Lənkəranda bu ünvanı hamı tanıyır Həzi Aslanovun ev-muzeyi.İndi ziyarətgaha çevrilən generalın ev muzeyinə hər gün axın var.
Respublikanın hər yerindən gələn qonaqlar , dövlət qulluqçuları,incəsənət adamları , hərbiçilər , məktəblilər və xaricdən təhşrif buyuran turistlər,muzeyin zəngin ekspozisiyasına maraqla baxır, Volqadan Baltikədək uzun döyüş yolu keçən, dünya hərb tarixində ilk dəfə olaraq “cinahlardan zərbə “ taktikasını tətbiq etməklə əfsanəvi sərkərdəyə çevrilən general-mayor , iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun döyüş qəhrəmanlıqları ilə tanış olur, şəkillər çəkirlər.
Muzeyə gələnləri ilk olaraq İnnab ağacı qarşılayır.İndi yüzdən çox yaşı olan bu ağacı Həzi öz əlləri ilə əkib.İnnab ağacının gözləri hələ də yollara dikilib, burdan döyüşlərə yollanan gənc sahibini səbrsizliklə gözləyir.Artıq səbri daralıb, çünki Həzi əvəzinə Lənkərana onun abidəsi gəlib.
Muzeyə tələsən insan axınında böyük sərkərdənin öz nəvələri də vardır.Onlardan biri də polis generalı Həzi Arif oğlu Aslanovdur.O, həmişə adı dillər əzbəri olan , həyatı qəhrəmanlıq simvoluna çevrilən babası ilə qürur duyur..Əgər baba Həzi sağ olsaydı yəqin ki, nəvə Həzi onun boynuna sarılacaq , isti nəfəsini duyacaqdı.Onun keçdiyi şərəfli ömür yolunu onun öz dilindən eşidəcəkdir.Adətən baba yaşlı adama deyilir, lakin böyük general həyatı vaxtsız , cavan yaşında tərk etdi və nəvə sevincini də özü ilə apardı.Ondan yalnız miras olaraq nəvə Həziyə sərhəd tanımayan ad-san , şöhrət , misilsiz qəhrəmanlıq nümunəsi və bir də kövrək , qürur duyulası xatirələr qalıb.
Məlum olduğu kimi , böyük sərkərdənin ailəsində iki oğlan uşağı dünyaya göz açmışdı.Ailənin böyük oğul övladının adı Tofiq, kiçik oğul övladı isə Arif idi.Sonralar anaları generalın ömür –gün yoldaşı Xavər Talıbovanın dediyinə görə hər iki oğlunun adını Həzi özü qoyub.Baba da, nənə də əslən Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olublar.Həzinin atası Əhəd kərpic zavodunda işlədiyindən gediş-gəliş çətin olduğu üçün Lənkəran şəhərində indi muzeyə çevrilən evi tikdirir.Sonralar ailə Gərmətük kəndindən şəhərə köçüb.İllər sonra baba evi nəvə polis generalı Həzi Aslanovun maliyyə vəsaiti hesabına əsaslı təmir edilib və daha da genişləndirilib.
Ümumiyyətlə , Aslanovlar ailəsi 3 general-mayor yetişdirib.Ata-böyük hərbi sərkərdə Həzi Aslanovun oğlanlarından Tofiq Aslanov uzun müddət hüquq mühafizə orqanlarında çalışıb.Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə irəli çəkilib.Uzun illər səmərəli fəaliyətinə görə ona polis general-mayor rütbəsi verilib.Arif Aslanov isə Respublika Nəqliyyat naziri vəzifəsində dövlətə , xalqa sədaqətlə xidmət edib.Böyük generalın nəvəsi Arif Aslanovun oğlu Həzi isə ailənin üçüncü generalıdır.
Azərbaycan Yazzıçılar birliyinin üzvü, şair-publisist Xudaverdi Cavadın İki dəfə Sovet İttifaqı qəhrəmanı , tank qoşunları qvardiya general mayoru Həzi Əhəd oğlu Aslanovun əfsanəvi sərkərdəlik məharətinə həsr etdiyi “Generalla söhbət” poemasında üç generalla bağlı mühüm məqam yüksək poetik dillə ifadə olunub.Poemanın “ Ölümdən güclü Vətən sevgisi” adlı XI söhbətində oxuyuruq:
Sanma ki, qırıldı ömrün yarıda ,
Tofiq də, Arif də bir Həzi idi.
Böyük generalın bu doğma yurdda,
Ömrünün davamı , bir izi vardı.
Xalqına ucalıq gətirdi ata,
Ömrün zirvəsində bir qartal oldu.
Tofiq də qəhrəman gəldi həyata,
Xalqın xidmətində general oldu.
İndi nəvə gedir həyat yolunu,
Uşaqkən adına Həzi dedilər.
Nəslin davamı,xalq sevir onu.
Xislətdə babanın özü dedilər.
Qoruyur həmişə polis andını ,
Xalqa xidmət onun öz amalıdır.
Daşıyır şərəflə kök-soyadını,
Bir nəslin üçüncü generalıdır.
Həzi Arif oğlu Aslanov 17 sentyabr 1965-ci ildə Bakı şəhərində doğulub.Hələ orta məktəbdə oxuyarkən babası haqqında yazılan kitabları oxumuş və misilsiz qəhrəmanlıqlarla dolu keçdiyi həyat yolunu , döyüş fəaliyyətini mükəmməl öyrənmişdi.Hər gün babası barədə evdə söhbət gedəndə,balaca Həzi hər şeyi öyrənmək istəyirdi, ata-anasını çox sorğu-suala tuturdu.
Orta məktəbin 10-cu sinifdə oxuyanda, Atasına belə bir sualla müraciət etmişdi:
Ay ata –Axı necə olur ki, bütün müharəbələri udan , məğlubedilməz sərkərdə olan babam həyatını belə tez itirsin,
-Oğul deyə Arif Aslanovun gözləri dolaraq cavab verir.Babana düşmən gülləsi dəyməyib, arxadan namərdin, xainin , satqının gülləsi dəyib.Vaxt gələr , bu sirr açılar, onda hər şeyi bilərsən…
Bu, balaca Həzinin ürəyində hələ uşaqikən bir nisgilə çevrilsə də , eyni zamanda babası ilə fəxr edirdi.Çünki babası təkcə mənsub olduğu bir nəslin , soy-kökün deyil, çox qısa , lakin şan –şöhrətli ömrü ilə bütün Azərbaycan xalqının qəhrəman övladına çevrilmişdi. Hər dəfə onu görənlər deyərdilər: “ Bu , balaca Həzidir, böyük Həzinin nəvəsi”.
Təbii ki, babası, atası kimi o, da xalqına şərəflə, sədaqətlə xidmət etmək yolunu seçməli idi.Belə də oldu.Həzi Arif oğlu Aslanov orta məktəbi bitirəndən sonra iki il Sovet Silahlı Qüvvələrində xidmət edib.Ordudan tərxis olunan kimi sənədlərini Bakı Dövlət Universitetinin hüquq fakültəsinə təqdim etdi.Qəbul imtahanlarını müvəffəqiyyətlə verib ali məktəbin tələbəsi oldu.İllər sürətlə ötüb keçdi.Tələbəlik illəri arxada qaldı.1989-cu ildən Respublika Daxili İşlər orqanlarında xidmətə başlayıb.1993-2003-cü illərdə Bakı şəhər Yasamal rayonu Polis idarəsinin istintaq şöbəsinin rəisi, 2003 -2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin təşkilat-inspektor şöbəsinin rəisi olub.2005-ci ildən isə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli sərəncamı ilə polis orqanlarında səmərəli fəaliyyətinə görə “General-mayor” xüsusi polis rütbəsi verilib.
2019-cu ildə yenidən vəzifəsi dəyişdirilib.Həzi Aslanov bu dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunub. Bu vəzifədə də səmərəli fəaliyyəti ilə seçilib , təşkilatçılıq bacarığını bir daha ortaya qoyub.Babası kimi vətənə sədaqət andını içən General-mayor Həzi Aslanov ömür yolu elə sürətlə gəldi keçdi ki,təqaüd yaşının nə vaxt gəlib çatdığını heç özü də bilmədi.Beləliklə, yuxarıda qeyd etdiyimiz son məsul vəzifəsi ilə polis orqanlarındakı səmərəli fəaliyyətini dayandırdı.
Artıq 30 ildən çox polis fəaliyyəti arxada qaldı.Bu illər göstərdi ki, polis general-mayoru Həzi Arif oğlu Aslanov mənsub olduğu Aslanovlar nəslinin nəinki ləyaqətli davamçısı , həm də böyük nəslin şərəfinə, şan-şöhrətinə şöhrət qatan sədaqətli övladdır, etibarlı varisidir.Təbii ki, polis general-mayoru Həzi Aslanovun polis orqanlarındakı gələcək nəsillərə, polisə , yeni gələn gənclərə örnək olan xidməti heç də diqqətdən yayınmayıb.O, sədaqətlə ,şərəflə xidmət etdiyi vətənin yüksək mükafatlarına –“Azərbaycan Bayrağı” ordeninə və “Vətən Uğrunda “ medalına layiq görülüb.
İndi Həzi Aslanov tez-tez Cənubun mirvarisi sayılan , əsrarəngiz təbiətə malik Lənkərana gəlir.Çox vaxt burada hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə qatılır, öz ürək sözlərini tədbir iştirakçıları , xüsusilə gənclərlə bölüşür.Hər dəfə Lənkərana gələndə baba ocağına dəyməmiş , onu ziyarət etməmiş qayıtmır.
Bu gün Həzi Aslanovun ev muzeyinə böyük axın var.Uzaqdan , yaxından gələnlər böyük sərkərdənin həyatı və döyüş yolu barədə daha çox məlumat almağa tələsirlər. Bakının Dağüstü parkında,xalqın sevgisindən, məhəbbətindən xəbərsiz yatan general mayorun bu gün ruhu şaddır ki, böyük general mayorun, general mayor nəvəsi Həzi Aslanov onun nəslini təmsil edir.Onun varlığı bizə hər gün xatırladır ki, insanın sevgisi və əməlləri zamanın sərhədlərini aşaraq nəsildən-nəsilə ötürülür və həmişə tarixdə əbədi qalır.
Leyla Qadir qızı Məcidova
Tarix üzrə fəlsəfə doktoru
Lənkəran Dövlət Universitetinin dosenti
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru





















