Şair İladi Öməroğlunun yaradıcılıq gecəsi və yaxud Borçalı ruhunun poeziya bayramı

Şair İladi Öməroğlunun yaradıcılıq gecəsi və yaxud Borçalı ruhunun poeziya bayramı

“Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış şair İladi Öməroğlunun zəngin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

 

Borçalı ədəbi mühitinin ruhunu, sözün nəfəsini və torpaq yaddaşını özündə yaşadan bu tədbir yüksək təşkilatçılığı, səmimi ab-havası və dərin məzmunlu çıxışları ilə iştirakçıların yaddaşında silinməz iz buraxdı.
Tədbiri giriş sözü ilə “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov açaraq, İladi Öməroğlunun Borçalı poeziyasındakı müstəsna yerindən, onun yaradıcılığının milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində oynadığı əvəzsiz roldan söz açdı. Qeyd olundu ki, İladi Öməroğlu poeziyası Borçalı torpağının səsi, yaddaşı və vicdanıdır.
Daha sonra tədbirin aparıcılığı şair-publisist Qulu Xaləddinoğluna həvalə olundu. O, İladi Öməroğlunun həyat və yaradıcılıq yoluna qısa, lakin dolğun bir baxış keçirərək, bu gecənin əsas məqsədinin şairin poeziyasını bir daha oxucuya və ədəbi ictimaiyyətə təqdim etmək olduğunu vurğuladı. Ardınca filologiya üzrə alim, tanınmış ədəbiyyatşünas Vaqif Osmanlıya söz verildi.
Vaqif Osmanlı məruzəsində İladi Öməroğlunun poeziyasını elmi və bədii müstəvidə təhlil edərək bildirdi ki, şairin yaradıcılığında Borçalı torpağına sevgi, el-obaya bağlılıq, milli kimlik duyğusu, insan taleyi və zamanın fəlsəfəsi əsas xətti təşkil edir. O, şairin şeirlərindən nümunələr səsləndirərək, bu poeziyanın həm duyğu, həm də fikir dərinliyi ilə seçildiyini diqqətə çatdırdı. Məruzə dinləyicilər tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.


Tədbirdə Borçalıdan olan tanınmış ədəbiyyat adamları, ictimai-siyasi xadimlər, ziyalılar, şairin ailə üzvləri və qonaqlar iştirak edirdilər. Çıxış edənlər İladi Öməroğlunu təkcə istedadlı bir şair kimi deyil, həm də ziyalı mövqeyi, mənəvi bütövlüyü və poeziya məktəbi yaratmış şəxsiyyət kimi dəyərləndirdilər.
Borçalıdan gəlmiş tanınmış müəllim Fərman Vəkilov çıxışında İladi Öməroğlunun Borçalı ədəbi mühitində tutduğu mövqedən danışaraq, onun poeziyasının gənc nəsil üçün mənəvi örnək və həyat dərsi olduğunu vurğuladı.
Şairin qardaşı Vidadi Orucov çıxışında İladi Öməroğlu ilə qürur duyduğunu bildirdi. O qeyd etdi ki, İladi Öməroğlu təkcə ailənin deyil, onu tanıyan hər kəsin müəllimi, yol göstərən mənəvi dayaq nöqtəsidir. Çıxış zamanı vaxtsız dünyasını dəyişmiş Nəbi Orucov da ehtiramla xatırlandı. Onun da istedadlı şair olduğunu bildirən Vidadi Orucov, Nəbi Orucovun yaradıcılığının ailə və Borçalı ədəbi mühiti üçün dəyərli irs olduğunu söylədi.


Gecədə Mirvari Dilbazi Poeziya Evinin rəhbəri, Kələğayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı, dissident Eldar Məmmədov, Nəsib Abid, bacısı Səadət Buta və Səringül, qardaşı Tofiq, şair Ziyadxan Budaq, İlyas Rzayev, Zəlimxan Şərifov, Təbriz İman, ailə üzü Hənifə Şəbnəm, şair Binəli Bayram, aşıq Ədalət Gədəbəyli və digər tanınmış ziyalılar çıxış edərək İladi Öməroğlunun yaradıcılığına yüksək qiymət verdilər, onun poeziyasının Azərbaycan ədəbiyyatındakı yerindən söz açdılar.
Tədbir boyu şairin şeirləri səsləndirildi, xatirələr bölüşüldü, Borçalı ədəbi mühitinin dünəni və bu günü ətrafında maraqlı müzakirələr aparıldı. Sonda xatirə şəkilləri çəkildi, səmimi söhbətlər edildi.
Yaradıcılıq gecəsinin sonunda İladi Öməroğlu tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirərək, yeni şeirlərini oxudu. Onun misraları bir daha sübut etdi ki, bu poeziya Borçalıdan doğan, lakin bütün Azərbaycan oxucusuna ünvanlanan mənəvi bir sərvətdir.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: