Akademik Cavadzadənin adı dövlət qərarıdır, texniki detal deyil

Akademik Cavadzadənin adı dövlət qərarıdır, texniki detal deyil

Respublika Kliniki Uroloji Xəstəxanası akademik Mirməmməd Cavadzadənin adını daşıyır. Bu ad həmin tibb müəssisəsinə təsadüfən verilməyib.

Çünki bu xəstəxana onun uzun illər ərzində apardığı elmi, təşkilati və praktiki fəaliyyətin nəticəsi, sözün həqiqi mənasında şah əsəridir. Azərbaycanda müasir uroloji xidmət sisteminin formalaşması, ixtisaslaşmış uroloji mərkəzin yaradılması və inkişafı birbaşa onun adı ilə bağlıdır.
Akademik Mirməmməd Cavadzadə həkimlik fəaliyyətinə böyük məsuliyyət və elmi maraqla başlamış, qısa müddətdə uroloji sahədə ixtisaslaşaraq elmi tədqiqatlara qoşulmuşdur. Namizədlik və doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, sonradan Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir. Onun fəaliyyəti yalnız klinik praktika ilə məhdudlaşmamış, o, bütöv bir elmi məktəbin əsasını qoymuşdur.
1966-cı ildə Bakıda ixtisaslaşmış uroloji mərkəzin — Respublika Kliniki Uroloji Xəstəxanasının yaradılması Azərbaycan səhiyyəsində dönüş nöqtəsi olmuşdur. Bu müəssisə akademikin təşəbbüsü, təşkilatçılıq bacarığı və prinsipial mövqeyi nəticəsində formalaşmışdır. O, xəstəxananın maddi-texniki bazasının qurulmasına, müasir əməliyyat metodlarının tətbiqinə, gənc mütəxəssislərin hazırlanmasına xüsusi önəm vermişdir. Qısa müddət ərzində bu klinika regionun aparıcı uroloji mərkəzlərindən birinə çevrilmişdir.


Akademik Cavadzadə Cənubi Qafqazda ilk böyrək köçürülməsi əməliyyatının həyata keçirilməsinə rəhbərlik etmiş, hemodializ və terminal böyrək çatışmazlığının müalicəsi sahəsində mühüm yeniliklər tətbiq etmişdir. Uşaq urologiyası, rekonstruktiv cərrahiyyə, nefrogen hipertoniya və digər istiqamətlərdə apardığı tədqiqatlar Azərbaycan tibb elmini beynəlxalq səviyyəyə çıxarmışdır. Onun rəhbərliyi altında yüzlərlə həkim yetişmiş, onlarla elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. 700-dən artıq elmi əsərin müəllifi olan alim Azərbaycan uroloji məktəbinin formalaşmasında həlledici rol oynamışdır.
O, uzun illər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etmiş, həkimlərin ixtisasartırma sistemini müasirləşdirmişdir. Dövlət tərəfindən “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. 7 avqust 2008-ci ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun elmi və mənəvi irsi bu gün də yaşayır.
2010-cu ildə ölkə Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə klinikaya akademik Mirməmməd Cavadzadənin adı rəsmi şəkildə verilmişdir. Bu qərar dövlət səviyyəsində onun xidmətlərinə verilən yüksək qiymətin ifadəsi olmuşdur.
Təəssüf doğuran haldır ki, son aylarda klinikanın bəzi rəsmi sənədlərində, xüsusilə laborator blanklarında akademikin adının qeyd olunmaması faktı müşahidə edilir. Dövlət sərəncamı ilə adı verilmiş bir tibb müəssisəsinin rəsmi atributlarında həmin adın göstərilməməsi indiki rəhbərliyin səhlənkarlığı və ya təşkilati məsuliyyətə yetərincə diqqət göstərilməməsi nəticəsində yaranmış vəziyyət kimi qiymətləndirilməlidir. Bu cür yanaşma Azərbaycan səhiyyəsinin tarixinə və elmi irsinə laqeyd münasibət təsiri bağışlayır.
Məsələnin mahiyyəti şəxsi qarşıdurma deyil. Söhbət dövlət qərarına hörmətin, tarixi ədalətin və elmi irsin qorunmasının təmin olunmasından gedir. Akademik Cavadzadə yalnız bir alim deyil, milli səhiyyə sisteminin qurucularından biri olmuşdur. Onun yaratdığı məktəb, qurduğu klinika və yetişdirdiyi kadrlar bu gün də Azərbaycan səhiyyəsinin dayaqlarındandır.
Bu baxımdan hesab edirik ki, aidiyyəti dövlət qurumları, xüsusilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB və digər əlaqədar qurumlar məsələni araşdırmalı, mövcud uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. Respublika Kliniki Uroloji Xəstəxanasının bütün rəsmi sənədlərində, blanklarında, internet resurslarında və ictimai təqdimat materiallarında akademik Mirməmməd Cavadzadənin adının tam və düzgün şəkildə göstərilməsi hüquqi və mənəvi məsuliyyətdir.
Tarixi həqiqətin və elmi irsin qorunması hər bir cəmiyyətin borcudur. Bu məsələ də məhz həmin məsuliyyət kontekstində qiymətləndirilməlidir.
Eyni zamanda bildiririk ki, məsələnin həlli istiqamətində atılacaq addımları diqqətlə izləyəcək və bu mövzunu daim ictimai nəzarətdə saxlayacağıq. Çünki söhbət bir adın deyil, milli səhiyyə tarixinin və elmi irsin qorunmasından gedir.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,

“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı

Share: