Ağdənizin əsatir yuvası, nəhayətsiz üfüqlərə baxan kiçik bir təpə bapbalaca bir çiçək ormanı kimiydi. Nazik uzun budaqlı badam ağaclarının alaca kölgələri sahilə enən cığıra düşürdü, ilk baharın dadlı rüzgarından sərxoş olan qağayılar çılğın nərələrlə havanı cingildədirdilər. Badam bağçasının yanı geniş bir bağdı. Ağ daşlardan hörülmüş qısa bir divarın axırındakı zeytunluq ta vadiyə qədər enirdi. Bağın ortasındakı xaraba daxmanın qapısız girişindən ixtiyar bir qoca çıxdı. Saçı, saqqalı dümağ idi. Əyilmiş qəddini düzəltmək istəyirmiş kimi gərnəşdi. Əlləri, ayaqları titrəyirdi. Göylər qədər boş, göylər qədər sakit duran dənizə baxdı, baxdı…
– Xeyirdir, inşallah!- dedi.
Divarın dibindəki daş yığınlarının üstünə çökdü. Başını əllərinin arasına aldı. Çiynində yırtıq bir çuval var idi. Çılpaq ayaqları sanki torpaqdan yoğrulmuşdu. Zəif qolları kirlənmiş tunc rəngindəydi. Təkrar başını qaldırdı. Göylə dənizin birləşdiyi xəttə diqqətlə baxdı. Görüntüdə bir şey yox idi.
* * *
Bu, canını buradan qurtarmaq üçün hər gecə yuxusunda sahilə yan alan gəmilər görən zavallı, əski bir türk kürəkçisiydi. Əsir götürüldüyü vaxtdan qırx il keçirdi. Otuz yaşında dinc, gümrah, qüvvətli bir qəhraman ikən Malta piratlarının əlinə keçmişdi. İyirmi il onların avarlı qayıqlarında kürək çəkmişdi. İyirmi il iki ayağından zəncirlənmiş halda bir gəminin rütubətli zirzəmisində yaşadı. İyirmi ilin yayları, qışları, rüzgürları, fırtınaları onun qranit vücudunu əridə bilməmişdi. Zəncirləri kifləndi, çürüdü, qırıldı. Bu iyirmi ildə bir neçə dəfə zəncirlərin halqalarını, çivlərini dəyişdirdilər. Fəqət onun poladdan daha sərt olan əzələlərinə bir şey olmadı. Yalnız abdəst ala biulmədiyinə görə üzülürdü. Daima gündoğana üz tutub sola meyilli halda gözlərini qibləyə çevirib gizlindən beş vaxt namazını işarələrlə qılardı. Əlli yaşına çatanda piratlar “daha kürək çəkə bilməz…” deyib onu bir adada satmışdılar. Sahibi bir rəncbər idi. On il onun yanında quru çörək üçün çalışdı. Allaha çox şükür edirdi. Çünki artıq baldırlarından zəncirlənməmişdi. Abdəst alıb, dəqiq qibləyə üç çevirir, unutmadığı ayətlərlə namaz qılır, dua edə bilirdi. Ümdi ancaq məmləkəti Ədrəmitə qovuşmaq idi. Bu otuz ildə bir an belə ümidini itirmədi. “Əlli il əsirlikdən sonra məmləkətimə qovuşacağıma, öləndən sonra diriləcəyimə inandığım qədər inanıram” deyirdi. Ən şanlı, ən məşhur türk gəmiçilərindən idi. Hələ iyirmi yaşındaykən Tarik boğazını keçərək tufanları yarara-yara həftələrlə, aylarla sahil görmədən getmiş, rast gəldiyi ucqar adalardan cizyələr(vergilər) yığmış, irili-xırdalı donanmaları balaca gəmisiylə bərbad etmişdi. O vaxtlar Türk ellərində adı dillərdə dastan olmuşdu. Padşah belə onu saraya çağırıb, heyranlıqla başına gələn macəraları dinləmişdi. Çünki Xızır Aleyhissalamın getdiyi diyarları gəzib dolaşmışdı. Elə dənizlərə gedib çıxmışdı ki, içərisində buz dağları, buz adaları üzürdü. Oralar tamamilə ayrıca bir aləm idi. Altı ay gündüz, altı ay gecə olurdu. Arvadını da ilinin bir günü uzun gecə, bir günü uzun gündüz olan diyardan alımışdı. Qızıl, gümüş, almaz, əsirlərlə dolu gəmisi ilə vətənə dönərkən sahilsiz bir dənizin ortasında evlənmiş, oğlu Turqut Çanaqqaladan keçərkən doğulmuşdu. İndi qırx beş yaşında olmalıydı. Görəsən yaşayırdımı? Xəyalında canlandıra bulmədiyi qar kimi ağappaq arvadı hələ sağ idimi? Bu qırx ildə yalnız taxt qurduğu yer, İstanbulun minarəli üfüqü xəyalından silinməmişdi. “Bir gəmim olsaydı, gözümü yumub, Kabataşın önünə dəmir ataram…” deyə düşünürdü. Altmış yaşı keçəndən sonra ağası onu sözdə azad etdi. Buna azad etmək yox, küçəyə, aclığa, pərişanlığıa atmaq demək olardı. İxtiyar əsir bu viranə bağın içindəki xaraba daxmanı özünə məskən seçdi. İçəri yerləşdi. Kimsə bir şey demədi. Ara-sıra qəsəbəyə enir, ixtiyarlığına acıyanların verdiyi çörək parçalarını toplayıb geri dönürdü. On il də belə keçdi. Artıq heç taqəti qalmamışdı. Həm də bağ sahibi orada qalmağını istəmirdi. Hara üz tutacaqdı?
Fəqət əskidən bəri gördüyü yuxuları yenə də görməkdə idi. Qırx illik bir röya… Türklərin, türk gəmilərinin gəlişi…
Gözlərini quruyub qaxaca dönmüş əlləri ilə ovuşdurdu. Dənizin göylə birləşdiyi yerə yenə də diqqətlə baxdı. Bəli, mütləq gələcəkdilər. Buna o qədər əmin idi ki…
-Qırx il görülən bir röya yalan olmaz ki…!- deyirdi. Daxmanın divarının dibində uzandı. Yavaş-yavaş gözləri qapandı. İlk bahar bir ümid tufanı kimi hər tərəfi par-par parıldadırdı. Qağayıların:
-Gəlirlər, gəlirlər, səni qurtarmağa gəlirlər!- kimi qulağına dəyən sədaları dinləyə-dinləyə yuxuya daldı. Divar daşlarının arasından çıxan kərtənkələlər üzərində gəzişir, çuvaldan paltarının içinə qaçışır, gur, bəyaz saqqalının üstündə oynaşırdılar. İxtiyar əsir yuxusunda ağır bir türk donanmasının limana yan alıdğını görürdü. Qəsəbəyə gedən yola bir neçə əsgər çıxarmışdılar. Al bayrağı uzaqdan tanıdı. Yatanlar, duranlar günəşin altında bərq vururdular.

– Bizimkilər! Bizimkilər!- deyə bağıraraq oyandı.
Özünə gəldi. Üstündəki kərtənkələlər qaçışdılar. Limana tərəf baxdı. Doğrudan da qalanın qarşısına bir donanma gəlmişdi. Qayıqların, yelkənlərin, kürəklərin biçiminə diqqət etdi. Rəngi saraldı. Gözlərini geniş açdı. Ürəyi şiddətlə döyünməyə başladı. Əllərini köksündə çarpazladı. Bunlar türk gəmiləriydi. Sahilə yan alırdılar. Gözlərinə inanmadı. “Əcəba, yenə də yuxumu görürəm?” Şübhəyə düşdü. Fəqət, oyaq olduğun halda yuxu görmək olardımı? Bir qənaət hasil etmək üçün əllərini ovuşdurdu. Yerdən sivri bir daş parçası götürdü. Alnına vurdu. Bəli, hiss edirdi. Deməli oyaqdı. Gördüyü yuxu deyildi. O yuxudaykən donanma burunun arxasından birdən-birə peyda olmuşdu. Sevincdən, heyrətdən dizlərinin bağı çözüldü. Həmən yerə çökdü. Kənara çıxan bölüklər, əllərində al bayraqlar qalanın ətrafına doğru hərəkət edirdi. Qırx illik həsrətin son əzmiylə hərəkətə keçdi. Birdən sümükləri şaqqıldadı. Badam ağaclarının çiçəkli kölgələriylə örtülən cığırla irəli təpildi. Sahilə tərəf qaçdı, qaçdı, qaçdı… Quruya çıxan əsgərlər ağ saqqallı bir qocanın onlara tərəf qaçdığını görüncə:
-Dur!- deyə bağırdılar. Qoca dayanmadı; bağırdı:
-Mən türkəm, oğlanlarım, mən türkəm!
-…
Əsgərlər onun yaxınlaşmağını gözlədilər. Qoca, türklərin yanına yaxınlaşınca ilk gələn əsgəri tutub öpməyə başladı. Gözlərindən yaşlar sellənirdi. Onun bu halına baxanların hamısı mütəəssir olmuşdu. Qoca biraz toxtayınca ondan soruşdular:
-Neçə ildir əsirsən?
-Qırx!
-Haralısan?
-Edremitli.
-Adın nədir?
-Qara Məmiş.
-Kapitan idin?
-Bəli…
Qocanın ətrafındakı əsgərlər bir-birinə dəydi. Çığırtı qopdu: “Bəyə xəbər verin! Bəyə xəbər verin!” deyə bağırışırdılar. Qocanın qollarına girdilər. Quş kimi dəniz kənarına uçurtdular. Bir kətil gətirdilər. Böyük bir qayığa çıxartdılar. Əsgərlərin içərisində onun başına gələnləri bilməyən, şöhrətini duymayan yox idi. Biraz göyərtədə oturdu. Sevincindən, qırx ildir həsrət qaldığı millətini gördüyündən çaşıb qalmışdı. Çiyninə bir kürk atdılar. Başına çalmalı papaq qoydular.
-Haydı, bəyin yanına!- dedilər.
Onu qayığa mindirən əsgərlərlə birlikdə böyük gəminin ucuna doğru getdilər. Qara qalınbığılı, zərli baftasının üstündən dəmir, polad zirehli paltar geyinmiş iri cüssəli bir adamın qarşısında durdu.
-Sən kapitan Qara Məmişsənmi?
-Bəli!- dedi.
-Xızır Əleyhissalamın keçdiyi yerlərdən keçən sənsənmi?
-Mənəm.
-Doğrumu deyirsən?
-Niyə də yalan söyləyim ki?
-Aç, sağ qoluna baxaq. Qoca kaftanının altından qolunu çıxartdı. Siyirdi. Bəyə uzatdı. Bazusunda xaç şəklində dərin bir yara izi var idi. Bu yaranı gecəsi altı ay sürən bir adadan istəklisini qaçırdarkən almışdı. Bəy onun əllərinə sarıldı. Öpməyə başladı.
-Mən sənin oğlunam!- dedi.
-Turqutsanmı?
-Bəli…
-…
* * *
Qoca əsir sevincindən bayılmışdı. Özünə gəlincə oğlu ona:
-Mən quruya cəng üçün çıxıram. Sən gəmidə rahatlanıb qal,- dedi.
Əski qəhraman qəbul etmədi:
-Xeyir. Mən də səninlə bərabər cəngə çıxacağam.
-Çox yaşlanmısan, ata.
-Fəqət ürəyim qüvvətlidir.
-Rahatlan! Sən bizi buradan seyr edərsən!
-Qırx ildir döyüşə həsrətəm.
Oğlu:
-Vurularsan! Vətənə həsrət gedərsən dünyadan! – deyə onu gəmidə saxlamaq istədi. Qara Məmiş bu zaman gəncləşmiş bir kapitan kimi davrandı. Dayana bilmirdi. Qılınc, qalxan istədi. Sonra gəminin ucunda sallanan bayrağı göstərərək:
Şəhid olsam bunu üzərimə örtün! Vətən al bayrağın dalğalandığı hər yer deyilmi? – dedi.

Azərbaycan dilinə uyğulayan: İbrahim İLYASLI






















