Sabir RÜSTƏMXANLI yazdı: Publisistikanın Aydın Can yolu

Sabir RÜSTƏMXANLI yazdı: Publisistikanın Aydın Can yolu

Yanıma gələn dostum hal-əhval tutandan sonra, adəti üzrə, əvvəl-əvvəl gözünü kitab rəflərinə dikdi.

Baxıb görsün son görüşümüzdən bəri nə dəyişiklik olub, nə yenilik var, təzə nə almışam? Belə təsəvvür yaranır ki, kitab dünyasındakı son dəyişikliklər haqqında yalnız mənim iş yerimə gələndə məlumat alır.
Baxdı, sonra birdən təəccübünü gizlədə bilmədi:
— Aydın Can? O, Aydının kitabıdır? Bu boyda kitabı çıxıb?
Doğrudan da rəflərdə Aydının “Özüdür ki var” kitabından iri həcmlisi yox idi. Cavab verdim ki, “Hə, Aydın Canın kitabıdır, çox yazır, bilmirsən? O, sıradan bir jurnalist deyil, türkiyəli qardaşlarımız demiş, hər gün yeni yazısı çıxan ‘köşə yazarı’dır”.
Əslində, qəzetlərdə köşə yazarlığı da jurnalistikanın maraqlı və məsuliyyətli bir növüdür və mən bəzi köşə yazılarını bədii əsərlər və ya esselər kimi maraqla oxuyuram. Ancaq Aydının yazıları köşələrə, bəzən bütöv qəzet səhifələrinə də sığmır. Bu yalnız həcm məsələsi deyil, jurnalistikanın mövzusu, ifadə tərzi, qaldırdığı ictimai-siyasi, mənəvi problemlərlə bağlıdır və bu baxımdan da onun yaradıcılığı jurnalistikamızda özəl bir hadisədir.
“Özüdür ki var”ı vərəqləyəndə bunu görməmək mümkün deyil. Bu kitab bir daha göstərir ki, jurnalistika sözünün ilkin mənası qalmayıb. Media xəbərçilərinin işi jurnalist anlamından çox-çox genişdir.
Bu söz nə vaxt yaranıb, deyə bilmərəm; hər halda jurnal nəşri ilə bağlıdır. Lakin qəzet və jurnalların populyar olduğu, jurnalistliyin ayrıca bir peşə sayıldığı çağlar arxada qalıb. Bu gün televiziyada, radioda, sosial mediada çalışan qələm əhlinin əməyi jurnalist sözünün çərçivələrinə sığmır. Hətta “qəzet yazarı”, “sosial media yazarı” sözləri də kiçik qalır.
Buna görə də Aydın Can, haqlı olaraq, yazılarını ümumi “publisistika” adı altında birləşdirib. Bu, həm də kitabın məna yükünü və ünvanını göstərir. “Özüdür ki var” doğrudan da geniş publika üçün, xalq üçün və xalq haqqında yazılmış dəyərli yazılar toplusudur.
Şəkilin açıqlaması yoxdur.
“Özüdür ki var” müəllif tərəfindən oxuculara belə təqdim edilir:
“Bu kitab: Azərbaycanın, Azərbaycan prezidentinin, polisinin, pedaqoqunun, parlamentarisinin, həkiminin, hakiminin, şəhərinin, kəndinin, dağının, dərəsinin, çayının… özüdür ki var.”
Yetərincə böyük iddiadır, lakin müəllifin təqdimatı bununla bitmir:
“Bu kitabda vicdan, ədalət, bəşərilik məhək daşıdırmı? Bəli… Bu kitabda açıq təfəkkür, qlobal düşüncə, millilik, dövlətçilik yaşam tərzi sayılırmı? Bəli.”
Suallar “Özüdür ki var” kitabına aid edilsə də, əslində, Aydının bütün yazılarının, həyatda tutduğu yolun başlıca istiqamətlərini, prinsiplərini, yəni öz yazar xarakterini tanıtdırır. Bunlar bütövlükdə bir ədəbi məramnamədir, qələm adamı üçün bir yol xəritəsi, yazıçı əxlaqı və milli əxlaq xəritəsi də sayıla bilər. Yəni yazarlıq yoluna düşdünsə, gərək, bu şərtlərə uymağı, bu yazılmamış qaydaları qorumağı bacarasan.
Təxminən min səhifəlik kitabda toplanmış publisist məqalələrin bölgüsü və təqdimatı da maraqlıdır. Yazılar ayrı-ayrı yolların – “prospektlərin” adına bağlanıb. Məsələn: “Prezident prospekti”, “Polis prospekti”, “Patriot prospekti”, “Pedaqogika prospekti” və sair; cəmi on beş prospekt – yəni fəsil, bölmə.
Bu yolların hansı ilə gedir-getsin, hər yerdə Aydın Can yuxarıda göstərdiyim prinsiplərinə sadiqdir: üslubu və yazı tərzi özünəməxsusdur, sözünün kəsəri bəllidir, insanlar və hadisələri dəyərləndirmə şəkli cəsarətlidir. Orijinaldır, seçilir, başqalarını təkrar etmir. O, böyük nəsr ustalarına xas olan bir məharətlə sözün qeyri-adi imkanlarını açır və insan talelərinin, cəmiyyətin dərin ziddiyyət və paradokslarına işıq tutmağa çalışır.
Bu on beş prospektin hamısı bir şəhərin və ya bir ölkənindir. Bu gün yer üzündə mövcud olan bütün qayğıların və dərdlərin keçib getdiyi yollardır və küll halında hamısı birlikdə bir ümumxalq prospektidir – Azərbaycanın dünya yollarına qoşulan yoludur.
Aydın Can bu yolları müxtəlif vaxtlarda və müxtəlif ovqatla keçib. Lakin hər zaman qarşısına çıxan mənzərələri vicdanla təsvir etməyi və doğru-düzgün çatdırmağı əsas borcu hesab edib. Buna görə də onun nəzərində sıravi adamlarla vəzifə sahibləri – “dövlət adamları” arasında heç bir fərq yoxdur. Çünki “hər kəs öz vicdanı qədərdir” və “dövlət adamı olmaq xalqa xidmətdir”. Əsas ölçü vahidi, əsas qiymət budur!
Aydın səsini qısmır. Maksimalistdir. Tərifləyəndə də, tənqid edəndə də sözü əsirgəmir. Dağ aşırımlarından keçən yolçu yerlə göy arasında sinəsini dolduran eşq və kədərlə səsini necə azadlığa kökləyirsə, necə gur səslə yüz illər boyu bu dağa-daşa yoldaşlıq etmiş qədim havaları dilləndirirsə, Aydının da yazı tərzi elədir. Tənqidi də, tərifi də bu azad yazı ovqatından doğur.
Buna görə də xalqın gününü qaraldan oğru, rüşvətxor vəzifə sahibləri ilə yanaşı, hətta öz qələm dostlarını tənqid edəndə də qıcıq doğurmur. Çünki meyar şəxsi münasibət deyil, Azərbaycanın marağıdır; xalqımızın və dövlətimizin gələcəyi qarşısında məsuliyyətdir.
Buna görə də o, səngərin hər iki tərəfində dayananlara — dövlət qulluqçularına da, onlara müxalif olanlara da, məmurlara da, məmurların adam yerinə qoymadığı kasıb əhaliyə də, seçənə də, seçilənə də, polis dəyənəyini tutana da, o dəyənəyin ağrısını çəkənə də üz tutub sözünü deməyi bacarır. Burada balans qayğısı yoxdur. Bildiklərini, gördüklərini, hər gün özünün də, cəmiyyətin də şahidi olduğu həqiqətləri yazır. Bəzən də səliqə-səhman gözləmir, sözünə sığal çəkmək qayğısına qalmır.
Əsas odur ki, bütün bu hallarda oxucunun ürəyindən xəbər verir, onun dili ilə danışır və hətta yanlışı olanda da inanaraq, səmimi, saxtakarlıq etmədən, ürəklə yazır, dostunu da, düşmənini də inandırmağa çalışır.
Bu baxımdan Daxili İşlər Nazirliyinin rəhbərliyi və işçiləri haqqında yazdığı yazıların toplandığı fəsil diqqəti cəlb edir. Çünki bu yazılar polis xidməti fonunda ölkədəki vəziyyətin təhlilidir və mətbuatın ictimai-siyasi hadisələrə müdaxilə gücünü göstərir. Məhz bu müdaxilə gücünün zəifliyi, cəmiyyətin həqiqət tribunası ola bilməməsi, vəzifənin və maddiyyatın əlində əzilməsi çağdaş mətbuatın nüfuzuna ağır zərbədir və buna görə də Aydını ciddi şəkildə narahat edir:
“Mətbuatı olmayan ölkədə bayram edilməz”, – deyir.
Düzünə qalsa, “Özüdür ki var” kitabının hər fəsli ayrıca təhlil oluna, uğurlu-uğursuz cəhətləri haqqında ayrıca yazıla bilər. Çünki bu fəsillərdə haqqında söhbət gedən insanların çoxu ölkə həyatında irili-xırdalı, müsbətli-mənfili müəyyən işlər görmüş adamlardır. Parlament silsiləsindən olan yazıların həsr edildiyi insanların bəziləri bu gün də Milli Məclisdə fəaliyyətlərini davam etdirirlər. Lakin görkəmli hüquqşünas, partiya sədri İlyas İsmayılov artıq həyatda yoxdur. Nə yaxşı ki, Aydın iki yazıda onun mükəmməl obrazını yaratmışdır.
Kitabda dilimizdə işlənən, vətəndaşlıq hüququ qazanmış bəzi kəlmələrin yerinə rus və Avropa sözlərinin işlənməsinə ehtiyac yox idi. Hansı mülahizə ilə isə müəllif peşəkar əvəzinə professional, nəsr əvəzinə proza, əyalət əvəzinə provinsiya işlədir. Lakin bu, həmin fəsillərin mahiyyətinə təsir göstərmir. Bu adları daşıyan fəsillərdə də Azərbaycanın bir sıra tanınmış qələm əhlinin, söz ustalarının, hərbçilərinin, siyasət və mədəniyyət xadimlərinin unudulmaz və layiqli portretləri yaradılmışdır. Onun obrazlar qalereyası çox zəngindir və cəmiyyətin bütün təbəqələrini əhatə edir – Prezidentdən tutmuş əyalətdə yaşayan gənc bir şairə qədər.
Aydın Can ehtiyacın, sıxıntının, cəsarətli mövqeyinə və sözünə görə cəzalanmağın, müəyyən qruplar tərəfindən hədəfə alınmağın, haqlı ola-ola haqsız kimi ittiham edilməyin çox üzünü görüb. Buna görə də öz qəhrəmanlarını seçərkən kimlərinsə formalaşdırmağa çalışdığı fikirləri yox, öz müşahidələrini əsas götürür və bir də sadə insanların rəyini, xalq və dövlət maraqlarını nəzərə alır. Bu cəhətdən yanaşanda jurnalist gərək, yanlışlıqlarını etiraf etməyi də bacarsın. Aydın belə etiraflardan çəkinmir.
Yazar, publisist, hətta müəyyən qəzet və ya media nümunələri ilə bağlı olsa da, məhdud bir çərçivəyə sığınıb qala bilməz. Dünyada partiya mənsubiyyətindən asılı olaraq sağçıların, solçuların mətbuat orqanlarında çalışan qələm əhli var ki, ömürləri boyu o cəbhəyə xidmət edirlər. Mövqe sabitliyi gözəl işdir, lakin əsl jurnalist xalqının həyatının bütün üzlərini, bütün insanlarını, bütün problemlərini və perspektivlərini görməlidir.
Qələbə sevincləri də, kasıbların ehtiyacları da onun içindən keçməlidir. Ön cəbhədə vuruşan igid əsgərlərlə, Polad Həşimov kimi qəhrəmanlarla yanaşı, Rusiya şəhərlərində didərgin həyatı yaşayan eloğullarımızın çəkdiyi iztirabları da görməlidir. Qarabağda gedən böyük quruculuq işləri ilə yanaşı, unudulmuş Yardımlının boşalan kəndlərinin dərdlərini də qələmə almalıdır. “Özüdür ki var” kitabının əsas özəlliyi məhz bu cür, həyatın çox geniş və rəngarəng mənzərələrini göstərməsində, xaraktercə bir-birindən çox fərqli insanların unudulmaz portretlərini yarada bilməsindədir.
Mən yaradıcılıq həyatımın əvvəlindən başlayaraq bu günədək bütün nəsillərdən olan qələm adamları haqqında yazıram və bundan zövq alıram. Şeir və nəsr yazmaq publisistika və ədəbi tənqidlə məşğul olmağıma mane olmur. Haqqında yazdığım insanların bəzilərinin mənim haqqımda bir cümlə yazıları da yoxdur. Məclislərdə çox danışıblar, amma görünür, yazmağa hövsələləri çatmayıb. Mən başqa cür baxıram. Bir dövrdə yaşayan insanlar bir-birlərinin şəxsiyyəti və yaradıcılığı haqqında düşündüklərini qələmə almalıdırlar. Bu baxımdan Aydın Can öz həmkarlarının çoxundan fərqlənir. O, sevgisini və rəğbətini əsirgəmədən bir çox şair, nasir, televiziya işçisi, qəzet əməkdaşı, siyasi xadim haqqında gözəl oçerklər yazmışdır.
Onun qəhrəmanlarının bəziləri son 30 ilin siyasi mübarizələrindən keçiblər, çox yalanlar və böhtanlar eşidiblər, lakin onun sözləri ilə desək, nə qədər dəfn edilsələr də, sonda yenə zirvələrdən boylanıblar.
Kitabın maraqlı bölmələrindən biri “Patriotlar prospekti” adlanır. Maraqlı məlumatlarla zəngin olan bu fəsildə hüquqşünas və iş adamı, professor İlham Rəhimov və İstanbulda məşhur “Palmali” şirkətlər qrupunun qurucusu və başçısı Mübariz Qurbanoğlu haqqında silsilə oçerklər toplanmışdır. Bu oçerklərdə iki seçilmiş azərbaycanlının öz zəhmətləri ilə elm və logistika, gəmiçilik və istehsalat sahəsində yüksəlişləri, tək öz ölkələrinin yox, həm də qonşu ölkələrin həyatında, dövlətlərarası münasibətlərin normal inkişafında oynadıqları rol göstərilir; tarixi hadisələrə böyük şəxsiyyətlərin təsiri araşdırılır.
Kitabın ən geniş və Aydını daha yaxşı tanımağa şərait yaradan bölmələrdən olan “Portretlər prospekti”ndə müəllif çağdaş Azərbaycan ədəbiyyatını diqqətlə izləyən, onun sevilib-seçilən nümayəndələrinin yaradıcılığını dərindən bilən və təhlil edən bir ədəbi tənqid ustası kimi ortaya çıxır.
Bu fəsil görkəmli şairimiz Məmməd Araza sevgi və ehtiram dolu sətirlərlə başlanır. Məmməd Aslan, Aqil Abbas, İradə Tuncay, Ramiz Qusarçaylı, Zahir Qaratorpaq, Paşa Qəlbinur, Əlisəmid Kür, Pərviz Cəbrayıl, Məqsəd Nur, İlqar Rəsul, Emil Rasimoğlu, Bəxtiyar Hidayət, Ehtiram İlham, İlqar Tovuzlu, Zakir Məmməd, Əbil Həsənov və başqaları haqqında yazılmış irili-xırdalı oçerk və ədəbi portretlər maraqla oxunur. Bu yazıların hər birində fərqli bir ədəbi tale görürük. Aydın Can öz qəhrəmanlarını tanıtmağı, onların xarakterini açmağı, əsərlərini peşəkar ədəbi tənqid səviyyəsində təhlil etməyi bacarır.
Müxtəlif ədəbi nəsrləri təmsil edən bu şair və yazıçıların adlarını xüsusi olaraq ona görə çəkirəm ki, Aydın Canın müasir ədəbiyyatın ədəbi üslublarına və yazı tərzlərinə görə bir-birindən çox fərqlənən imzalarına necə diqqətlə və həssaslıqla yanaşdığını görə bilək.
Kitabın hər bölməsinin bir özəlliyi və ya seçilən cəhəti var. Məsələn, “Proza prospekti” fəslində toplanan yazılar əsil bədii nəsr nümunələridir. Gerçək hadisələr əsasında yazılan hekayələrdə həyatdan gələn və qeyri-adi dramatikliyi ilə seçilən sujet və səhnələr Aydın Canın böyük nasirlik istedadından, bu sahədəki potensialından xəbər verir.
Külli halda “Özüdür ki var” kitabı yetkin bir qələm sahibinin — yazarın, ictimaiyyətçi, xalqçı və vətənşünasın, sözünün yerini və gücünü bilən bir jurnalistin, yorulmadan həqiqət axtarışında olan bir media əsgərinin qələmindən çıxıb. Kitab həyatın özü kimi və insan taleləri kimi çoxqatlı və çoxsujetlidir. Kitabın elə qatı var ki, açıq müxalifətçi mövqedən yazılıb. Digər qatında möhkəm bir iqtidar aşiqliyi duyulur. Bir fəsildə müəllif üsyankar və barışmazdır, digər bölmədə isə vətən sevgisi və dövlətin taleyi üçün narahatlıq keçirən bir siyasətçi və filosofdur. Bütövlükdə isə kitab son 40 ilin ağrı-acılarından keçmiş və qələbəmizi dadmış bir Azərbaycan vətəndaşının kitabıdır; Azərbaycanla yanaşı dünyanın taleyini düşünən bir yer əhlinin əsəridir.
Bir məqalədə “Özüdür ki var” kitabının bütün prospektlərindən keçmək və kitabı bütövlüklə təhlil etmək mümkün deyil və mən belə bir məqsəd də güdmürəm. Niyyətim gənclik illərindən tanıdığım, çətin, lakin inamlı bir yaradıcılıq yolu keçmiş publisist-yazarın kitabından duyduğum məmnunluq hissini paylaşmaqdır. Bu kitab Azərbaycanın ictimai-siyasi fikir cəbhələrində daim cəsarətlə mübarizə aparmış böyük publisistika ənənələrimizin yenə də uğurla davam etdiyini və öz milli qeyrət, milli təəssübkeşlik, vətən aşiqliyi ruhunu qoruduğunu nümayiş etdirir.
Share: