Göytəpə şəhərində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi…

Göytəpə şəhərində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi…

Müstəqil.Az xəbər verir ki, dünən, 24.12.2025 Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına 2  saylı ümumtəhsil tam orta məktəbinin yeni istifadəyə verilmiş binasında görkəmli Azərbaycan şairi akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar məktəb rəhbərliyi, müəllim heyəti və Cəlilabad rayonunun tanınmış ziyalıları və qələm əhlinin iştirakı ilə olduqca gözəl və yadda qalan tədbir keçirilmişdir.


Azərbaycan Respublikasının dövlət himni ilə başlayan və məktəbin dil-ədəbiyyat müəllimi, eyni halda Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu səmimi tədbirdə şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Mürsəlova (Şəhla Rəvan) açılış nitqində tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin adı və ədəbi irsinə göstərdiyi diqqət və qayğıdan söz açdı, Bəxtiyar Vahabzadəni Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi və Azərbaycan xalqının mənəvi irsi adlandırdı.
Tədbirdə iştirak edən məktəb müəllimləri və rayonun tanınmış ziyalıları, xüsusilə də Cəlilabad ədəbi mühitinin tanınmış simalarından: Cəlilabad Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Zülfi Vellidağ, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, jurnalist, şair-publisist Ədalət Salman, tanınmış ziyalı pedaqoq, “Həməşəra” Fəxri Diplomu laureatı Dadaş Bayramov, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist, şair Ehtiram Sevənli, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, yaçızı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Qurban Əhməd və fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən isə “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist Arzu xanım Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək şəhid Vasif Hüseynov adına orta məktəbin direktoru, elit-ziyalı pedaqoq və ədəbiyyatşünas Şəhla xanıma göstərdiyi qonaqpərvərlik və səmimiyyətə, həmçinin görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə ədəbi irsinə olan diqqətinə görə təşəkkür edib, görkəmli şairin həyat yolu və yaradıcılığından, şəxsi keyfiyyətlərindən söz açaraq maraqlı çıxışlar etdilər.


Çay süfrəsi arxasında keçən səmimi və gözəl tədbirdə məktəb şagirdlərinin Bəxtiyar Vahabzadəyə aid söylədikləri şeirlər və icra edilən “Gülüstan” poemasında aid səhnəcik tədbirə xüsusi təsir bəxş etdi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı…

İlqar İsmayılzadə

Cəlilabad

Share: