Yaltaqlıq insanın öz ləyaqətini, şəxsiyyətini və vicdanını ucuz mədhin kölgəsində itirməsi deməkdir. Bu, cəmiyyətin içində səssizcə yayılıb dəyərləri aşındıran, ədalətin təməllərini boşaldan, həm insanı, həm də quruluşları zəiflədən təhlükəli bir xəstəlik kimidir.
Yaltaq insanın niyyəti heç vaxt səmimi olmur, o nə haqqı, nə ədaləti, nə də doğru olanı müdafiə edir. Onun əsas qayəsi yalnız öz mənfəətini təmin etmək, güclünün yanında görünmək və özünə sərf edən hər hansı qapını açmaqdır. Belə davranış tək bir şəxsin qüsuru kimi görünə bilər, amma əslində kök saldığı anda bütöv bir mühitin əxlaq sistemini çökdürür. Çünki yaltaqlıq yayılmağa başladıqca bacarığın yerini mədh, ədalətin yerini şəxsi tanışlıq, nüfuzun yerini isə sükut almağa başlayır. Cəmiyyət içində dəyər meyarları pozulur, layiq olmayan yüksəlir, layiq olan kənara itələnir, vəzifə verilməli olanlara yox, xoş söz deyənlərə verilir. Nəticədə mühitdə iş görənlər deyil, işgüzar görkəm yaradanlar Önə keçir, səmimi tənqidçilər susdurulur, doğru deyənlər bəyənilmir, çünki yaltaqların yaratdığı saxta rahatlıq rəhbərlərin qulağına daha xoş gəlir. Belə şəraitdə əsl bacarıqlı insanların ruhu sarsılır, ümidləri qırılır, yaradıcı enerji boğulur. Cəmiyyətdə inkişafı təşviq edən mühit yoxa çıxır, yaradıcılıq yerini qorxuya, təşəbbüs yerini isə təslimiyyətə verir. Yaltaqlığın başqa bir ağrılı tərəfi odur ki, o, liderləri də korlayır. Çevrəsində daim tərif eşidən insan tənqidə bağlanır, reallığı görmək qabiliyyətini itirir, özünü həqiqətdən daha üstün hesab etməyə başlayır. Beləcə üst təbəqə öz daxilində bir güzgü dünyası qurur. Bu dünyada hər şey gözəl görünür, hər iş uğurludur, hər qərar alqışlanır. Amma sükutun və mədhin arxasında əsl problemlər nə qədər böyüsə də, onları göstərən yoxdur. Cəmiyyətdə isə yaltaqlığın yaratdığı ədalətsiz pillələşmə insanları ya ikiüzlü olmağa, ya da ruhdan düşməyə məcbur edir. İnsanlar görürlər ki, əməyə görə deyil, mədhə görə qiymət verilir. Əxlaqa görə deyil, yaltaqlığa görə hörmət qazanılır. Bu zaman gənclər belə düşünür: “demək ki, doğru yol əziyyət çəkmək deyil, yaltaqlıq etməkdir.” Ən böyük fəsad da budur. Yaltaqlıq dəyərləri dəyişir, gələcək nəsillərə yanlış həyat formulu ötürür. Bu, təkcə fərdləri yox, zamanla dövlətləri də zəiflədir, çünki ədalətin olmadığı yerdə inkişaf dayanır.
Nəticə olaraq,
yaltaqlıq cəmiyyəti səssiz şəkildə içdən çürüdən bir virusdur; o, həm fərdin şəxsiyyətini, həm də ictimai nizamın dürüstlüyünü məhv edir. Əxlaqı zəiflədir, ədaləti korlayır, səmimiyyəti sıradan çıxarır, layiqliləri kənara çəkir, bacarıqsızları yüksəldir. Bu fəsadların qarşısını almağın yolu isə dürüstlüyü, tənqidi düşüncəni, zəhməti və ləyaqəti cəmiyyətdə ən ali dəyər kimi qorumaqdan keçir. Yaltaqlığın gücləndirdiyi hər yer zəifləyir; doğruluğun gücləndirdiyi hər yer isə qalib gəlir.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil və tənqidçi. Yazar-publisist.
















