Tarixi zənginliyi ilə seçilən Azərbaycan musiqisi dünyanın müxtəlif ölkələrində getdikcə daha çox auditoriyanın diqqətini çəkir.
Bu missiyanı sevgi və fədakarlıqla həyata keçirən gənc istedadlı ifaçılarımızdan biri də fəaliyyətini İsraildə davam etdirən Layla Valayevdir. O, həm səhnə çıxışları, həm də müxtəlif mədəni layihələr vasitəsilə Azərbaycan musiqisinin özünəməxsus ruhunu yaşadır, təbliğ edir və yeni dinləyicilərə çatdırır.
Gənc ifaçı hazırda İsraildə yerləşən “Rimon Music School”da musiqi təhsilini davam etdirir. Lakin onun Azərbaycan musiqisinə bağlılığı uzun illərə dayanır. Artıq neçə ildir ki, Azərbaycan muğam və vokal sənətinin tanınmış ustad ifaçılarından biri , sevilən sənətkar Fəridə Mirişovadan əsasən onlayn şəkildə dərslər alır. Onun sözlərinə görə, bu dərslər təkcə texniki biliklərin verilməsi ilə məhdudlaşmır, həm də bədii dünyagörüşünün formalaşmasına böyük təsir göstərir:“Fəridə Mirişova sənətimə böyük dəstək olur. Onun təcrübəsi, hər bir incəliyə həssas yanaşması mənim üçün əvəzsizdir.”
İfaçı bu illər ərzində İsraildəvə Azərbaycanda iki xalq arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş bir sıra layihə və tədbirlərdə fəal şəkildə iştirak edib. Laylanın sözlərinə görə, İsrail auditoriyası Azərbaycan musiqisini böyük hörmət və maraqla qarşılayır: “Onlar musiqimizi həm ekzotik, həm də çox emosional hiss edirlər. Hər çıxışımda aldığım alqışlar məni daha da ruhlandırır.”
Onun üçün uğur yalnız tanınmaq deyil, daxildən gələn səsi dünyaya çatdırmaqdır: “Mənim üçün uğur – iki bayrağın eyni səhnədə sevgi ilə birləşməsidir.” İsrail dinləyicilərinin Azərbaycan musiqisinin özünəməxsus melodiyasına göstərdiyi maraq da ifaçıya böyük motivasiya verir: “Mənim ifamda Azərbaycan musiqisi onlar üçün yeni və dərindən duyulan emosional bir aləmdir.” Lakin o, İsraildə yaşasa da bu ölkədə fəaliyyət göstərməyin öz çətinlikləri olduğunu da gizlətmir:“Yaşım və mədəni fərqlər səbəbindən özümü tanıtmaq bəzən çətin olur. Amma hər maneə məni daha da möhkəmləndirir.”
Gənc sənətçinin gələcək planları böyükdür: beynəlxalq səhnələrdə daha geniş iştirak etmək, Azərbaycan musiqisini dünyaya daha çox tanıtmaq, İsraildə Azərbaycan Musiqi Mərkəzi yaratmaq və mədəni diplomatiyaya yeni töhfələr vermək.
Bu gün – 22 noyabr – onun ad günüdür. Azərbaycan musiqisinin İsraildə sevdirilməsi və iki dost xalq arasında mədəni körpülər qurulması yolunda göstərdiyi əzm və sənət sevgisinə görə Laylanı ürəkdən təbrik edirik.
Yeni yaşınız sizə bol-bol uğur, möhtəşəm səhnələr, geniş auditoriyalar və gerçək olacaq arzular bəxş etsin!
Səsiniz daim ucalara yüksəlsin, yaratdığınız mədəni körpülər daha çox insanı birləşdirsin.
Əntiqə Hüseynova
















