Ədalət Partiyasının qərargahında Gənclər Gününə həsr olunmuş musiqili-bədii tədbir keçirildi

Ədalət Partiyasının qərargahında Gənclər Gününə həsr olunmuş musiqili-bədii tədbir keçirildi

Bu gün Gənclər Günü münasibətilə Ədalət Partiyasının qərargahında musiqili-bədii tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli açıb. O, çıxışında ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Rəsulzadənin Azərbaycan dövlətçiliyi və milli istiqlal tarixindəki müstəsna rolundan bəhs edib.

Partiya sədri daha sonra Gənclər Günü münasibətilə gəncləri təbrik edərək, bu günün ölkənin gələcəyi baxımından əhəmiyyətini vurğulayıb, gənclərin cəmiyyətin inkişafında və milli dəyərlərin qorunmasında xüsusi rol oynadığını qeyd edib. Ardınca söz tədbirin digər çıxışçılarına verilib.

Ədalət Partiyası Ali Məclisinin sədri Rahim Nuriyev, partiya sədrinin ideoloji işlər üzrə müavini Elman Bağırov, Qadınlar Təşkilatının sədri Mayisə Cəfərova, tədbirin təşkilatçısı Vəfa Əliyeva, Gənclər Təşkilatının sədri Məlik Məmmədli və digər çıxışçılar gənclərin siyasi həyatda iştirakının vacibliyindən, eləcə də dövlətçiliyin gələcək inkişafında onların rolunun önəmindən bəhs ediblər.

Tədbirin bədii hissəsində Ədalət Partiyasının istedadlı gənclər və yeniyetmələrdən ibarət qrup tərəfindən şeir nümunələri səsləndirilib, musiqi ifaları təqdim olunub, həmçinin yeniyetmələrin hazırladığı rəsm əsərləri nümayiş etdirilib.

Sonda tədbirdə çıxış edən və bədii hissədə iştirak edən gənc istedadlar Ədalət Partiyasının təsis etdiyi təşəkkürnamələrlə təltif olunublar.

 

Share: