Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin müsahibi Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlıdır. Müsahibədə VHP sədri ilə İran hadisələrindən danışmışılıb.
Müstəqil.Az müsahibəni təqdim edir:
– Sabir bəy, bu hadisələrdən sonra İranda şəriət sistemini saxlamaq mümkün olacaqmı?
– İranda Xameneiyə yaxın olanların çoxu onunla bir yerdə həlak olub. Eyni zamanda, həm orduda, həm təhlükəsizlik sistemində yüksək rütbəli şəxslər öldürülüb. Xamenei sağlığında vəzifə bölgüsü aparmışdı, əsas səlahiyyətləri Əli Laricaniyə vermişdi. İranda prezidentin statusu dini liderdən aşağıdır və səlahiyyətləri azdır. Ona görə də hazırda əsas güc ordunun əlindədir. İndi İran guya müdafiə olunmaq istəyir, amma qonşu ölkələrə raket atır. Bunun da nə qədər davam edəcəyini söyləmək çətindir. Məncə, İranda xalqın iradəsinə söykənən demokratik qüvvələrin hakimiyyətə gələcəyi real görünmür. Şahın varisinin isə İrana qayıdışı onqat pisdir. Xüsusən də Azərbaycan türkləri onu qətiyyən istəmirlər. Bundan əlavə, “Xalq mücahidləri” var, hakimiyyətə gəlmək iddiasını ortaya qoyublar. Məryəm Rəcəvi onlara rəhbərlik edir. Onların Parisdə konfrasında bir dəfə iştirak etmişəm. Onlar da güclü müxalifətdir, amma xaricdə fəaliyyət göstərirlər, İranda dayaqlarının nə qədər olduğunu bilmirəm. Azərbaycanlıların isə daxildə konkret güclü təşkilatı yoxdur ki, ortaya iddia qoysunlar. Digər tərəfdən, hazırda Amerika ilə nə kimi danışıqların getdiyini dərindən bilmirik. Yəqin ki, İranda keçid dövrü olacaq və bu sistem bir müddət davam edəcək. Amma uzun müddət yaşaya bilməz.
– Sistemin birdən dağılmaması amerikalıların yanlış hesablamasıdırmı? Çünki xalq Trampın çağırışına qoşulub rejimə üsyan etmədi, hətta Xameneinin ölümünə xeyli göz yaşı tökənlər var…
– Birləşmiş Ştatlar, onun müttəfiqləri və İsrail özü də deyirdi ki, İrana kənardan müdaxilə xalqı rejimlə birləşdirir. Orada din adı altında fars şovinizmi var. Amma ölkənin ümumi taleyi təhlükə altına düşəndə bütün vətəndaşlar rejim ətrafında birləşirlər. Ona görə də İran arzuolunan ssenarini həmişə pozur. İndi də belə oldu. Axı bu doğru yanaşma deyil. İstər diktatura, istər totalitar rejim olsun, sən kənardan gəlib onun öldürəndə, evinə hücum edəndə, üstəlik, Ramazan ayında bu hücumu həyata keçirəndə insanlarda mərhəmət duyğusunu oyadır. Bax, İranda belə bir proses gedir. Eyni zamanda, Qərbin açıq hədələri var ki, bütün müsəlman ölkələri bunu yaşayacaq, İsrail daha da genişlənəcək… Bu da təbii ki, xoş qarşılanmır, xalqda qıcıq yaradır. Çünki nə qədər öz hakimiyyətlərindən narazı olsalar da, bu düzgün siyasət deyil. Mən ABŞ Konqresində görüşlər olanda demişdim ki, sizin Orta Şərq projesi xalqın torpağını başqasına vermək niyyəti daşıyır. Bu da qəbul edilmir. Eyni zamanda, Suriya, İraq, Əfqanıstan siyasətiniz ABŞ-yə olan inamı azaldır. Bu da İran nümunəsində özünü göstərir.
– Bu arada, Həmid Herisçi hadisələrdən əvvəl Təbrizdədir, AYB-də Güney Azərbaycan ədəbiyyatı komissiyasında sizin müavindir. Onunla danışa bilmisinizmi?
– Həmid Herisçi Cənubi Azərbaycan ədəbiyyat komissiyasında müavindir. Yəni məndən qabaq müavin idi. Bilirsiniz ki, Həmid bəy təbrizlidir, ata-baba yurdu üşün darıxırdı. Həm də orada ədəbiyyat mühiti ilə yaxından tanış olmaq istəyirdi. O niyyətlə getmişdi, həm də şəxsi istəyi idi. Deyirdi ki, öz nəslimizdən olan yazıçılarla görüşəcək. Amma hazırda qayıtması mümkün deyil. Bir-iki gün əvvəl yazışmışdıq.
Emil Salamoğlu
Musavat.com





















