Poyeziyamızın DƏRDİŞİ… – Ehtiram İlham

Poyeziyamızın DƏRDİŞİ… – Ehtiram İlham

“Dərdiş” kəlməsi ana dilimizdə geniş yayılan standart bir söz deyil, daha çox Qazax bölgəsinə məxsus yerli şivə sözüdür və əsasən “sədaqətli”, “dürüst”, “qətiyyətli” və ya “inanılmış” mənasında işlənir.

Bu gün sizə çağdaş Azərbaycan poeziyasında Dərdiş kimi tanınan şair Ehtiram İlhamdan söhbət açmaq istəyirəm. Amma əvvəlcədən etiraf edirəm ki, orta təhsilə doğulduğu Tovuz rayonunda yiyələndiyini bilsəm də, ondan sonra başına gələnlərdən xəbərsizəm. Bir də ki, şairin tərcümeyi halı elə də önəmli deyil, daha çox yaradıcılığı maraqlı olur. Ehtiramı iyirmi il olar ki tanıyıram. Mərd, sadə, etibarlı adamdır. Yaratdığı poeziya nümunələri poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanır. Əsasən heca vəznində yazır…
Müsahibələrindən birində deyir ki:- “Şeir hər şeydən əvvəl həm də bir estetika məsələsidi. Hər kəsin öz zövqü, öz baxışı var. Bu mübahisələrin olması isə çox təbiidir. Hər kəsin öz həqiqəti olur. Hər yazar özünü harda görürsə, orda da özünü rahat hiss edir. Qoy elə də olsun. Bizim – Azərbaycan şeirinin əsas vəzni məhz hecadı. Bu dilin ən gözəl şeirləri də hecada yazılıb. Bu, birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə, kim nədə bacarırsa, qoy öz yazı-pozusuyla da məşğul olsun. Şeir əsl şeirdisə, hansı vəzndə olmağının fərqi qalmır. Yetər ki, şeir olsun…”
Xarizmatik adamdır. Qürurlu və məğrurdur. Özünə inamı və müstəqilliyi ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri var. Əhval-ruhiyyəsi yaxşı olanda şən, gülərüz və səxavətli bir dost olur. Yeyib içməyi, dostları ətrafına toplamağı xoşlayır. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağa qadirdir…
“Bizim nəsil, sovet rejiminin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı. Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl “Gənclik” jurnalında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bundan əlavə Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini də əzbər bilirdim…”- söyləyir.
Davranışında mehriban və rahat olduğundan ünsiyyətdə çox yaxşıdır. Onu aldatmaq mümkün deyil, necə deyərlər, ağıllı və duyuq adamdır. Yoldaşlıqda pul xərcləməkdən çəkinmir. Qeybətdən çox uzaqdır, sözü üzə deməyi bacarır. Bu da ətraflarındakı insanları təsirləndirsə də, bəzən kimlərinsə xoşuna gəlmir…
Deyir ki:- “Gözümü açıb saz eşitmişəm, şeir eşitmişəm. Həm də çox yaxşı şeirlər eşitmişəm. Mənim sevdiyim çox şair olub. Orta məktəbdə əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm. Amma şeir adına uçunduğum Səməd Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış, Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad Köhnəqala və Məmməd İlqar- bunların hər biri ustaddı. Amma sənətdə Məmməd İsmayılı məhək daşı hesab edirəm. Onu da deyim ki, hamının ən çox üz tutacağı ən böyük ustad Abbas Tufarqanlını hesab edirəm. O, sadəcə, dəhşətdir…”
…Bəli, onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sadiq qalır və yalandan zəhləsi gedir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Maliyyə məsələlərində bacarıqlı və analitik təfəkkürə sahibdir. Və çox qəribədir ki, heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklərə iradə ilə qalib gəlməyi bacarır…
“Keşkə istedadı olan hər bir insanın – şairin, yazı-pozu adamının normal işi-gücü olaydı. İşləyib həm ailəsini dolandıra, həm də canı ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman yetirə biləydi və kimsədən də asılılığı olmayaydı. Axı, bu yazığın ömrü-günü ən xırda məişət qayğılarının əlində əriyib itir. Gözünün odunu töküb ortaya çıxartdığı yazı-pozusundan qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir. Qarşısında isə iki yol qalır: ya yuxarılara boyun əyməlisən, ya da mərdi mərdanə ömür sürməlisən. Birinci yola gedənlər çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa, məmləkətin halı lap fəna olardı. Az-çox insanlarımızda milli adına nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız açmaqdan, kimlərinsə mərhəmətinə sığınmaqdan keçir. İnandırım sizi, heç bir istedadlı adam istəməz bunu etsin. Amma, “ehtiyacın qəhrəmanı da qul etdiyi” barədə həqiqətin yalan olduğunu bu ölkədə neçə nəfər sübut etməyi bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi…”- söyləyir.
O, həm də çalışqanlığı ilə seçilir, bacarıqlı olması və müşahidə qabiliyyəti ilə fərqlənir. Olduqca diqqətlidir, ətrafdakı detallara xüsusi dəqiqliklə yanaşır və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Bir sözlə, sosial, istiqanlı və təşkilatçılıq qabiliyyəti yüksək olan insandır. Ona görə də cəmiyyətdə özünə hörmət və diqqət çəkməyi bacarır. Və bu diqqətdən zövq alır. Bir də ki, xarici görünüşünə və geyimlərinə böyük əhəmiyyət vermək onun şakərlərindən biridir…
Deyir ki:- “Hərə poeziyada öz istədiyini axtarıb, tapmaq istəyir. Aşiqlər sevgi şeiri gəzir, kimsə vətənpərvərlər ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyir, dərdli adamların gözü kədər poeziyasını axtarır, həyatın dərin qatlarına varmaq istəyən kəslər isə şeirdə fəlsəfi çalar gəzir. Əgər arzuladığına çata bilibsə, deməli, qarşındakı şeirdir. Poeziya da əslində elə budur. Ümumiyyətlə, şeir maraqlı və həddən ziyadə qəribə bir nəsnədir. Elə şeir var, onu bərkdən oxumaq olmaz, hətta öz içində belə pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən, əzəməti itər. Həm də adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey danışılmaz. O ki qala şeir ola. Hətta demək məcburiyətində qalınsa belə, məqama uyğun şeir söyləməlisən. Çünki “zövqlər dartışılmaz” məntiqi burada yerinə düşür…”
…Onun haqqında söylədiklərim, bəlkə də zərgər dəqiqliyi ilə alınmadı, amma Azərbaycan poeziyasının qədri bilinməli “ZƏR”-lərindən biri olduğuna əminəm. Yanvarın 23-ü şair Ehtiram İlhamın 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram…
Çox yaşa, DƏRDİŞ!
Hörmətlə, Elman Eldaroğlu
Share: