O, yaxında olan uzağı, uzaqda olan yaxını yaxşı görür…

O, yaxında olan uzağı, uzaqda olan yaxını yaxşı görür…

Onun ciddi görkəminə, zəhimli baxışlarına aldanmayın- bu görkəmin, bu baxışların arxasında xeyirxah bir insan gizlənib. Onunla ünsiyyətdə olanda, çoxlu suallar verməyə çalşın.

O, sizə maraqlı söhbətlər edəcək. Çünki özü maraqlı və məzmunlu insanlardan biridir. O, yaxında olan uzağı, uzaqda olan yaxını yaxşı görür. Açıq danışmağı, dürüst olmağı, lazım olan zaman duyğularını arxa planda tutub məntiqi ilə hərəkət etməyi bacarır. Yüksək qavrama qabiliyyətinə malik, çətinliyə düşən zaman ağılla çıxış yolu tapa bilən adamdır…
Xalq şairi Sabir Rüstəmxanlı onun haqqında söyləyir: “Mən Xeyrəddini lap çoxdan tanıyıram. Bilirəm ki, o, yazıçıdır, bilirəm ki, o, jurnalistdir, bilirəm ki, o, Azərbaycanın gələcəyini gözəl görmək istəyən adamdır, o, Azərbaycanın taleyini düşünən adamdır, Azərbaycanı bütöv görmək istəyən adamdır. Xeyrəddin nə qazanıbsa, haqqı ilə qazanıb, nə qazanıbsa, qələmi ilə, sözü ilə, zəhməti ilə qazanıb. Xeyrəddin hansı mübarizələrdən keçib, mən yaxşı bilirəm. Biz onunla mənəviyyat məsələsində birik, Azərbaycanın taleyi məsələsində, Araz məsələsində, o tay-bu tay məsələsində birik. O, redaksiyada işləyəndə ilk hekayələrini mənim yanıma gətirirdi, fikirlərimi soruşurdu. Deyirdim ki, Xeyrəddin, sən usta yazıçısan, fikirlərini, düşüncələrini gizlətməyən, qələminə hörmət edən yazıçısan…”
Bəli, bugünkü söhbətimin yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim Xeyrəddin Qocadan olacaq. Amma gəlin əvvəlcə onun keçdiyi ömür yoluna nəzər yetirək. O, 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndindəində dnyaya gəlib. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetə qəbul olunub. 1971-ci ilədək orada ali təhsilə yiyələnib. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alıb. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “Politexnik” qəzetində müxbir, Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sosialist qanunçuluğu” jurnalında böyük redaktor, “Dan ulduzu” qəzetində baş redaktor, “Mədəniyyət” qəzetində baş müxbir, “Şeytan” jurnalında müxbir, “Açıq söz” qəzetində redaktor müavini, “Mozalan” qəzetində redaktor müavini, “Yeni Azərbaycan” qəzetində baş redaktor vəzifələrində çalışıb. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərərək, “91-lər”-dən biri olub və Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirlən təsis konfransında iştirak edib. Siyasi Şuranın üzv seçilib. Bir çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər isə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif olunub. Prezidentin fərdi təqaüdçüsüdür…
Deyir ki:- “Mən sadə kənd müəlliminin ailəsində dünyaya göz açmışam. Heç zaman arxamda heç kimim olmayıb. Əzablı yollardan keçmişəm. Təkcə Heydər Əliyevdən arxa, kömək görmüşəm. Onun ölkə Prezidenti olduğu dövrdə millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə təyin edilmişəm. Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini almışam. İlk kitablarım da məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çap olunub, pyesim Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Rəşid Behbudov adına Mahnı Teatrında yubileyim, indiki Heydər Əliyev sarayında əsərlərimdən ibarət “Satira gecəsi” keçirilib. Əziyyətimin bəhrəsini görəndə az da olsa, sevinmişəm. Ona görə də qəlbimdə həmişə Heydər Əliyevə minnətdaram…”
Necə deyərlər, çörək itirən adamlardan deyil. Haqqı heç vaxt nahaqqın ayağına verməz. Onunla hökmranlıqla rəftar etmək mənasızdır. O, belə münasibəti xoşlamır, əyilməz adamlardandır. Doğrudur, yeniliyi çox sevir, amma köhnə münasibətlərə dəyər verməyi bacarır. Emosiyalarına sahib çıxan adamlardan isə xoşu gəlir. Çalışın ki, onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız…
Xalq yazıçısı Anar isə onu belə xarakterizə edir: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Bəli, Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmadığı üçün böyük cəsarət sahiblərindəndir…”
Açıq danışmağı xoşlayır, dostcanlı, olduqca ünsiyyətcildir. Ona yaxınlaşmaq, onunla tanış olmaq çox asandır. Ancaq gərək söhbət əsnasında onun diqqətini cəlb etməyi bacarasan. İlk tanışlıqdan başlayaraq, bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz. Yüksək zəka və intellekt sahibidir. Ona görə də, özünə bənzər adamlarla ünsiyyət qurmağı xoşlayır. Yüksək zövqü var, zərif, incə şeylərdən xoşu gəlir. Onun üçün ən gözəl hədiyyə isə kitabdır…
Xalq şairi Nəriman Həsənzadə onun barəsində yazır: “Hörmətli qələm dostumun həcmcə kiçik yazılarını oxuduqca, gözlərim önündə həyatın istisini, soyuğunu görmüş bir insan canlanır. O, ilk növbədə müsahibindən yüksəkdə durmağı bacaran hazırcavabdı. Müdrikdi. Əsərlərindəki fəlsəfi ümumiləşdirmələr sadədən mürəkkəbə, mürəkkəbdən sadəyə meyillidi. Çünki müəllif bilir ki, onun oxucuları da müxtəlifdi – hər kəsin özünəməxsus dərketmə qabiliyyəti var. Onun pritçaları, atmacaları, lətifələri, kiçik hekayələri, məişət söhbətləri, düzünə tuşlanmış eyhamları, satirik müraciətləri, ismarıcları, bir sözlə, bütün ədəbi janrlarda qələmə aldığı yazıları Xeyrəddin Qocanın daim ədəbi axtarışlarda olduğunu və həyatın, cəmiyyətin müəyyən məqamlarında mənalar axtardığını, eləcə də mənəvi paklığını göstərən nümunələrdi. Cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmır. O, həyatı, insanları sevir, qəlbindəki işığı paylamaq istəyir və paylayır da…”
…Yanvarın 29-u onun növbəti ad günüdür. Bu dəfə 76 yaşını qeyd edəcək. Mələk numerologiyasında 76 rəqəmi insanın həm özünün, həm də yaxınlarının mənəvi və emosional rifahına diqqət yetirməsinin zəruriliyini göstərir. Bu, həm də həyatda harmoniya və tarazlığa, o cümlədən daha dərin məna və məqsəd axtarışına çağırış ola bilər. Xeyrəddin Qocanı ad günü münasibətilə təbrik edir və yeni yaşında uğurlar arzulayıram…
…Onu da deyim ki, Xeyrəddin adı ərəb mənşəli olub, “dinin xeyirlisi”, “dinin xeyirxahı” və ya “dində xeyir” mənasını daşıyır…
Hörmətlə, Elman Eldaroğlu
Share: