Müəllim ən müqəddəs peşədir. Bu, şüar deyil, min illərin sınağından çıxmış bir həqiqətdir. Qılıncla tarix yazanlar da olub, qanunla hökm edənlər də. Amma düşüncəni formalaşdıran, insanı insan edən həmişə müəllim olub.
Dünyanın ən qəddar hökmdarları belə müəllimin qarşısında baş əyib. Çünki biliblər ki, hakimiyyəti qoruyan əsgər, gələcəyi qoruyan müəllimdir. Peyğəmbərdən üzü bəri böyük mütəfəkkirlər, filosoflar, dövlət başçıları müəllimi nur daşıyıcısı adlandırıblar. Ümummilli Lider Heydər Əliyevin “Mən müəllimdən böyük ad tanımıram” deməsi də təsadüf deyildi. Bu, dövlətin mənəvi sütununa verilən qiymət idi.
Bəs nə baş verdi ki, bu sütun çatlamağa başladı? Nə oldu ki, müəllimin səsi zəiflik, səbr susqunluq, peşəkarlıq isə günah kimi qəbul edildi? Nə vaxtdan bilik hörmət yox, riskə çevrildi? Müəllimə nifrət birdən yaranmadı. Əslində illərlə yığılan laqeydliyin, qorxunun və ədalətsizliyin məhsuludur. Müqəddəslər bir gündə dəyərsizləşmir. Onları dəyərdən salan sistemlər olur, susan cəmiyyətlər olur.
Bu gün müəllim təkcə dərs demir. O, həm də özünü qorumağa çalışır. Sözündən, baxışından, hətta haqlı narazılığından belə çəkinir. Çünki müqəddəsliyi qoruyan qanun yoxdursa, hörmət də kağız üzərində qalır. Əgər bir cəmiyyət müəllimini qoruyub saxlaya bilmirsə, əslində gələcəyini qorumaqdan imtina edir.
“İdrak” liseyində məlum hadisə sadəcə bir məktəbdə baş verən cinayət deyil. Əslində illərlə üstü örtülən bir reallığın açıq güllə səsidir.
Hamı: “Uşaqdır, psixoloji vəziyyəti var.” deyir. Bəli, uşaqdır. Amma silah uşaq oyuncağı deyil. O silah ora necə gəlib? Kim gətirib? Kim görüb, kim susub? O qədər sual var ki…
Uşağın adı açıqlanmır. Valideynlərin kimliyi gizli saxlanılır. Hadisənin detalları “araşdırılır” deyə heç bir məlumat verilmir. Maraqlıdır, niyə? Axı bu ölkədə ən xırda məişət hadisəsində belə ad-soyad, ata adı, iş yeri dərhal ictimaiyyətə təqdim olunur. Bəs burada nə fərqlidir?
“İdrak” liseyi özəl məktəbdir. Ödənişi yüksəkdir. Deməli, orada oxuyan uşaqlar kasıb ailələrin övladları deyil. Bu faktı gizlətməyə nə ehtiyac var? Yoxsa məsələ elə buradadır? Əgər hadisəni törədən imkanlı ailənin övladı olmasaydı, bu qədər sükut olardımı?
Ölkədə qorxusu çox olanın silahı da var, silahı olanın toxunulmazlığı da. Amma adı çəkilmir, üzü göstərilmir.
Atalarin bir sözü var: “Başının sağ olmasını istəyirsənsə, dilini dinc saxla.” Elə bil bu cümlə cəmiyyətin konstitusiyasına çevrilib. Hamı bilir, amma susur. Çox vaxt heç kimin heç kəsin ərizəsini oxumadığı bir dünyada yaşayırıq.
Bu hadisə də unudulacaq. Adlar açıqlanmayacaq. Məsuliyyət yenə aşağıya doğru çəkiləcək, sual yenə də cavabsız qalacaq. Sabah növbəti güllə səsi hansı məktəbdən gələcək? Hansı müəllim hədəfdədir? Əslində bütün müəllimlər.
Və baş verəndə biz yenə “Bilmirdik” deyəcəyik…

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.





















