İnsanın həyat yolunda ən böyük dayağı onun haqq tərəfdarı olmasıdır. Haqqın yanında dayanmaq, bəzən susmaq, bəzən danışmaq, bəzən dözmək, bəzən də irəli çıxıb bütün çətinliklərə meydan oxumaq deməkdir.
İnsan elə bir varlıqdır ki, içindəki vicdan səsi boğulanda onun xarici həyatı da pozular, ruhi tarazlığı da sarsılar. Haqqı qorumaq isə bu səsi ayıq saxlamaq, onu susdurmamaq, ona itaət etmək deməkdir. İnsan öz içində ədaləti yaşadırsa, onun baxışına da, sözünə də, addımına da bir nur hopur. Bu nur bəzən başqalarının görmədiyi bir yönləndirici olur, bəzən də öz sahibini böyük fəlakətlərdən qoruyur.
Haqqı qoruyan insan əvvəlcə özünü tənzimləyir. O, nəfsinə sərhəd çəkir, istəklərini ölçü ilə idarə edir, hirsini yumşaldır, sözünü çək-çevir edir. Çünki haqq tərəfdarı olmaq nə sadə sentimental bir seçimdir, nə də məcburi bir davranış. Haqqı qorumaq insanın bütün daxili aləminin tərbiyə olunmasıdır. Haqqı qorumayan insan isə zənn edir ki, başqasına zərər vurur, amma əslində özünə tuşlanmış bir ox buraxır. Onun içində təhlükə yığılır, yalanın yaratdığı boşluq, zülmün doğurduğu qaranlıq, haqsızlığın verdiyi narahatlıq. Həyatın qanunu belədir, nə əksən, onu da biçərsən. Haqqsızlıq toxumu əkilən yerdə bərəkət bitməz, oradan yalnız iztirab cücərər.
Haqqı qorumağın bir başqa tərəfi onun cəmiyyətə təsiridir. Bir insanın doğru davranışı digər insanlara nümunə, bir ailənin dürüstlüyü bütöv bir nəsilə miras, bir xalqın ədaləti isə tarixə möhür olur. Cəmiyyətdə nə qədər çox haqqsevər insanlar varsa, orada o qədər az ədavət, nifaq, şər və zülm olar. Haqq bütün zamanların və bütün ümmətlərin ayaqda qalmasının əsas çərçivəsidir. Haqq çökəndə dövlətlər çökür, ailələr dağılır, dostluqlar bitir, münasibətlər sınıb qırılır. Haqq yüksələndə isə insanlar arxayınlaşır, ruhlar dincəlir, qəlblər birləşir.
Haqqın qoruyucusu olan insanın öz həyatında da çox incə bir sabitlik yaranır. O, nə qədər çətinliklərlə üzləşsə də, içindəki mizanı itirmir. Başqaları onu ittiham edə, yanlış anlaya, bəzən kənara atmağa çalışa bilər, lakin vicdanı onun ən böyük müdafiəçisi olur. Vicdanı rahat olan insanın gecəsi işıqlı, səhəri ümidli, yolu açıq olar. Çünki o bilir ki, haqqı qorumaqla özü üçün bir sipər yaradıb. Bu sipəri heç bir savaş dağıda bilməz, heç bir təzyiq sındıra bilməz. Haqqın yanında olan insana ən çətin anda belə bir qapı açılır, yol genişlənir, bir nicat işığı zühur edir.
Nəticədə “Haqqı qoruyan özünü qoruyar” sözləri sadəcə bir hikmətli aforizm deyil, həyatın dərinliklərindən süzülüb gəlmiş bir həqiqətdir. İnsan haqqı qoruyarkən təkcə başqalarının hüququnu müdafiə etmir, öz qəlbini də zülmdən, öz ruhunu da boşluqdan, öz həyatını da qarmaqarışıqlıqdan uzaqlaşdırır. Haqqı qorumaq, insanın öz taleyini xeyirlə yazmasıdır. Bu yolda addımlayan insan sonda anlayır ki, ən böyük qələbə başqasına qalib gəlmək deyil, öz nəfsinə, öz qorxularına və öz zəifliklərinə qalib gəlməkdir. Və məhz bu qələbə onun həyatını ucaldır, yolunu işıqlandırır, varlığını sabit saxlayır. Haqqdan dönməyən kəs heç vaxt məğlub olmaz, çünki haqqın özü onun arxasında duran ən güclü dayaqdır.
✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı m
















