anlamını yaddaşımda… 23 Mart 1999-da anamı 58 yaşında itirdim… anasız
qaldığım gündən 27 il keçir… 8 Mart həm qadınlar günü idi, həm də onun doğum günü. Uşaq idik, Onu təbrik üçün, sevindirmək üçün əlimizdən gələni etməyə çalışırdıq. Təki anamız, şagirdlərinin həm anası, həm də müəlliməsi Ağgül müəllimə mutlu olsun…
8 Mart anamın günü idi…
2017-ci ilin martına gedək indi də. Yenə… yenə martın 23-də bir mart zərbəsi aldım… Bətnində ekiz qız bəbəyi 35 yaşında xalaqızım Yeganə mi itirdim. Gəncəcik Yeganəmi. Şəhid bacım, yeri cənnət bacım…
Bir il sonra 2018-ci ilin martın 2-də də atam dünyaya gözlərini yumdu. Qəlbində bizdən nigarançılıq, ürəyində anama sevgisi… “Bu ilin martında da sən getdin, ata! Axund dedi ki, cümə günü ölənlər sorğu-sual olunmaz. Mənimsə bir sualım var: anamı gördünmü?” deyə misralara tökdüm martı…Mart ayımı…
Doğumlar və ölümlər ayım…
İndi yaddaşımın dərinliklərində mart ayına qarşı hiss etdiyim o qəribə “sevmək və qorxmaq” hissini tam duya bildinizmi?
Bəlkə də Mart elə budur: Bir tərəfdə torpağın altındakı sükut, digər tərəfdə səməninin yaşıl qiyamı. Bir tərəfdə gedənlərin boşluğu, digər tərəfdə gələnlərin işığı…
Ocağınız gur yansın, işığınız sönməsin!
Əziz Qadınlar, 8 Martınız bütün illərdə qutlu gəlsin, mübarək olsun!



















