Bəzən bir səs bütöv bir dövrü xatırladır. Bir melodiyanın ilk notları səslənən kimi səksəninci illərin tozlu kənd yolları, həyətdə qurulan toy mağarları, axşamüstü pəncərələrdən süzülən musiqi göz önünə gəlir. O illərdə səs təkcə eşidilmirdi, yaşanırdı. Elə həmin illərin səsi bu gün də Cavad Rəcəbovdur.
Səksəninci illər musiqinin insanlara ümid verən, birlik gətirən bir yol olduğu illər idi. Maqnitofon lentləri evdən-evə gəzirdi, yeni bir ifa varsa, axşam ora yığışılırdı. Hind nəğmələri dəbdə idi, amma hər kəs onları oxuya bilmirdi. Cavad Rəcəbov isə bu melodiyalara yalnız səs yox, ruh qatırdı. Onun ifasında yad musiqi doğmalaşır, uzaq ölkələrin havası bizim duyğularımıza qarışırdı.
O vaxt bölgədə iki “atoynadan” müğənni vardı – Baloğlan Əşrəfov və Cavad Rəcəbov. Baloğlan coşqulu ifası ilə toyların ruhunu canlandırır, meydan havasını hiss etdirirdi. Bu gün Baloğlan Əşrəfov aramızda yoxdur, amma oxuduğu mahnılar hələ də dillərdə əzbərdir, xatirələrdə yaşayır. Cavad isə hind melodiyalarını Azərbaycan ritmləri ilə birləşdirərək özünəməxsus tərzini yaradır. Hər ikisinin səsi fərqli olsa da, hər biri bölgənin musiqi həyatında dərin iz buraxmışdı.
Mənim üçün Cavad Rəcəbov təkcə müğənni deyil, etibarlı dost, çətində yanında olan insan, el-obasına bağlı bir şəxsiyyətdir. Bir çox müğənnilər ad-san qazandıqdan sonra paytaxta köçür. Amma Cavad ömür boyu doğma Lənkərandan ayrılmayıb. Ona görə də bütün Lənkəranlılar ona “Bizim Cavad” deyirlər. Bu sadə, amma böyük məna daşıyan ad həm sənətinə, həm də insanlığına verilmiş ən gözəl qiymətdir.
Mən onun sənətinə uşaqlıqdan heyran olmuşam. Cavad Rəcəbovun səsi qeyri-adi səsdir… İllər keçdi, zaman bizi bir səhnədə görüşdürdü. Uşaqlıq heyranlığı sənət dostluğuna çevrildi. Televiziya verilişlərində səhnəni bölüşdük. O səhnələrdə Cavad müəllimin böyüklüyü yalnız səsində yox, davranışında da görünür. Coşqulu, təmkinli, sənətinə hörmət edən, sənət yoldaşını dəyərləndirən bir insan olaraq hər kəsin sevgisini qazanır.
Cavad Rəcəbovun sənəti həyatın özünə bənzəyir. Ritmlərində xalqın nəbzi döyünür, nəğmələrində sevinclə kədər yan-yana addımlayır. O, toyda da sənətkardır, böyük səhnədə də. Elə buna görə də onu hər yerdə eyni sevgi ilə qarşılayırlar.
Bu gün biz bir sənət yoluna baxırıq. Bu yol səksəninci illərin tozlu meydanlarından başlayıb televiziya ekranlarına, böyük səhnələrə qədər uzanır. Bu yolun üzərində minlərlə dinləyicinin alqışı, xatirəsi və sevgisi var.
Cavad müəllimə ürəkdən arzu edirəm ki, 100 yaşa, sağlam yaşa çatsın, ritmik nəğmələri ilə daim səhnələrdə olsun. Allah nəsib etsin ki, hər il onu yeni yaşı münasibətilə təbrik edə bilim. Yeni yaşınız mübarək!
Bəzi səslər zamana uduzur. Bəziləri isə zamana çevrilir. Cavad Rəcəbovun səsi isə artıq çoxdan yaddaşımıza çevrilib.
Mən Baloğlan Əşrəfovla çox yaxın dost olmuşuq. Cavabla yaxınlığımıza da o vasitəçi olub. Mənim şair kimi tanınmağımda onun böyük əməyi olub. Həmişə mənə deyərdi: “Cavad böyük sənətkardır.”
Bunlar mənim üçün kövrək xatirələrdir – ruhumu oxşayan, yaddaşımı canlandıran xatirələr.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü,
“Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.
















