PAYIZ DÜŞÜNCƏLƏRİ
Pəncərənin önündə,
Yenə dayanmışam tək.
Saralan yarpaqları,
Qovur küçədə külək.
Hamı yatıb gəzirəm,
Barmağımın ucunda.
Bir fincan isti qəhvə,
Buxarlanır ovcumda…
Heç özüm də bilmirəm,
Niyə qəribsəmişəm.
Necə oldu darıxdım,
Necə tapdı məni qəm?
Bir ömrün budağında,
Soluram yarpaq-yarpaq.
Könlümdə xatirələr,
Üşüyür qucaq-qucaq.
Hər gün payız ömrümü
İlmə-ilmə sökürəm.
Sevincimi, sevgimi,
Göz yaşıma bükürəm.
Ürəyim cadar-cadar,
Sinəmi həsrət oyub.
Mən xəyala dalmışam,
Qəhvə çoxdan soyuyub.
14.11.2025
BU PAYIZ
Yaman darıxıram, ruhum daralır.
Bilmirəm günləri necə böləsən ?
Səsimin tonu da kökdən düşübdür,
Məni məndən alan nədir görəsən?
Gözümdə üşüyür bağlar, bağçalar,
Töküb yarpaqların çiçək kolları.
Gah dumana düşür, gah çis bürüyür,
Bu payız ömrümün yorğun yolları.
Nə gözüm yığılır, nə yollar bitir,
Dönüb intizarla baxsam da geri.
Həsrətdən sağalmaz, neçə çat verib,
Mənim ürəyimin darıxan yeri.
DAGLARDA PAYIZ
Başının üstündə şimşək çaxanda,
Yuyar yanağını yağış yağanda.
Rəngdən-rəngə düşər günəş doğanda,
Bir ayrı aləmdir dağlarda payız.
Əzgil göz oynadar, yemişan gülər,
Barın, bərəkətin hamıyla bölər.
Qoxlasan doymazsan, min ətrə dolar,
Bir ayrı aləmdir dağlarda payız.
Coşar dərələrdə çayların səsi,
Duyular dağ oğlu dağın nəfəsi.
Mat qoyar hüsnünə burda hər kəsi,
Bir ayrı aləmdir dağlarda payız.
Hərdən sinəsinə dumanlar çökər,
Palıd meşələri yarpağın tökər.
Zahir vəcdə gələr, rəsmini çəkər,
Bir ayrı aləmdir dağlarda payız.
30.10.2025
DARIXIRAM
I
Buludlar töküb qaşqabaq,
Sənsiz yaman darıxıram.
Kədər yağır qucaq-qucaq,
Sənsiz yaman darıxıram.
Əlim çatmır, yollar uzaq,
İçimdə bir ac yalquzaq.
Demişdin bir şeir yazaq,
Sənsiz yaman darıxıram.
Yollara dikilib gözüm,
Kirpiklərim düzüm-düzüm.
Ümid ver, həsrətə dözüm,
Sənsiz yaman darıxıram.
Bir günüm ağ, bir gün qara,
Gözüm gəzir baxsam hara.
Qoyma dərd alıb apara,
Sənsiz yaman darıxıram.
DARIXIRAM
II
Sən gedəndən, o getdiyin,
Yola baxıb, darıxıram.
Gizli-gizli ürəyimi,
Oda yaxıb, darıxıram.
Düşdüm kimin qarğışına?!
Dözmürəm qəmin qışına.
Ömrüm dönür göz yaşına,
Səssiz axıb, darıxıram.
Sızlatdın könul simini,
De, sənsiz necə sevinim?
Öz əlimlə öz evimi
Hər gün yıxıb, darıxıram.
DARIXIRAM
III
Sənsiz niyə darıxıram,
Sən mənim nəyimsən, Adam?!
Hər gün elə sızıldayır,
Yoxsa urəyimsən, Adam!
Sən sözümdə, sən ünümdə,
Keçmişimdə, dünənimdə.
Sevincimsən gen günümdə,
Darda köməyimsən, Adam!
Sənsiz puçdu bu ömür-gün,
Könlümdə qəm düşüb düyün.
Gəl, ölərəm sənin üçun,
Hər an gərəyimsən, Adam!
Sənsiz niyə darıxıram,
Sən mənim nəyimsən, Adam?
İNSANLIQ adına layiq olmayanlara
Kimə nə dedilər yordum yaxşıya,
Əzəldən vuruldum, sığındım sözə.
Çalışdım namərdlər mərdi əyməsin,
Sözümdə, əməldə dost oldum düzə.
Məndən çəkinməyin, tikansız güləm,
Düşünən beyinəm, danışan diləm.
Nadanın sözünə çətin əyiləm,
Sevirəm hər sözü söyləyim üzə.
Neynim ki, kirləşib çoxunun qanı,
Belə zamanədə gəl dostu tanı.
Basıb alaq kimi yaltaq dörd yanı,
Sığışmır sayları əlliyə, yüzə.
Haqqa bir qapıdır qəlbimin başı,
İçimdə göyərdi gözümün yaşı,
Mənim dediyimi anlamaz naşı,
Ha vurum özümü alova, közə.
YALTAQ ADAMLAR
Kimə işi düşsə, ona qul olar,
Kimə palan olar, kimə çul olar.
Dildən pərgar olar, sözdən bol olar,
Bu yaltaq adamlar, yalaq adamlar.
Saxta təriflərin yüzü bir qəpik,
Əlləri öyrəşib çalmağa çəpik.
Coşar kürsülərdə ağzında köpük,
Bu yaltaq adamlar, yalaq adamlar.
Doğruya, düzgünə ağız büzəndi,
Sən bu nadanları gəl qandır indi.
Yalanı yanlışa qoşub düzəndi,
Bu yaltaq adamlar, yalaq adamlar.
16.11. 2025
NEYNİM
Getdim o dağlara dərdimi deyim,
Yalvardım nə qədər duymadı, neynim.
Dedim icazə ver, dönüm başına,
Çökdürdü dumanı, qoymadı, neynim.
Yağdırdı leysanı, qopardı tufan,
Elə bil canımdan ayırdı bir can.
Oldu bağrım başı həsrətdən şan-şan,
Məni öz doğması saymadı, neynim.
Yordu yoxuşunda, tutub saxladı,
Aşrımda tor qurdu, yolu bağladı.
Sinəmə dağ çəkdi, yaman dağladı,
Ağlatdı gözümü, doymadı, neynim.
YOLUNDA SAÇ AGARTDIGIM
Qurban getdi ilim, ayım,
Qışa döndü yazım, yayım.
Gəl ki, ömrümə gün sayım,
Yolunda saç ağartdığım.
Qəhərdən şişib ürəyim,
Dərddən qabardır kürəyim.
Dar gündə gəl, ol gərəyim,
Yolunda saç ağartdığım.
Axsın su kimi qoy səsin,
Bizi bir kimsə görməsin.
Üzümə dəysin nəfəsin,
Yolunda saç ağartdığım.
Qoxlayım, öpüm telindən,
Sevinc gül açsın dilindən.
Al məni dərdin əlindən,
Yolunda saç ağartdığım.
AGLADIM
Səsi qulağımdan getməmişdi heç,
Səsini yenidən duydum, ağladım.
Açıb qollarımı basdım bağrıma,
Səsini göz üstə qoydum, ağladım.
O, mənim eşqimin şah pərisiydi,
Ruhumun laylası, şaqraq səsiydi.
Könlümün həmdəmi, tək kimsəsiydi,
Demirəm ətrindən doydum, ağladım.
Bilməzdim yanağı solar bu qədər,
Yolar saçlarını vaxtsız dərdi-sər.
Gördüm gözlərindən süzülür kədər,
Bağrımın başını oydum, ağladım.
Mən necə şad olum de, bu güzara?
Taleyin əliylə çəkildim dara.
Çəkdi xatirələr haradan hara,
Yaramın qaysağın soydum, ağladım.
GÜCÜM YETMƏYİR Kİ
Uzun-uzun bu yollarda,
Fikir atlı, mən piyada.
Çəkmədiyim nə qalıb ki,
Etibarsız bu dünyada?!
Dərd-ələmdir sağım, solum,
Çoxdan boşalıbdır dolum.
Gözlərim yol çəkmir daha,
Dirənib dalana yolum.
Ömrü geriyə sayıram,
Yenə də işıq yayıram.
Amma gücüm yetməyir ki,
Özümü səndən ayıram…
















