Dünya şöhrətli alimin davamçısı- Leyla Məcidova yazır

Dünya şöhrətli alimin davamçısı- Leyla Məcidova yazır

 

Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”.

Xalqın tarixən ən ülvi, ən müqəddəs insan saydığı şəxsdir həkim. Sənətini yaxşı bilən, xalqın sağlamlığının keşiyində layaqətlə dayanan hünər sahibidir həkim.
Haqqında bəhs etdiyim, tanınmış həkim uroloq Respublikanın Əməkdar həkimi Xaqani Hüseynov haqqında yazmaq istəyəndə nədənsə öncə ölkəmizdə ilk uroloji xəstəxananın yaradıcısı, dünyada ikinci böyrək köçürmə əməliyyatına imza atan akademik Mirməmməd Cavadzadəni xatırladım. Çünki həkim uroloqu məhz bu böyük alimin tələbəsi adlandırırdılar. Axı, Xaqani həkim həmişə Respublika Uroloji xəstəxanasında işləyib, akademikin uğurlu böyrək əməliyyatlarında iştirak edib, sonralar akademik Mirməmməd Cavadzadənin rəhbərliyi altında özüdə saysız hesabsız uğurlu əməliyyatlar həyata keçirib, başqa sözlə desək ömürlərə ömür qatıb, neçə neçə ailələrə sevinc bəxş edib, ölümlə üz üzə dayanan xəstələri yenidən həyata qaytarıb…
Xaqani Salman oğlu Hüseynov 1949 cu ildə Lənkəran rayonunun Kosalar kəndində anadan olub. İlk öncə kənddə fəaliyyət göstərən ibtidai məktəbdə sonra isə qonşu Şürük kənd orta məktəbində oxuyub.Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra tərəddüd etmədən sənədlərini N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) təqdim edib. Xaqani həkimlik peşəsini təsadüfü seçməmişdi. Çünki o, Lənkəranda tanınmış pedaqoq, rayonda səhiyyə işinin ilk təşkilatçılarından olan Salman müəllimin ailəsində həyata göz açmışdı. Elə bir ailə ki, burada böyük qardaşı, Lənkəranda atası kimi həm pedaqoji həm də səhiyyə sahəsində məsul vəzifələr daşıyan Nizami Abdullayev ərsəyə çatmışdı. Nizami 1962 ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika riyaziyyat fakültəsini, 1969 cu ildə isə, N Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. 1959- 61 ci illərdə Lənkəran Pedaqoji məktəbin direktoru , 1961 ci ildən 1963 cü ilə qədər Lerik rayonundakı Barzovu kənd orta məktəbində fizika riyaziyyat müəllimi işləyib. Ali Tibb təhsil alandan sonra isə səhiyyə sahəsində əmək fəaliiyətini davam etdirib. Nərmanabad qəsəbə xəstəxanasında həkim- pediatır , Lənkəran şəhər uşaq polinklinikasının baş həkimi və rayon səhiyyə şöbəsinin müdiri işləyib. Sonralar 11 il Lənkəran Tibb məktəbinin direktoru olub və orta ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayıb…
Belə bir ailə mühütində böyüyən Xaqani Hüseynov hələ orta məktəbdə oxuyanda həkim olmaq, atası Salman müəllimin , qardaşı Nizminin şərəfli həyat yolunu o, davam etdirməyi qarşısına məqsəd qoymuşdu . Elə buna görə də Şürük kənd orta məktəbini bitirəndən sonra sənədlərini, N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna təqdim etdi və qəbul imtahanlarını müvəffəqiyyətlə verib, tələbə adına layiq görülüb.O, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlamışdı. Gündüzlər Tibb İnstitutunda təhsil alır, gecələr isə dünya şöhrətli həkim- cərrah akademik Mirməmməd Cavadzadənin rəhbərliyi altında Respublika Uroloji Xəstəxanasında feldşer işləyirdi. Nəhayət , romantika ilə dolu kövrək tələbəlik illəri arxada qaldı. Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Xaqani Hüseynov böyük alimin xeyir duası ilə elə uroloji xəstəxanada işləməyə başladı. Əslində o, məhz bu xəstəxanada artıq həkim cərrah kimi təcrübə qazanmış , əməkdar elm xadimi tibb elmləri doktoru Mirməmməd Cavadzadənin uğurla həyata keçirdiyi əksər cərrahiyyə əməliyyatlarında iştirak etmişdi. Gənc həkim cərrah,sonralar özüdə akademikin rəhbərliyi altında neçə neçə uğurlu əməliyyatlara imza atmış , ölümlə üz- üzə olan xəstələri həyata qaytarmışdı. Məhz buna görədə şöhrəti Azərbaycanın coğrafi hüdudlarını aşan Mirməmməd Cavadzadənin vəfatından sonra uroloji xəstələrin əksəriyyəti daha çox öz həyatlarını ona etibar edirdilər.
Mirməmməd Cavadzadənin vəfatından sonra Respublika Uroloji Klinik Xəstəxanası hazırda Azərbaycan Tibb elminə böyük töhfə vermiş akademikin adını daşıyır. Xaqani Hüseynov uzun illər bu xəstəxananın direktor müavini işləyib. Eyni zamanda tanınmış həkim-cərrah tibb elmindədə sözünü deyib, fikirlərini bölüşüb. Tibb üzrə fəlsəfə doktoru olan Xaqani Hüseynov Respublika da Urologiyanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülüb.
Yaxşı deyirlərki , tibbi fəaliyyəti ilə diqqət çəkən , saysız hesabsız uğurlu əməliyyatlara imza atmaqla neçə neçə insan ömrünü uzadan , ailələrə sevinc bəxş edən və öz işinin kamil bilicisi olan həkimlərə, tibb işçilərinə hər yerdə, hər zaman böyük ehtiyac duyulur. Feldşerden Uroloji Xəstəxananın rənbərlərindən birinə çevrilən həkim uroloq hazırda təqaüd yaşına baxmayaraq öz biliyini , təcrübəsini gənc həkim- uroloqlardan əsirgəmir.
O , eyni zamanda özəl tibb müəssəsində çalışmaqla fəaliyyətini davam etdirir .insan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, peşəsinin xalq üçün gərəkli olduğunu, ona fayda verdiyini dərk etsin. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır. Həmişəki kimi yenə də əməkdar həkimin işığına gələnlərin ardı- arası kəsilmir. Yenədə ümüdsizliyə qapılan xəstələr ona ümid , xilaskarı kimi baxırlar.
Hal-hazırda Dr.Kamal Klinikasında fəaliyyətini davam etdirir.
Allah ömrünüzə bərəkət versin, ürəyi özündən böyük insan.

Ölümə meydan oxuyur……

(Azərbaycan Respublikasının Əməkdar həkimi , tanınmış cərrah-uroloq Xaqani Hüseynova)

Bir sevgi dolaşır ürəkdə, canda,
İnsanı yaşatmaq qüdrətin vardır.
Gözünü açsan da Xan Lənkəranda,
Sərhəd tanımayan şöhrətin vardır.

Elə ki, görünür cərrah bıçağı ,
Çəkilir üzlərdən ölüm kölgəsi.
Alışır gözlərdə ümid çırağı,
Yenidən doğulur həyat sevgisi.

Miri Cavadzadə tibbi ustadın,
Keçmisən sən onun öz məktəbini .
İnsanın ömrünə ömür caladın
Göyərtdin gül açan hər mətləbini.

Xəstəyə güc verdin öz əllərinlə,
Qovdun ürəklərdən qorxu, təlaşı.
Həyat bəxş etdiyin hər xəstə ilə
Bu gün görüşürsən hər addımbaşı.

Gənclik ötüşsə də, şəfa ocağın.
Yenə də gur yanır, sanma soyuyur.
Əlindən düşməyən cərrah bıçağın,
Hələ də ölümə meydan oxuyur

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Tarix Diyarşünaslıq Muzeyinin direktoru
Məcidova Leyla Qadir qızı

Share: