Fədakarlığın kitablaşan ünvanı – “Aydın Rəhimov”

Fədakarlığın kitablaşan ünvanı – “Aydın Rəhimov”

Azərbaycan Yazıçılar Birliyində keçirilən növbəti ədəbi-mədəni hadisə təkcə yeni bir kitabın təqdimatı deyil, həm də milli yaddaşın, fədakarlıq və vicdanla yaşanmış bir ömrün ictimai təntənəsi idi.

Elşad Həsənov və Azər Hacıbəylinin “Azərbaycan fədakarlıq məktəbi” seriyasından olan yeni “Aydın Rəhimov” kitabının təqdimetmə mərasimi bu baxımdan həm mənəvi, həm də ideya yükü baxımından yadda qaldı.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair və ədəbiyyatşünas Səlim Babullaoğlu açdı. O, çıxışında kitabın yalnız bioqrafik material olmadığını, bütövlükdə bir dövrün, bir düşüncə tərzinin və dövlətçilik məsuliyyətinin bədii-publisistik ifadəsi olduğunu vurğuladı. Səlim Babullaoğlu müəlliflərin yaradıcılıq yoluna nəzər salaraq qeyd etdi ki, “Azərbaycan fədakarlıq məktəbi” seriyası müasir Azərbaycan ədəbiyyatında milli şəxsiyyətlərin portret qalereyasını yaradan mühüm layihələrdəndir. “Aydın Rəhimov” kitabı bu silsilənin ideya baxımından ən dolğun nümunələrindəndir.


Təqdimat mərasimində tanınmış yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər, mədəniyyət xadimləri ilə yanaşı, Aydın Rəhimovun silahdaşları, yol yoldaşları da iştirak edirdilər. Bu fakt mərasimə xüsusi bir səmimiyyət və canlılıq qatırdı. Tədbirdə Aydın Rəhimovun həyat yoldaşı Azadə xanım, oğlu Tural, qızı Günelin iştirakı isə təqdimatı ailəvi-mənəvi bir çərçivəyə daşıyırdı.
Çıxış edənlər kitab haqqında fikirlərini bölüşərək əsərin bədii xüsusiyyətlərini, dil və üslub keyfiyyətlərini yüksək qiymətləndirdilər. Əsəd Cahangir, Azər Süleymanlı, Yarməmməd Tağıyev, Ramiz Həsənov, Sevil Həsənova, Elşad Qoca, Şirməməmməd Hüseynov, Ramiz Göyüşov, Vahid Ömərov, İlham Hacıyev və digər çıxışçılar kitabın ideya-məzmun dəyərindən, Aydın Rəhimov şəxsiyyətinin milli yaddaşda tutduğu yerdən bəhs etdilər. Onların fikrincə, bu kitab təkcə bir insanın həyat yolunun təsviri deyil, həm də dövlətə, dilə, milli dəyərlərə sədaqətin nümunəsidir.
Xüsusilə Qubad bəyin çıxışı diqqət çəkdi. O, Nazirlikdə ilk dəfə rəsmi sənədləşmə işinin məhz Azərbaycan dilində aparılmasının Aydın Rəhimovun təşəbbüsü və qətiyyəti ilə mümkün olduğunu vurğuladı. Bu fakt zalda alqışlarla qarşılandı və Aydın Rəhimovun dövlətçilik mövqeyini, milli kimliyə bağlılığını bir daha nümayiş etdirdi.
Mərasimin emosional zirvəsi isə Aydın Rəhimovun oğlu Tural Rəhimlinin çıxışı oldu. O, ailə adından müəlliflərə, tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirdi. Tural Rəhimli atasının həyat yolunun bu cür dəyərli bir kitabda əbədiləşdirilməsini ailə üçün böyük mənəvi təsəlli və qürur mənbəyi kimi dəyərləndirdi.
Tədbirin sonunda Elşad Həsənov və Azər Hacıbəyli iştirakçılara təşəkkür edərək oxucular üçün kitablarını imzaladılar. Kitab sevərlərin uzun növbəsi, müəlliflərlə səmimi söhbətlər bu nəşrə olan marağın təsadüfi olmadığını bir daha göstərdi.
“Aydın Rəhimov” kitabı fədakarlığın, sədaqətin və milli məsuliyyətin ədəbi salnaməsidir. Bu kitab oxucuya yalnız bir ömür yolunu tanıtmır, həm də Azərbaycan insanının mənəvi dayaqlarını xatırladır. Belə əsərlər milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsizdir.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: