Onda Peyğəmbərdən nişanə var…

Onda Peyğəmbərdən nişanə var…

Müqəddəs Qurani Kərimin əl-Əhzab surəsinin 21-ci ayəsində deyilir: “Həqiqətən, Allahın Rəsulu Allaha və axirət gününə ümid bəsləyib, Allahı çox zikr edən sizlər üçün gözəl bir örnəkdir.”

Çox insanların haqqında söhbətlərim olub, çox adamları anladığım qədər təqdim etməyə çalışmışam, fəqət birinci şəxsdir ki, onun barəsində söhbətimə: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”- söyləyən həzrət Məhəmmədin həyatından nümunələrlə başlamaq istəyirəm. Çünki həzrət Peyğəmbər ana bətnində olarkən atasını, altı yaşında ikən anasını itirmişdi və iki il babasının yanında yaşayandan sonra, əmisi Əbu Talibin himayəsində böyümüşdü. Yetimliyin nə olduğunu yaxşı bilirdi və nahaq yerə yetimləri dünyanın ən zərif adamları hesab etmirdi. O yaxşı bilirdi ki, yetim uşaqlar böyüdükdə kövrək və anlayışlı insanlara çevrilirlər. Bəli, bu dəfə sizə erkən yaşlarından ata-anasını itirən, min bir əziyyətə qatlaşaraq böyüyüb ərsəyə çatan kövrək qəlbli bir insan haqqında söhbət açmaq istəyirəm…
…Xeyirxah, qayğıkeş, səbirli və etibarlı adamdır. Humanist və istiqanlıdır. Mənəviyyatı çox güclüdür. Çalışqan və soyuqqanlıdır. Riyazi zəkası var. Təbii olan hər şeyin həm estetik görünüşünü və həm də gözəlliyini dəyərləndirə bilir. Çətinliklər qarşısında əyilmir, səbir və təmkini sayəsində məğrurluğunu qoruyub saxlamağı bacarır. Yavaş, lakin əminliklə irəliləməyə üstünlük verir. Risk etməyi xoşlamır. İradəli və inadkardır…
O, 1963-cü ilin may ayının 1-də Ordubad rayonunun Biləv kəndində dünyaya gəlib. Orta təhsilə internat məktəbdə yiyələnib. Ailədə 6 bacı, 4 qardaş olublar. Daha sonra indiki Bakı Slavyan Universitetini bitirib. 1991-ci ildən 2006-cı ilə qədər Milli Təhlükəsizlik orqanlarında əməliyyat müvəkkilindən idarə rəisinədək vəzifələrdə çalışıb. Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildə Azərbaycan dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və istintaq tədbirlərinin həyata keçirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyi üçün “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 2019-cu ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. 22 iyul 2022-ci ildən Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır…
…Əslində, onunla həyatda heç zaman görüşməmişik. Sadəcə, onu “Masallı Xəbərləri” milli informasiya portalının baş redaktoru Rauf Cəbiyevin “Facebook” sosial şəbəkəsində paylaşdığı videosüjetlərdən izləyib tanımışam. Allah rizasına gördüyü işlərdən xəbərdaram. O, nəinki vəzifə borcunu vicdanla yerinə yetirir, hətta rəhbərlik etdiyi rayonun əhalisinə doğmaları kimi münasibət göstərir. Ehtiyacı olanlara əl tutur, problemlərinin həllində yaxından iştirak edir. Şəhid valideynlərinə, qazilərə xüsusi diqqət ayırır. Masallıdakı dostlar söyləyir ki, o, rayona rəhbərlik etdiyi vaxtdan RİH-də, o cümlədən bir sıra qrumlarda rüşvətin qarşısı alınıb…
Gözəl danışıq qabiliyyəti var. Yüksək mədəniyyəti, mehriban davranışı ilə hamının qəlbinə yol tapa bilir. Sadə və səmimidir. Ciddi, dözümlü, xoşməramlı insandır və mükəmməl seçim bacarığına malikdir. İnsanlara yaxşılıq etməkdən, diqqət göstərməkdən zövq alır…
Bəli, İslam peyğəmbəri körpəliyindən yetim böyüyüb. Bəlkə də, bu səbəbdən Uca Allah insanlıq üçün əbədi bir məşəl olan sevimli bəndəsi- Məhəmmədi (Ona salam olsun!) həyata ən aşağı nöqtədən başladaraq, ən yüksək səviyyəyədək qaldırıb. Xoşbəxt o kəslərdir ki, insanlığa nümunə olan həzrət Məhəmməd kimi, həyatın ən çətin anlarını və çətinliklər içərisində yaşayan insanları hiss etməyi bacarır. İslam alimlərindən biri deyirdi: “İnsanlar arasında ən ağır imtahana çəkilənlər Peyğəmbərlər olub. Sonra onlara bənzəyənlər, daha sonra isə onların yoluyla gedənlər bu sınağı yaşayıblar…” Belə insanlardan biri də, haqqında söhbət açdığım Araz Əhmədovdur. Allahın xoşbəxt bəndələrindən olan- Araz Əhmədov. Bəli, əgər o, xalqına, dövlətinə sidq ürəklə xidmət edirsə, deməli bunu Allah belə istəyib. Ona yol açıb, şərait yaradıb. Onda Peyğəmbərdən nişanə var. Bu isə hər adama nəsib olmur…
Hörmətlə, Elman Eldaroğlu
Share: