2025-ci ilin sentyabr ayına olan təhlillərə əsasən, Qazaxıstan sahillərində Xəzər dənizinin orta səviyyəsi –29,31 metr təşkil edib. Son on səkkiz il ərzində dənizin akvatoriyası təxminən 36 min kvadratkilometr azalıb ki, bu da region üçün ciddi ekoloji və sosial-iqtisadi risklər yaradır.

Qazaxıstanın monitorinq stansiyalarından əldə olunan məlumatlara görə, sentyabr ayında dəniz səviyyəsi:
– Şimal-şərq hissədə -29,15 metr,
– Şərq hissədə isə -29,46 metr olub.
Ötən illə müqayisədə səviyyə müvafiq olaraq 20 santimetr və 17 santimetr enib. Su səviyyəsinin azalması bəzi ərazilərdə sahil xəttinin 30–35 kilometr geri çəkilməsinə səbəb olub.
Ən həssas sayılan ərazilər kimi Xəzər dənizinin şimal-şərq hissəsi, Ural (Jayık) çayının deltası və Manğıstau bölgəsinin sahil xətti göstərilir. Bu zonalar həm dayazlıq, həm də antropogen təsirlərə qarşı həssaslığı ilə seçilir və suyun geri çəkilməsi bioloji müxtəlifliyə, balıq ehtiyatlarına və yerli icmaların təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir.
Xəzər dənizinə tökülən ən böyük çay Volqadır. Onunla yanaşı, bölgə üçün mühüm əhəmiyyət kəsb edən Kür, Terek, Sulak, Samur və Ural çayları da dənizin su balansında böyük rol oynayır. Son illərdə həm bu çaylarda da suyun həcminin azalması müşahidə olunur. Bu azalma iqlim dəyişikliyi nəticəsində yağıntıların azalması və çay hövzələrində artan suvarma–təsərrüfat istifadəsi ilə əlaqələndirilir və Xəzərin səviyyəsinin enməsini daha da sürətləndirən əsas amillərdən biri hesab olunur.
















