Avropa İttifaqı Ermənistana 12 milyon avro ayıraraq, ölkənin siyasi və demokratik islahatlarını dəstəkləməyə hazırlaşır.
Erməni politoloq Suren Surenyantsın iddiasına görə, bu vəsait “Moldova ssenarisi”nin tətbiqi üçün nəzərdə tutulub ki, bu da ölkədə qərb yönümlü dəyişikliklərin sürətlənməsinə hesablanır. Ekspertlər bildirirlər ki, Avropa İttifaqının bu cür maliyyə və siyasi dəstəyi Ermənistanın daxili siyasi proseslərinə təsir göstərə bilər və regionda yeni balans dəyişikliklərinə səbəb ola bilər.
Bu addımlar həm İrəvan-Bakı münasibətlərinə, həm də Azərbaycanın regiondakı maraqlarına və təhlükəsizliyinə təsir göstərə bilər.
Bəs görəsən, Avropa İttifaqının müdaxiləsi Ermənistanın daxili siyasətini hansı istiqamətə yönəldə bilər və bu, Azərbaycanın strateji maraqlarına necə təsir edəcək?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli bildirib ki, Avropa İttifaqının Ermənistana maliyyə yardımı təkcə texniki yardım paketi deyil.

“Bu, Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallıqların mühüm elementlərindən biri kimi qiymətləndirilməlidir. Ayrılan vəsaitin “siyasi və demokratik islahatlara dəstək” adı altında təqdim edilməsi Ermənistanın daxili siyasi proseslərinə birbaşa olmasa da, dolayısıyla ciddi təsir imkanları yaradır. Bu ssenari postsovet məkanında Rusiya təsirinə söykənən köhnə siyasi elitaların mərhələli şəkildə neytrallaşdırılması, demokratik institutların gücləndirilməsi və qərbyönlü siyasi mədəniyyətin formalaşdırılması modelidir. Ermənistan kontekstində isə bu xətt separatçı, revanşist qüvvələrin siyasi proseslərdən kənarda qalmasını nəzərdə tutur”.
Siyasi şərhçi bildirir ki, bu məqam Azərbaycanın mövqeyi ilə tam uzlaşır: “Azərbaycanın əsas və dəyişməz niyyəti Ermənistanda məhz bu tip siyasi fiqurların və qrupların qərarvermə mexanizmlərindən uzaqlaşdırılmasıdır İllərdir Rusiyaya arxalanaraq Moskvanın diqtəsi ilə hərəkət edən, bölgəni yeni münaqişələrə sürükləyən qüvvələrin siyasi səhnədən çəkilməsi Bakı üçün həyati önəm daşıyır. Bu, təkcə ikitərəfli münasibətlər yox, regional təhlükəsizlik baxımından da əsas şərtlərdən biridir. Avropa İttifaqının siyasi və maliyyə dəstəyi əgər məhz bu kursu gücləndirəcəksə, bunu demokratiyanın regionda sabitliyə xidmət etdiyi nadir fürsətlərdən biri kimi dəyərləndirmək olar. Amma prosesin problemsiz keçəcəyini düşünmək də sadəlövhlük olardı. Rusiyanın bölgədə mövqelərini itirmək istəməməsi, ona bağlı siyasi və kilsə dairələrinin revanşist qüvvələri fəallaşdırmaq cəhdləri, küçə aksiyaları və informasiya manipulyasiyaları real risk olaraq qalır. Lakin Avropa İttifaqının dəstəyi güclü olarsa, bu müqavimət tədricən zəifləyə bilər”.
Əsədli qeyd edib ki, nəticə etibarilə, Avropa İttifaqının Ermənistana ayırdığı vəsait sadəcə maliyyə yardımı yox, Ermənistan cəmiyyətinin hansı yolu seçəcəyini müəyyənləşdirən siyasi siqnal kimi dəyərləndirilməlidir: “Əgər bu proses separatizm, revanşizm və xarici diktədən asılılıqdan uzaq, demokratiya və sülhə əsaslanan modeli gücləndirərsə, bu həm Ermənistanda sağlam siyasi mühitin formalaşmasına, həm də Azərbaycanın regiondakı maraqları və təhlükəsizliyi üçün yeni və daha sabit mərhələnin başlanmasına zəmin yarada bilər”.
















