“Uşaqlıq xatirələrim məni hər zaman kövrək notlara kökləyir”

“Uşaqlıq xatirələrim məni hər zaman kövrək notlara kökləyir”

Aysel Xanlarqızı

Söhbətdaşımız — Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şairə, publisist və redaktor, Azərbaycan Yazıçılar Birliyinin, “Yanqi Ovoz” Orta Asiya Yazarlar Birliyinin və “İraq-Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin” üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza” və “Şahmar Ələkbərzadə” adına ədəbiyyat mükafatları laureatı, Vətəndaş Həmrəyliyi Partiyasının Qadın qollarının rəhbəri, “Müstəqil.az” saytının redaktoru Aysel Xanlarqızıdır.

– Uşaqlıqdan danışanda, insan həm sevincin, həm hüzünlü xatirələrin dənizinə qərq olur. Uşaqlıq illərinizi xatırlayanda qəlbinizdə ilk olaraq hansı duyğular oyanır?

— Uşaqlıq xatirələrim məni hər zaman kövrək notlarda kökləyir. Xatırlayınca qayğısız, gözəl illərimin atalı günlərinə yenidən geri qayıdıram. O zaman balaca Aysel ilk yazdığı şeiri atasına göstərərkən ondan duyduğu xoş sözlərlə yaradıcılıq dünyasının kiçik qığılcımını qəlbində işıqlandırır… Yenidən uşaq oluram və atam saçlarıma sevgi dolu baxışlarıyla sığal çəkir… Bu duyğu selində özümə və keçmişə boylanmış oluram.
– Şeirlərinizdə bir incə sükut, bir dərin duyğu dalğalanır. Bu sükutun kökü haradandır – uşaqlıq xatirələrindənmi, yoxsa həyatın çırpıntılarından?

— Bu duyğuların bəzisi uşaqlıq xatirələrinin kövrəkliyindən, bəzisi isə həyatın fırtınalı dənizində ömrün üstünə yaşamaq uğrunda avar çəkərkən yaranmışdır.

– Hər şairin içində görünməz bir ocaq var. Sizdə o alovu ilk dəfə kim yandırdı – nə hadisə, ya hansı duyğu?

— İçimdəki şeir alovunun ilk məşəlini rəhmətlik atam yandırmışdı. Çox kiçik yaşlarımdan yazdığım şeirlərlə qürur duyaraq, məni həvəsləndirərək, ilk oxucum olaraq və hər zaman arxamda dayanaraq… Bir qızın atasını ilk oxucusu olaraq da sevməsi məncə ayrı bir xoşbəxtlikdir.

– “Kağız təyyarələr” – bu simvol sizdə uşaqlığın saflığınımı, yoxsa insanın xəyallarına uçmaq ehtiyacınımı ifadə edir?

— “Kağız təyyarələr” adının yaranma səbəbi əslində başqadır. Mən uzun illər uzaqlarda yaşadığım üçün və uzaqlardan yol gözlədiyim üçün, ömrüm hava limanlarında həsrət qarşıladığı üçündür… Bir şeirimdə də oğlumun atasının yolunu gözləyərək kağızdan təyyarələr düzəldib otaq boyu uçurduğunu, evimizi hava limanına döndərdiyini yazmışdım… “Kağız təyyarələr” ifadəsi də ordan yaranmışdır.

– Həqiqət və gözəllik — bu iki anlayış sizin poetik dünyagörüşünüzdə necə birləşir?

— Həqiqət insanlara bəzən çirkin görünsə də, əslində özü də bir gözəllikdir mənim aləmimdə… Gözəllik isə insanın baxış bucağına görə hər zaman dəyişir. Önəmli olan gözəl görməyi bacarmaqdır. Bəzən insan kədərdən də bəxtiyar ola bilir, ağrısını da gözəl yaşaya bilir, daşıya bilir.

– Müasir dünyada qadın həm yaradıcı, həm ana, həm də liderdir. Bu rollar arasındakı incə tarazlığı siz necə qoruyursunuz?
— Bacardığım qədər qorumağa çalışıram. Qadın o qədər güclü və mükəmməl yaradılıb ki, dünyanın ən ali hisslərini böyük bir sevgi və səbrlə daşıya bilir. Xoşbəxtəm ki, həm anayam, həm də yazıb hisslərimi ifadə edə bilirəm.

– Siz həm də Vətəndaş Həmrəyliyi Partiyasının Qadın qollarına rəhbərlik edirsiniz. Ədəbiyyatla ictimai fəaliyyətin birləşdiyi məqamda ruhunuzda hansı tonlar çarpışır?

— Vətəndaş Həmrəyliyi Partiyasının qurucusu da xalq şairidir, ədəbiyyata əvəzsiz əsərlər bəxş etmiş Sabir Rüstəmxanlıdır və ustaddır. Məncə ədəbiyyat özü elə həm də ictimai fəaliyyətdir… Ən güclü savaşlar belə bir sözlə həll olub çox vaxt. Mənim ruhum sözüm və işimlə həmrəydir, dostdur, işini də, sözünü də çox sevir.

– Dünyada müharibələr, aclıq, ədalətsizliklər var. Şair bu ağrılar qarşısında nə etməlidir – susmaq, yoxsa qələmini qılınca çevirmək?

— Şair istəsə də susa bilmir, susa bilməz! O ağrıları, o duyğuları özü yaşamış kimi hiss edir şairlər. Ona görə də hər zaman dünyanın min bir halı şeirə, sözə, misralara çevrilib və çevriləcəkdir.

– Sizcə, müasir ədəbiyyat cəmiyyətin mənəvi yaralarına məlhəmdir, yoxsa sadəcə təsəlli?

— Ədəbiyyat nə təsəlli, nə də məlhəm deyildir məncə. Ədəbiyyat minlərlə insanın deyə bilmədiyi hisslərinin sözlə ifadəsidir. Ədəbiyyat duyğuların şəkli, həyatın bədii tonlarıdır. Özümüzlə baş-başa qalanda bizi düşündürür, bəzən qəflət yuxusundan oyadır, bəzən də insan ruhuna savaş əzmi bəxş edir. Ədəbiyyat mənəvi dünyamızın qidasıdır.

– Zaman dəyişir, texnologiya insan ruhuna hakim kəsilir. Sizcə, bu əsrdə sözün dəyəri hələ də qalırmı?

— Nə qədər ki insan var, söz də var və sözün dəyəri də olacaqdır. Söz bəzən xəstə insan qəlbində şəfa, ümiddir, söz bəzən yaşamaqdır. Sözün bacarmadığı şey yoxdur… Necə ki, bircə “can” kəlməsi ilə insan sevdiyinə canını qurban etmək istəyir.

– İnsan öz həyatının mənasını tapmalıdır, deyirlər. Siz həyatın mənasını nələrdə görürsünüz?
— Həyatı mənalı etmək insanın özündən asılıdır… İnsan dəyər verdiklərini istədiyi yerdə görüncə, həyat da gözündə gözəlləşir. Yaradıcı insan üçün həyatın mənası yaşayıb yaratmaq və mübarizədən yorulmamaqdır.
– Bu günkü ədəbi mühitdə sizi ən çox ilhamlandıran və ya təşvişə salan hallar nələrdir?
— Bu günkü ədəbi mühitdə çox istedadlı gənclər yetişməkdədir, bu məni sevindirir. Bəzi sözü dəyərdən salanlar, reklam, reytinq xatirinə dırnaqarası məşhurlaşmaq istəyənlər və güclə şair, yazar olmaq istəyənlər isə məni təşvişə salır. Amma sonra öz-özümə düşünürəm ki, zaman və ədəbiyyatın tərəzisi hər misranı, hər sətiri çəkəcək, gündəmi yoran mənasız şeylər isə ələkdən ələnəcək, süzgəcdən süzüləcəkdir. Hər şeyi zamana buraxmaq ən doğrusudur.
– Bugünkü oxucu ilə şair arasında məsafə varmı, yoxsa ruhlar hələ də bir-birini eşidirmi?
— Ruh doğmalığı olan yerdə məsafə olmur. Əsl oxucu və sözdən anlayan insan hər yerdə duyacaq, hiss edəcək, anlayacaqdır.

   Söhbətləşdi: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Özbəkistan

Share: