Orxan SAFFARİ: Azərbaycan insanın iç səsi – Elgiz Əkbər.

Orxan SAFFARİ: Azərbaycan insanın iç səsi – Elgiz Əkbər.

Heç şübhəsiz, Azərbaycan efirinin ən parlaq, ən istedadlı bir nümunəsi də Elgiz Əkbərdir.

Nədənsə, efirləri tənqid edən şəxslər bir neçə adı bir yerdə çəkir. Məsələn, belə:
“Xoşqədəm, Zaur, Elgiz”.
Ancaq Elgiz Əkbər ona qarşı olan iradlara layiq deyil və çox zaman da əsassız ittihamlar edilir.
Guya ki, Elgiz Əkbər Azərbaycan efirlərini korlayır, jurnalistikanı pis günə qoyur.
Fəqət Elza xanım Seyidcahanın AYB-nə üzv olması nə qədər gözəl, mənalı hadisədirsə, Elgizin də Azərbaycan efirlərində olması bir o qədər mənalı, maraqlı və əsl peşəkarcasınadır.
Ümumiyyətlə, Elgiz Əkbərin obraz olaraq üzündən hər zaman xoşbəxtlik yağıb. Bu səbəbdir, uzun müddət xoşbəxt olmaq istəyən insanları da “Toy olsun” verilişi ilə arzusuna çatdırıb. Azərbaycan mediasında kim belə bir mötəbər missiyanı üzərinə götürə bilib? Ondan başqa heç kim!
Elgiz, doğrudan da peşəkar aparıcıdır. Onun əsas gücü efiri diri saxlamaq bacarığındadır. Mövzudan asılı olmayaraq ,tamaşaçı ilə canlı təmas qurur, studiyada süni pauzaya, cansıxıcı axına imkan vermir. Konkret desək, Elgiz Azərbaycan efirlərinə bir ehtiyacdır. O olmasa, efirlərimiz həqiqətən də boz, maraqsız olardır.
Azərbaycan efirində, mediasında onun özündən də, verilişlərindən də maraqlı heç nə və heç kim yoxdur.
O, Azərbaycan xalqının güzgüsüdür. Azərbaycanın ən maraqlı, ən xəstə, başı çatmayan, dəli-dülü kimi varsa, hamısı Elgiz Əkbərin təqdimatında olur. Bu, ilk baxışda qıraqdan pis görünsə də, əsla belə deyildir.
Ola bilsin, kimlərsə elə bilir ki, bunun özü elə belə şeydir. Ancaq bu cür bir işi bacarmaq, rəngarəng olmaq hər jurnalistin, aparıcının işi deyil.
Elgiz Əkbər hər şeyin yerini bilən adamdır. O, qonağın harada susduğunu, harada danışdırmaq lazım olduğunu yaxşı bilir. Yeganə adamdır ki, qonaqla istədiyi kimi davrana da bilir. Onun səydərəş qonaqları ilə etdiyi davranışları kimsə etsə, ən yaxşı halda efiri dayandırarlar. Fəqət hər kəs Elgiz Əkbərin necə peşəkar olmağının fərqindədir.
Bu mənada, Elgiz Əkbər Azərbaycan efirinin generalıdır. Elgiz Əkbər mediada bir məktəbdir.
Məsələn, indiyə qədər kimsə onun süni olduğu bir halı görübmü? Heç kim, heç vaxt süni görə bilməz bu orijinal adamı.
Elgiz Əkbər bir çox həmkarları kimi passiv deyil.
Yeganə aparıcıdır ki, zərrə qədər də pafosu yoxdur. Heç bilirsinizmi bu nə deməkdir? Pafossuz aparıcı-nemətdir, nemət.
Sözsüz ki, Azərbaycan efirində bu qədər uzun müddət diqqət mərkəzində qalmaq təsadüf deyil. Bu peşəkarlığın, zəhmətin və efir hissinin nəticəsidir.
Elgiz təkcə aparıcı deyil, efirin psixoloqu, ritm tənzimləyicisi, bəzən də rejissorudur. Onun efirdəki varlığı studiyada baş verənləri sadəcə təqdim etmir, idarə edir. Elə aparıcılar var ki, mövzu onları aparır. Elgiz isə mövzunu öz ardınca aparmağı bacarır.
Azərbaycan insanın iç səsidir Elgiz Əkbər.
Əslində, onun kimi səmimi, rahat və peşəkar olmağı hər kəs arzulayar.
Heç şübhəsiz, Elgiz Əkbər Azərbaycan televiziyasında ustaddır, xalqın dəyəridir, əsl peşəkar və birmənalı olaraq sənətkar adamdır.
Share: