Nurəddin ƏDİLOĞLUnun “NƏVƏTERAPİYA” hekayəsi..

Nurəddin ƏDİLOĞLUnun “NƏVƏTERAPİYA” hekayəsi..

Deyirlər ki, ən böyük ixtiralar ehtiyacdan yaranıb. Düzü, ömrümün çoxunu ehtiyac içində keçirsəm də, bu vaxta qədər nə bir ixtira etmişəm, nə də kəşf-filan. Ağlım kəsəndən görüb – duyub, dərk etmişdim ki, dədəm heç vaxt qapısına borca gələn adamları əliboş qaytarmazdı.

Rəhmətlik deyərdi ki, kişi gərək pulu canına çəpər eləsin, canını pula-paraya yox! İmkanlı olduğum vaxtlarda mən də pulla o cür davrandım. Kaş zamanın, vaxtın cilovu olaydı… Aradan illər axar su kimi ötüb keçdi, dünyada çox şeylər dəyişdi. Pul da zəmanə adamı olmayan mənim kimilərinin amansız rəftarından üz döndərdi…
*
Ötən çərşənbə axşamı elə oldu ki, xeyir bir işə görə dədəmin həmişə borc verdiyi kişilərdən birinin varlı-karlı övladının qapısına borc almağa getdim. O, dolayısıyla borc verməkdən imtina edib dədəmi bir xeyli təriflədikdən sonra dedi: – O vaxt uşaq idik, qağama hər dəfə borc pul verəndə elə bilərdim, sənin dədənin pulu-parası tükənməz, amma ötən parlament seçkilərində özüm xərcə-borca düşəndə bildim ki, çox yanılmışam… Vallah, fikirdən ürəyim ağrıyır, dalağım şişib, şəkər də mənə qənim kəsilib! Bu qədər borc-xərc üzündən xiffət çəkirəm, Müalicəyə getməyə belə, qəpik-quruşum qalmayıb… Canım da çıxır!


Bunu deyib, bayaqdan “xərc-borc” dediyini rəqəmlə dilə gətirəndə gözlərim az qala kəlləmə çıxdı. Fikirləşdim: “İlahi, bu adam iyirmi ildir ki, millət vəkilidir. Əgər hər beş ildən bir seçki “təşviqatına” məsrəf elədiyi pullara zavod-fabrik tikdirsəydi, qəsəbəmizdə bir nəfər də işsiz-gücsüz cavan qalmazdı.” Qanım bərk qaraldı… Pulu ağlından beşqat artıq olan “xəstə” biznesmen-vəkillə vidalaşıb, kor-peşman evə dönsəm də, qamətimi şax tutmuşdum. Şükür edirdim ki, canım salamatdır.Yəqin, kasıb üçun sağlamlıq özü də qiymətli sərvət, əvəzsiz sərmayədir. Bu düşüncələrin qoynunda divanda uzanıb televizora baxırdım. Reklam çarxlarında təkrar-təkrar verilən iki elan diqqətimi cəlb etdi. Birinci elan Ankara tibb mərkəzində jurnalistlərin pulsuz müayinə olunacaği barədəydi. O biri elanda isə Aşura günü məscidlərdə qanvermə aksiyasının keçiriləcəyi bildirilirdi. Açiğı, jurnalistlərin pulsuz müayinə olunması xəbərinə cox sevinsəm də, acı bağırsaq kimi uzanan tıxaclar ucbatından göstərilən ünvana getməyə tənbəllik edirdim. Bir də, mənim haram ağrıyır ki, müayinəyə də gedim? Ən yaxşısı, evimizin yaxınlığındakı məscidə gedib qan vermək idi. Bunun həm xeyriyyəçilik, həm də xilaskarlıq missiyası olduğunu düşünəndə lap cəsarətləndim. Nə isə, qərara aldım ki, sabah mütləq gedib məsciddə qan veriəcəyəm.
*
…Məscidin həyətində dayanan adamların uzun növbəsini görəndə ürəyim dağa döndü. Bu fədakar adamların cərgəsinə qatılıb növbəmi gözləyə-gözləyə bir az acılı-şirinlı, bir az da rəngli düşüncələrə daldım. Düşüncələrimdə qan çeşməsi kimi qara neft, qara neftdən gələn “göy” pullar, “göy” pulların da bir-birinin üstünə qat-qat çinlənib yığıldığı məmləkətin dürlü-dürlü kaşanə bankları gözümün önünə gəldi… Bizim qanımız da vardı, dünya bazarında günbəgün qiyməti artan neftimiz də! Neft pullarının yığıldığı banklarımız da günbəgün artırdı. Xəyalən həmin pulları dünyada yaşayan bütün soydaşlarımıza böldüm, və gördüm ki, yer üzündə bizdən varlı xalq yoxmuş…
Bu zaman növbədəki adamlardan biri dedi ki, bizim qanımızı “Mərkəzi Qan Bankı”na göndərəcəklər… “Qan Bankı” sözü mənim düşüncələrimi dəyişdi, duyğularıma başqa çalar qatdı. Deputat eloğlumun söylədiyi o böyük rəqəmi gözümün qabağında canlandırdım. Ağlı olsaydı, heç olmasa, o qədər pulu bankda saxlayardı, kalan da faiz alardı… Amma görünür, hər bir “iş adamı” siyasətə qoşulduqca illərdən bəri üst-üstə yığılmış “kirli camaşırlarını” ört-basdır eləyir, çirkli pullarının üzə çıxmasına fürsət vermirdı. Bəlkə, deputat mandatı da pulunu balta kəsməz eloğluma zirehli qalxan kimi lazımmış? Son dəfə onun yaşadığı villaya uzaqdan baxanda nədənsə filosof dostumun “bu malikanədə hər şey var- insandan başqa” fikrini xatırladım… Yox, daşqəlbli olsa da, o, böyük insan idi, özü də ictimai-siyasi xadim sayılırdı. Düzdür, belələri dədəm demişkən, canını puluna sipər edərdi, ancaq öldürsəydin də pulun banklara etibar etməzdi. Belə adamların heç vaxt nə bankda, nə də evdə saxladığı pullar özünə qismət olur. Amma mənim “Mərkəzi Qan Bankı”ndakı uçüncü qrup müsbət işarəli qanım bəlkə irsi qan xəstəliyindən əziyyət çəkən hansısa körpənin, ya da düşmən gülləsindən yaralanmış igid bir əsgərin həyatını xilas edəcəkdi?!. Nəhayət, iki saatdan sonra növbə mənə çatdı. Ağ xalatlı tibb bacısı qan təzyiqimi ölçüb təəssüflə başını bulayıb: – Olmaz! – dedi, – Qan təzyiqiniz çox yuksəkdi, nəbziniz də normadan 20-30 dəfə artıq vurur…
Mən etiraz etdim, belə çıxır ki, iki saat əbəs yerə növbə gözləmişəm?
Uşaq vaxtı eşitmişdim ki, təziqi qalxan adamlardan qan alırlar. Bunu deyəndə həkim xanım dilləndi: – Düzdür, amma bizim sizdən götürdüyümüz o xəstə qan heç kimə lazım olmayacaq!
O, pərt olduğumu görüb, mehribancasına əlavə etdi ki, kardioloq həkimə müracət edin, təcili müayinə olunun, məncə, təzyiqiniz ürəklə bağlıdır…
Birdən televizordakı Ankara tibb mərkəzinin pulsuz müayinə elanını xatırladım: – Məsləhətinizə görə çox sağ olun! – dedim. – Elə günü sabah həkimə gedərəm!
Çölə çıxıb köhnə məhəccərləri sürtülmüş pilləkəndən üzüaşağı enə-enə qan vermək üçün növbədə fədakarcasına dayanan və ən azı mənim qədər sağlamlıqlarından bixəbər adamlara baxaraq dərindən köks ötürdüm. Və ölümün nəfəsini duymuş adamlar kimi, tez məscidin həyətindən uzaqlaşdim.
“Mənim xəstə qanım heç kimə lazim deyilmiş…” Sözə bax! Axı heç yerim ağrımırdı. Bu nə işdir? Kasıb olsam da, sağlamlığımla təsəlli tapıb öyünürdüm, fəqət indi tale bunu da mənə çox gördü. Evə gəlib təzyiqölçən elektron aparatı biləyimə bağladım. Hə, deyəsən, ağrısız-filansız əməlli-başlı xəstəydim. Qorxdum…
Ertəsi gün iki il qabaq nəşr olunmuş kitabimdan bir nüsxə götürüb tibb mərkəzinə yollandım. Kitabımı baş həkimə verdim. Pulun baş rol oynadıği indiki zamanda bizim kimi kasıb qələm sahiblərinə təmənnasız göstərdiyi qayğıkeşliyə görə minnətdarlıq etdim. O, bu təşəbbüsün kişilərin qədir-qiymətini bilən qadin jurnalistlər qurumu tərəfindən irəli sürüldüyünü bildirdi. Mərkəzin ən gözəl gənc xanımlarından birini kabinetinə çağırıb məni bir-bir müayinə kabinetlərinə aparmağı tapşırdı. Üç saatdan şox çəkən müayinədən sonra kardioloq həkim mənə Türkiyədə istehsal olunmuş “Ayra” adlı bir həbdən alıb, hər səhər ikidəbir hissəsini qəbul etməyi və onunla telefon əlaqəsi saxlamağı tövsiyə etdi.
Ürəyimdə “Ayra…ayra”- dedim, sonuna bir “n” yazılsaydı, olardı “Ayran”. Aptekdən “Ayra” alıb bir-iki gün qəbul etdim. Bədənimin ağrımayan bir üzvü qalmadı. Kardioloq həkimə zəng vurdum. Dedi, belə hallar olur, əsas odur ki, təzyiqiniz aşağı düşür! Yox, axı, bir təziqə görə bədənimin digər üzvlərindən vaz keçə bilməzdim. İnternet vasitəsilə dünyanın Amerika, Rusiya, Almaniya kimi ölkələrində təcrübə keçən virtual həkimlərə məni narahat edın sualları yazıb göndərdim. Cavablar müxtəlif olsa da, öyrəndim ki, təziq “gizli qatildir”. Onunla zarafat etmək olmaz. Məni çalışdıqları adlı-sanlı klinikalara dəvət edənlər də az deyildi. İlahi, bu şəhərdə nə qədər gözəl, dəbdəbəli, bərbəzəkli (banklardan və şadlıq evlərindən də çox) özəl tibb mərkəzləri var. Müalicə bir yana qalsin, təzədən müayinə olunmağa pul lazım idi. Uzun söhbətin qısası, həkimdən, dava- dərmandan imtina etdim. Həftə sonuna kimi hər gün səhər-axşam təzyiqimi ölçüb məyus olurdum.
*
…Şənbə günü nəvələrim bizə gəldilər. Həmişə olduğu kimi oyuncaqlarını da özləri ilə gətirmişdilər. Bir an xəstəliyimi unudub onlarla oynamağa başladım. Həsənlə oyuncaq kubiklərdən ev tikdik, sonra Tariyellə Fəridin tapançalarının tətiklərini çəkəndə lülələrindən qirmizı-yaşıl işıqlar çıxan oyuncaq silahlarıyla dava-dava oynadıq. Uşaq vaxtı belə oyuncaqları xəyallarıma gətirə bilməzdim. Dava-dava oynayanda taxtadan oyuncaq silahlar düzəldərdik. İndi o illərin “acığına” nəvələrimin oyuncaqlarıyla doyunca oynayıb gözümün qurdunu öldürürdüm.
İlahə bağçada öyrəndiyi təzə şeirlərdən söylədi. Balaca Həsənin özündən uydurduğu nağillarda mən də vardım. Həsən balaca olduğundan şirin danışırdı. Mən ömrümdə ilk və son şeiri də onun dunyaya gəldiyi gün – düz əlli yaşımda yazmışdım:
Tanrı qismətidir, hədiyyəsidir,
Tariyelim, Fəridim, bir də İlahəm.
50-ci yaşıma özün yetirdi
Balaca Həsən də onlarla bahəm…
(Sonra Səma gəldi, ardınca Nuray,
Ömrümü bəzədi üç GÜNƏŞ, üç AY
Sonbeşik nəvəmdir Tunar Muğanlı,
Görüm, hamısını şöhrətli – şanlı…)

İndi o balaca Həsən çiynimdə çıxib oturmuşdu. Fəridlə Tariyel məni “əsir alıb” əl-qolumu bağlamışdılar. İlahə onlara səsləndi:- Babamın qollarinı açın!
Sonra alnımın tərini silib üzümdən öpə-öpə: – Bu, bizim şirin babamızdı,-dedi.
Həsən ondan soruşurdu: -Nuru baba niyə şirindi ki, bal qazanına düşüb?
Bu zaman məni gülmək tutdu. Fərid ciddi tərzdə qardaşına: – Komutanım, əsir aldığımız bu adam gülür, – dedi.
– Gülmək də, danışmaq da əsirlərə yasaqdı. – Tariyel amiranə səslə dilləndi və İlahəyə: – sən qızsan, biz əsgərlərin işinə qarışma, get nənəyə kömək et, – dedi.
İlahə sakitcə mətbəxə – nənəsinin yanına getdi…
O gün hava yağmurlu olduğundan bütün günümüzü evdə keçirdik. Səs-küyümüzə həyat yoldaşlm içəri girdi: – Uşaqlar, babanızı incitməyin, axı xəstədir! – dedi. Birdən yadıma düşdü ki, bu gün təzyiqimi ölçməmişəm. Oyun bitər-bitməz durub təzyiqölçəni dolabdan götürüb qoluma taxdım. Nəvələrimə: “bir dəqiqə susun”- dedim və gözlərimə inanmadım. Nəbzim də qaydasına düşmüşdü, təzyiqim də…
– Necədir?- deyə yoldaşım tez xəbər aldı.
– Əladır, – dedim, – əla!
Nəvələrim də sevincəl “ura” deyib xorla qışqırdılar. Ağır hipertenziya deyilən “gizli qatil” üzərində asan qələbə qazanan nəvələrimi bir-bir bağrıma basdım.
– Hə, deyəsən, indicə mən belə müalicə üsulunu kəşf etdim: – Nəvəterapiya!
Axşamüstü atası Fəridlə Tariyeli aparmağa gələndə qapıdan çıxa-çıxda Fərid dedi ki, baba, bizə de ki, yolunuz açıq olsun!
-Yolunuz açıq olsun, – dedim. Marağım güc gəldi, soruşdum ki, ay Fərid, bəs mən sizdən çıxıb evimizə gələndə niyə, baba, yolun açıq olsun, demirsən?
– Ona görə ki, sənin maşının yoxdur, baba, tıxaca düşmürsən!
Beş yaşlı Fəridin bu məntiqi cavabına heyrətləndim və doyunca güldüm. O gün İlahə ilə Həsən ata-anasından icazə alıb bizdə qaldılar. Bazar günü hava yaxşı olduğundan birlikdə gəzməyə getdik… Bax beləcə, indi hər şənbə-bazar günləri nəvələrin gəlişini dörd gözlə gözləyirəm. Nəhayət, mən də ömrümdə bir kəşf etdim: dava–dərmansız müalicə üsulu olan NƏVƏTERAPİYAnı…
Dekabr 2010.

Share: