Qış
Anam Nərgizin əziz ruhuna
Bu gecə yenə də hava bozardı,
Yenə də anamı aparan gəldi.
Məni görən kimi üzü qızardı,
Canımdan ruhumu qoparan gəldi.
.
Necə də solubdu sevdiyi çəmən,
Anamın gəzdiyi bağ yerindədi.
Qış elə bilir ki, unutmuşam mən,
Sinəmə çəkdiyi dağ yerindədi.
.
Qəm- kədər içində keçdi ömür- gün,
Qəlbimdə həsrətdən bir ada qaldı.
Gəlmişdi yanıma barışmaq üçün,
Əlini tutmadım, havada qaldı.
.
Tanrım, səni sevən bəndəyəm axı,
Nə olar, şaxtalı qışı gətirmə.
Nə vaxtdı dumanda, çəndəyəm axı,
Dayanmır gözümün yaşı, gətirmə.
22. 12. 2025
Bəlkə ovundurdu göydə Ay məni
Bu gün niyə belə qanım qaradı?
Nə yerə sığıram, nə də ki, göyə.
Elə bil könlümün başı yaradı,
Biri tapılmır ki, qapımı döyə.
.
Gümana tamarzı, ümidə acıq,
Necə nisgilimi gətirim dilə?
Mənim dərdlərimin yaxası açıq,
Küləklər oynayır belədən belə.
.
Boylanım arzumun yoluna tərəf,
Səbrimdən su içən könül tağım var.
Qoy gedim qızıl gül koluna tərəf,
Nə yaxşı eynimi açan bağım var.
.
Yenə də sevgiylə çağlasın ürək,
Çəkmir nə var məni, nə saray məni.
Axşamın düşməyin gözləyim gərək,
Bəlkə ovundurdu göydə Ay məni.
22. 06. 2025
Göydə şəhər salıb, evlər tikəsən
Tanrım, bu nə sirdi, arzular bitmir,
Görmədim el üçün ürəyi əsən.
Demirəm ümidim məni isitmir,
Hərdən gümanlardı yolumu kəsən.
.
Göyün sinəsində ağac əkəsən,
Meşə də salasan, cığır, iz olsun.
Göydə şəhər salıb, evlər tikəsən,
Hər evin işığı bir ulduz olsun.
.
Könlünü alasan, görsən keyfsiz var,
Adam gedə bir- bir gəzə evləri.
Axtarıb tapasan harda evsiz var,
Hədiyyə verəsən təzə evləri.
.
Ay da pirə dönsün, deməyin pir yox,
Heç kəs qoy əsməsin daha var üstə,
Yerdə sevincimi sərmayə yer yox,
Gərək gedib sərəm buludlar üstə.
12. 12. 2025.
















