Narıngül NADİR:Nə olar, pəncərəmdə Payız kimi ağlama.

Narıngül NADİR:Nə olar, pəncərəmdə Payız kimi ağlama.

Ötənlərdən…

Sən də vəfasız çıxdın
Çıxıb getdin özgəyə.
Ürəyim güzgü idi
Daş atdın bu güzgüyə.
.
Bilmirəm bu oynayan
Taledi, yoxsa oyun.
Bir rəsmimi çəkərsən
Kədər ilə qolboyun.
.
Kənarı hasarlıdır
Qəlbimdə daş evim var.
Ağlamaqdan su çəkib
Divarı yaş evim var.
.
Pəncərə şüşəsinə
Başımı söykəmişəm.
Bir gün görəsəksən ki
Darıxmaqdan ölmüşəm.
Payız kimi ağlama
Payız yenə taxt qurub
Qəlbimin guşəsində.
Yağışlar ağlayacaq
Pəncərə şüşəsində.
.
Payızın heybəsində
Xəzəl var, bir bağlama.
Nə olar, pəncərəmdə
Payız kimi ağlama.
.
Sonuncu yarpaq düşdü
Payız köçüb qurtardı.
Bir səhər görüşməsək
De ki, payız apardı.
UNUDACAĞAM…
Səni unutmağım çox çətindi…çox…
Demə elə-belə unudacağam.
Bu elə bəladır—bir çarəsi yox,
Ömrü verib yelə, unudacağam…
.
Düşərsən yarama açı duz kimi,
Yanıb- yaxılaram… mən susuz kimi…
Əriyib gedərəm salxım buz kimi,
Səni gilə-gilə unudacağam…
.
Bil ki ,yollarımda gözün qalacaq,
Ruhumda ləpirin –izin qalacaq,
Bilirəm unutmaq çətin olacaq,
Səni ölə-ölə unudacağam…
.
Yanıb ,mən bu eşqin külü olacam,
Bir yetim fəryadın zili olacam…
Ağlımı itirib dəli olacam–
Səni gülə-gülə unudacağam…
.
Bir eşq məzarlığı olubdu içim,
Öldü sevmək eşqim,sevilmək eşqim…
Yatmaz ürəyimə bir daha heç kim,
Bunu bilə- bilə unudacağam..’.
Share: