və yaxud
TELEVİZİYA, ya TELEKANALİZASİYA?
Sovet dövrü insanın danışmaq istəyini sistemli şəkildə boğan bir mühit idi. Sanki hər yerdə ağır, nəfəsi daraldan bir sükut hökm sürürdü. İnsanlar ucadan danışmaz, sözünü min dəfə ölçüb-biçərdi. Çünki hamıya elə gəlirdi ki, divarların da qulağı var. Televiziyada ciddi verlişlər nümayiş olunurdu. Hər kəlmə süzgəcdən keçər, hər cümlə icazə ilə efirə çıxardı. Sərbəstlik, seçim yox idi, düşüncə dar bir qəfəsə salınmışdı.
Amma o dövrdə yazılmamış qaydalar vardı. Açıq rüsvayçılıq yox idi. Biabırçılıq nümayiş etdirilmir, əxlaqsızlıq şouya çevrilmirdi. Cəmiyyət qorxudan susurdusa da, utanc hissi də vardı.

Mən sovet hakimiyyətini belə məhrumiyyətlərə, İnsanı susmağa məcbur etdiyi, azad fikri doğduğuna görə tənqid etmişəm. Biz müstəqilliyi bu qəfəsi sındırmaq üçün istəyirdik. Amma bu gün yaşadığımız mənzərə qarşısında insan acı bir paradoksla üz-üzə qalıb. İndiki iyrənclikləri görəndə az qala o dövrə həsəd aparırsan. Bu həsəd sistemə deyil, o vaxt ayaq altına atılmayan ictimai əxlaqa görədir.
Bir dəfə Mirşahinin Bəxtiyar Vahabzadə ilə müsahibəsində verdiyi sual hələ də yadımdadır. Soruşdu ki:
– Bəxtiyar müəllim, yazmışdınız ki,
“Ət iyləndi, duza qoyduq,
Duz iylənsə neyləməli?” düz iylənmişdi ki?
Bəxtiyar müəllimin “Mən müstəqilliyi başqa cür gözləyirdim” cavabı təkcə onun yox, bütöv bir nəslin məyusluğu idi. Biz də başqa cür gözləyirdik. Azadlığın məsuliyyətlə, sözün səviyyə ilə, efirin də ləyaqətlə yanaşı gələcəyini sanırdıq.
Sovet dövründə senzura vardı, amma rüsvayçılıq efir norması deyildi. Bu gün televiziya kanallarını zəbt edən, şəxsi intim həyatını reklam edən, alt paltarını və yataq otağını müzakirə mövzusuna çevirən tiplər o vaxt nəinki efirə çıxa bilməzdi, hətta cəmiyyət içində rahat gəzə bilməzdi. O vaxt etik normalar vardı. İndisə etik normaların yerini reytinq əvəz edib.
Maraqlıdır, görəsən televiziya kanallarına kim nəzarət edir? Saxlayacağınız qurumları mən də bilirəm. Amma bir sehirli əl o qurumların da vəzifə borcunu unutdurub. Ekranlar ziyalıdan, alimdən, sənətkardan təmizlənib, yerini küçə əxlaqı, qalmaqal və ucuz şou tutub. Bir kanalda rüsvay olan sabah digərində “məşhur” kimi təqdim edilir. Qadın obrazı ana və ziyalı simasından çıxarılıb, bar mədəniyyətinin vitrin əşyasına çevrilib. İntim həyat ailə saatlarında müzakirə edilir, oynaşlıq açıq debat predmeti olur.
Burada məsuliyyət təkcə efirə çıxanlarda deyil. Onlara bu şəraiti yaradanlar, bu mənzərəni “ictimai maraq” adı ilə qanuniləşdirənlər əsas günahkarlardır. Biz senzuranın getməsini istəyirdik, səviyyənin yox olmasını yox.
Mən sovet dövrünə qayıtmaq istəmirəm. Amma bugünkü efir mənzərəsi bir həqiqəti aydın şəkildə göstərir ki, azadlıqla məsuliyyət arasında körpü qurulmayıb. Körpü olmayanda azadlıq uçuruma çevrilir. O vaxt əxlaqsızlıq gizlində idi, bu gün isə efirdə bayraq kimi dalğalanır. O vaxt əxlaqsızlar daşqalaq olunurdu. Bu günsə məclislərə yüksək qonorarla dəvət olunurlar. Bu artıq təkcə televiziya problemi deyil, cəmiyyətin özünə verdiyi qiymətdir.
(ardı var)
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.





















