“Hazırda insanlar arasında anlayış, empati və emosional balans yaratmaq hələ də insan faktorunun əsas üstünlüyüdür. Günü gündən avtomatlaşmağa doğru gedən hazırki dövrdə isə yumşaq bacarıqlara investisiya etmək ən məntiqli addımlardan biri ola bilər.”
Müstəqil.Az bildirir ki, bu sözləri ƏƏSMN-yinin tabeliyində olan Dövlət Məşulluq Agentliyində məsul vəzifədə çalışan Nahid Nəsirov özünün feysbuk sosial şəbəkəsindəki divarında yazıb.
“Səriştələr haqqında yazılarımızın ardı olaraq bu gün fikir mübadiləsi aparmaq istədiyimiz mövzu emosional intellektdir. Emosional intellekt olduqca geniş anlayışdır. Emosional intellekt günümüzdə əmək bazarının ən çox ehtiyac duyduğu səriştələrdən biridir Bu bacarıq fərqli baxış bucaqlarında müxtəlif anlayışlarla qavranılır.
Emosional intellekt əvvəla öz hisslərini anlamaq, idarə etmək, daha sonra isə başqalarının emosiyalarını hiss etmək və münasibətləri effektiv qurmaq bacarığıdır. Sadə dildə desək, emosional intellekt insanın yalnız nə düşündüyünü deyil, nə hiss etdiyini və bu hisslərlə necə davrandığını idarə edə bilməsidir.
Burada məsələ sadəcə “yaxşı insan” olmaq deyil. Əsas məsələ özünüdərketmə və empati qurmaqla başlayır.
İş mühitində isə emosional intellekt stresli vəziyyətlərdə soyuqqanlı qalmaq, tənqidə düzgün reaksiya vermək, münaqişələri gərginləşdirmədən həll etmək və insanlarla sağlam münasibətlər qurmaq bacarığını əhatə edir.
Birmənalı şəkildə mühüm qurumlar da bu səriştəni olduqca vacib hesab edirlər. Beynəlxalq Əmək Təşkilatı (ILO) emosional intellekti iş mühitində effektiv ünsiyyət və əməkdaşlıq üçün əsas səriştələrdən biri kimi dəyərləndirir.
OECD-in yanaşmasına görə, emosional intellekti yüksək olan əməkdaşlar iş mühitinə daha rahat uyğunlaşır, daha sağlam münasibətlər qurur və qərarvermə prosesində daha düzgün mövqe tuturlar.
Dünya İqtisadi Forumu (WEF) isə gələcəyin peşələrində emosional intellekti liderlik, komanda işi və problem həlli bacarıqları ilə bir sırada qeyd edir.
Emosional intellekt ən çox komanda işi və münaqişəli situasiyalarda açıq şəkildə özünü göstərir. Bu bacarıq olmayan hallarda kiçik anlaşılmazlıqlar böyüyür, ünsiyyət zəifləyir və iş mühitində gərginlik yaranır.
Günümüzdə emosional intellekti bir qədər zəif olan şəxslərlə də rastlaşa bilirik. İlk növbədə, həmin insanlara qarşı güzəştə getməyi bacarmaq lazımdır. Bunu da qeyd etmək lazımdır ki, bu bacarıq zamanla inkişaf etdirilə bilər. Öz emosiyalarını müşahidə etmək, empati qurmağı öyrənmək, aktiv dinləmə bacarığını inkişaf etdirmək emosional intellekti xeyli gücləndirə bilər.”






















