Yazılmamış şeirin işığında – Şərafəddin İlkin yazdı

Yazılmamış şeirin işığında – Şərafəddin İlkin yazdı

Bəzən insan hansı torpaqda doğulduğunu yox, hansı torpağın onu qəbul etdiyini daha çox hiss edir. Masallıdan olmağıma baxmayaraq, Borçalı elini həmişə özümə yaxın, doğma bilmişəm.

Bu doğmalıq təkcə mənim hissim olmayıb. Elə borçalılar da məni özlərindən biri kimi qəbul ediblər. Bu qarşılıqlı etimadın, mənəvi yaxınlığın nəticəsidir ki, “Borçalı Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinə üzv seçilmişəm. Mənim üçün bu, vəzifədən çox, bir mənəvi məsuliyyətdir.
Rövşən Xaləddinoğlu ilə tanışlığımız da məhz bu mühitdə baş tutub. İlk gündən aramızda səmimi, saf, heç bir rəsmi çərçivəyə sığmayan münasibət yaranıb. Çünki bizi yaxınlaşdıran təkcə ədəbi maraqlar deyil, sözə münasibət, insana baxış, həyata yanaşma tərzi olub. Bəzən insanı tanımaq üçün uzun illər lazım olmur. Bir baxış, adi bir söhbət kifayət edir.


“Bir şeir var yazılmamış” adlı bu kitab Rövşən Xaləddinoğlunun oxucularla ilk görüşdü. Amma bu kitaba “ilk addım” demək düzgün olmazdı. Çünki kitabdakı şeirlər uzun illərin, yaşanmış duyğuların, daxili sükutun və tənhalığın məhsuludur. Bu kitab bir ömrün sözə çevrilmiş halıdır.
Rövşən Xaləddinoğlu Ulu Borçalı torpağının yetirməsidir. Zirvəsində qartalların qıy vuran, baharda qar sularından çayları daşan, dumanın dağlara ah duvağı kimi çəkildiyi, köksündə qıpqırmızı lalələrin közərdiyi bir coğrafiyanın şairidir. O torpaq necədirsə, onun poeziyası da elədir.
Şairin yaradıcılığı ilə tanış olduqca anlayırsan ki, o, şeiri bəzəmək üçün yazmır. O, şeirdə özünü gizlətmir. Əksinə, özünü olduğu kimi təqdim edir. Onun misralarında saxta pafos, süni fəlsəfə yoxdur. Burada halal zəhmətin işığı, düz əməlin rahatlığı, vicdanın sükutu var:

…Enişli, yoxuşlu yollar keçmişəm,
Yaxşılıq, düz əməl olubdur peşəm…

Bu misralar oxucuya nəsihət vermir, sadəcə bir həyat yolunun poetik etirafıdır. Rövşən Xaləddinoğlu şeirlərində oxucuya “necə yaşamaq lazımdır” demir, necə yaşadığını göstərir.
Şairin lirikasında sevgi mövzusu xüsusi yer tutur. Lakin bu sevgi ötəri hisslərin, ani həyəcanların ifadəsi deyil. Bu, klassik Şərq poeziyasından süzülüb gələn, Məcnunun səhrada qoyduğu iz, Kərəmin külə dönmüş eşqi, Fərhadın dağları yaran iradəsi ilə ölçülən müqəddəs bir duyğudur. Onun sevgi şeirləri oxucunu sarsıtmır, sakitləşdirir; yandırmır, isidir:

Həzin nəğmələrin ahəstəsidir,
Ruhun göylərdəki şikəstəsidir…

Bu poeziyada sevgi insanı alçaltmır, ucaldır. Oxucu bu şeirləri oxuyarkən öz gənclik illərinə, ilk duyğularına, bəlkə də itirdiyi saf hisslərinə qayıdır.
Rövşən Xaləddinoğlu üçün söz Tanrının insana verdiyi ən böyük ərmağandır. Çünki Tanrı sözü “yox”dan “var” edir. Şair isə bu “var”ı əbədiyyətə daşıyan ruh adamıdır. Yer ilə Göy arasında görünməz bir bağ varsa, o bağın adı poeziyadır. Böyük Nəsiminin dediyi kimi, “Ərş ilə fərş” bəzən bir könüldə birləşir.
“Bir şeir var yazılmamış” kitabı oxucuya təkcə estetik zövq vermir. İnsanı düşünməyə, özünə qayıtmağa, ruhunu dinləməyə çağırır. Bu, müasir poeziyada saflığın, səmimiyyətin və insani dəyərlərin hələ də yaşadığını sübut edən qiymətli bir ədəbi hadisədir.
Əminliklə demək olar ki, bu kitab Rövşən Xaləddinoğlunun poeziya yolunun başlanğıcıdır. Yazılmamış şeirlər hələ çoxdur. Və oxucu olaraq bu şeirləri səbirsizliklə gözləyirik.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü,

“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: