İnsan naturası mütəhərrikdir, amma İnsanı Mütəvazi edən Zaman özüdür, əgər adam bunu istəyirsə və… ola bilirsə!
Mirqabil müəllim dünyaya müəllim gəlməsə də, MÜƏLLİM olmağı sərgiləyib – adi müəllimdən ali pedaqoq statusuna yüksəlib!
Mirqabil müəllim cavanlığında yaxşı “boyets-borets” olub: bildiyiniz, sambist yəni. İlk iş yeri də 19 yaşında Respublika Əməlliyyatlar Qrupunun üzvü kimi, “26-lar” (indiki Səbayel) rayonundan Könüllü Drujina Qərargahının sədri olaraq, “tatamidəki işləri”ndən biri də İçəri Şəhər, Çəmbərəkənd, Hökümət Evi, Dağüstü Park, Bulvar ərazisində, “Kubinka”da, “Sovetski”də “çətin tərbiyə olunanları ram etmək” olub.
Sonra fikirləşib ki, qol, əl-ayaq gücünə adam tərbiyə eləməzlər! Nə qədər olmasa da, ixtisasca fəlsəfə-tarixçi olan bir gənc olub və hamıdan tez başa düşüb ki, adamı söz idarə edir!
Durub gəlib Masallıya. Əvvəl 1 saylı orta məktəbə. Sonra hərbi xidmətə gedib, Orduda – Leninqrad Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə sistemində sambo üzrə həm məşqçi, həm də döyüşcü olub. Hərbi xidmətə getməyə də bilərdi! Ancaq ona “mənim dərs saatıma bais olursan” deyən həmkarına görə, könüllü gedib. Ordudan sonra 2 saylı məktəbə müəllim təyin olunub. 26 yaşında təşkilkatçı müavin və partkom olub.

Düzdür, mükəmməl tədris metodikası, öyrətmək texnikası olan, qabaqcıl, indiki dillə desək, kreativ təcrübə laboratoriyası yaradan Mirqabil müəllim arada sambo fəndlərinə də əl atmalı olub: çünki elə uşaqlar var ki, onlara gərək əlinin duzunu da daddırasan. Təbii ki, söhbət ötən əsrin yetmişinci illərinin ortalarından gedir və onda camaat ocağa-pirə az gedirdi, ən böyük pir, ən müqəddəs ocaq məktəb və müəllim idi! Üstəlik də Mirqabil müəllim seyid idi!
Mirqabil müəllim həmişə sıra sayında, məqam yerində, necə deyərlər, “Nömrə 1” olub. Bircə dəfə 2 saylı məktəbdə 2-ci vəzifədə olub, o da qısa müddət, əgər 3 saylı məktəbdə də fəlsəfə dərslərini tədris etməyini nəzərə almasaq!
2 saylı məktəbdə pedaqoq fəaliyyəti rayon rəhbərliyinin diqqətini çəkib, həmən də 1 saylı məktəbə direktor təyin olunub – düz 48 il direktor olub! Yəni, müddətə görə, zarafata deyilən söz deyil “Mirqabil müəllimin təhsil sahəsindəki imperator” olması!
Mirqabil müəllim həmin o 48 ildə, ilk növbədə, elm öyrədilməsindən də öncə, şagirdlərinə insan olmağı öyrədib, öyrətdirib. Kim bilməsə də, Mirqabil müəllim gözəl bilib alman məktəblərindən birinin direktorunun hər tədris ilində müəllimlərə ilk dərs günü müraciətini: “Çalışın, şagirdlərə insan olmağı öyrədin, qaz krematoriyalarını yaradanlar da, işgəncə növlərini fikirləşənlər də, silah və bombaları kəşf edənlər də savadlı adamlar idi!”
Adam bir az özünə əziyyət versə, tam siyahını da təqdim edər ki, Masallı 1 saylı məktəbin məzunlarının ölkədə və ölkədən kənarda neçəsi elmlər doktoru, elmlər namizədi, həkim, hakim, müəllim, rəis, prokuror və s mənsəblərdə qərar tutublar. Mirqabil müəllim diplomluların sayıyla yox, bütövlükdə gənc nəsli insan kimi tərbiyə etməyindən zövq alıb!
Mən həmişə Mirqabil müəllimə ehtiramla, sayğıyla yanaşmışam: 48 il məktəb direktoru olan bu gözəl pedaqoq 400 nəfərlik müəllim kollektivində 300 qadın müəllim üçün istisnasız, ata və qardaş olub!
Masallıda və kəndlərində xeyir-şərdə Mirqabil müəllimlə iştirak etdiyim tədbirlərdə o müəllimələrin necə şövqlə, necə ürəklə, necə səmimiyyətlə Mirqabil müəllimi qarşılamalarını, salamlaşmalarını görmüşəm!
Mirqabil müəllim dəyər verdiyi, özünün lazım bildiyi doğmalara, dostlara heç vaxt imkan verməyib ki, küsülü qalsın, nəinki əlaqəni tamam kəssinlər! Küsülü olanlara çox böyük ərklə “nə vaxtdan uşaq olmuşuq” deməyi olub Mirqabil müəllimin!
Mirqabil müəllim ölüm işinə xitam verdirmək, qan düşmənçiliyini bağlatdırmaq qədərincə ağsaqqal statusda olub – bu mənsəbi haqq edib, qazanıb!
Mirqabil müəllimin ən böyük və ən savab işlərindən biri də müstəqilliyin ilk illərində rayonda rəhbər vəzifədə olmasına baxmayaraq, batalyon komandiri kimi döyüş meydanında aktiv olmasıdır – Masallının ilk şəhidindən son şəhidinə qədər son mənzilə yola salınmasında müstəsna xidmətləri var və o şəhidləri məzara məhz o qoyub, torpağa əmanət edib!
Mirqabil müəllimin çox şirin zarafatları ilə bahəm, çox da sərt acılamaları var, hər kəsə öz yerini göstərmək cəsarəti dillər əzbəridir: istər hakim olsun, istər qazi, yəni! Bütün dövrlərdə raykom katibləri – İcra Başçıları da, polis rəisləri-prokurorlar da bunu həmişə nəzərə alıb!
Dostumuz-həmkarımız, əyalət jurnalistikasının tək flaqmanı Zahir Əmənov danışır (deyəsən, həm də qəzetinin “çəpərüstü söhbətlər”ində yazıb da bəzilərini) ki, icra başçısı ilə qırğında olduğum vaxtlar idi, hamı məndən qaçırdı, Mirqabil müəllimlə iki səhifəlik müsahibə vermişdim qəzetdə, Mirqabil müəllimin üstünə düşüblər ki, bu nə deməkdir, o, bizi yıxır-sürüyür, siz isə iki səhifə müsahibə verirsiniz Zahir Əmənova. Mirqabil müəllim həmən deyir:
– Danışan ağzı yummazlar! Yaxşı eləmişəm müsahibə vermişəm. Mən o iki səhifə müsahibəni verməsəydim, o iki səhifədə də sizdən yazacaqdı!
Mirqabil müəllimin belə sərt təpkiləri ilə bahəm, şirin zarafatları da var.
Bir dəfə maarif şöbəsinin qabağında qalanda “qastrol müxbirləri”ndən biri ucaboy, yarlı-yaraşıqlı, ciddi vəzifə görkəmi olan Mirqabil müəllimdən soruşur ki, sizsiniz maarif müdiri, o da gülə-gülə deyir:
– Yox, mən çox əlləşdim müdir qoysunlar, alınmadı, müdir içəridədir!
Mirqabil müəllim sözündə bütöv və cəsarətli, əməlində saf və saya, işində ehtiyatlı və möhkəm adamdır!
Dövlətçilik üçün nəyə desən, düşünmədən, gözünü yumar gedər! Ölkə rəhbərinin, icra başçısının imicinin qorunması üçün nüfuzundan, ağsaqqallığından ürəklə və hətta sui-istifadə də edər! Təki… dövlət və onun nümayəndəsi öz aliliyindən düşməsin!
Amma yeri gələndə, qıpqırmızı üzə də deyər nöqsanları!
Mirqabil müəllim təmiz nəslin, təmiz ailənin övladıdır! Valideynlərinin qazandığı təmiz adın, sayğının üstünə bir çömçə də özü artırıb!
Arada görüşürük, kitablarından danışırıq, qəribə adlar fikirləşib: “Masallı “qaloş”ları”, “Masallının kostyumlu “kişi”ləri” və… “Masallıda zinadan və heyzdən əmələ gələnlər”.
Mən, adətən, yaşlı adamlardan yazıram: çünki bu ölkədə satqınlıq, əclaflıq yaşı çox cavanlaşıb! Köhnə kişilərdən isə qocalığa salamat çıxan az adam var. Onlardan biridir Mirqabil müəllim.
Mirqabil müəllim özü demişkən, indi bir işə yarayır: nəvələriylə gəzməyə, özü kimi köhnə kişilərlə ömrün xatirələrini bölüşməyə. Artıq Mirqabil müəllim pis olmaq istəsə də, bu, alınası iş deyil. Odur ki, tez-tez ziyarət edirəm – Yardımlıya, Lerikə, Masallıya şəhid ailələrini ziyarət etməyə gedirik.
Masallıda etdiyi yaxşılıqlar, xeyirxah işləri bir yana, Lənkəranda da ürəklə və şəstlə qonaq olur: azından 15 lənkəranlının həyatını bitirmək istəyən rus təcavüzkarlarının zirzəmidə niyyətlərinə son qoyub, nüfuzundan, vəzifəsindən yararlanaraq, onları qaniçənlərin əlindən alıb!
Mirqabil müəllim bir evin, bir elin ağsaqqalı olmaqla bahəm, həm də bir bölgənin-mahalın sevimlisidir! Onun haqqında Cəlilabadda yaşayan, dinin böyük üləmalarından sayılan Molla Məhəmməd səxavətlə bu sözləri deyib:
– Mirqabil ağa kimi ağır kişilər haqqında zinadan və heyzdən əmələ gələn kimsələr hərcayı danışar.
Hacı Əlihəsən:
– Masallıda və ətraf rayonlarda Mirqabil ağa tək və yeganə adamdır ki, şəhidləri döyüş bölgəsindən gətirib və doğma torpaqda məzara tapşırıb!
Hacı Mirkərim:
– Mirqabil müəllimin atası Mirhüseyn yaxşı kişi, anası da yaxşı bacı, möminə xanım idi, ölənəcən Ərkivan camaatının içində yaşmaqlı gəzdi, baxmayaraq ki, təhsilli adam idi!
Keçmiş icra başçısı Qəzənfər müəllimin ən yaxın adamı ilə arası dəyir və həm özünü, həm də qohum-əqrəbasını hər yerdən məhrum edir, hətta o adamın xəstə oğlunu da işə götürən Mirqabil müəllimə irad tutur! Mirqabil müəllim də üzünə deyəsən ki, ay Başçı, o, xəstə uşaqdır, sən yol gedəndə götürüb maşınına daş atsa, gəlib iş yerinin pəncərəsini sındırsa, neyləyəcəksən ki? İşə götürmüşəm, yanımda saxlayıram ki, ziyankarlıq eləməsin!
Keçmiş icra başçısı Rafil müəllim Mirqabil ağanı ölkə başçısı və vətən yolunda özünün də, övladlarının da canından keçən, bu vətənə və dövlətə qurban olmağa hazır şəxs kimi dəyərləndirib!
Müvəqqəti qoyulmuş aralıq icra başçısı kabinetində adamları danlayır, Mirqabil müəllimə də deyir ki, mən gedəndən sonra divarları ağardıbsan! Başına döndüyüm Mirqabil müəllim də qayıdasan ki, a kişi, mən divarı ağartmışam, amma sən adamların ürəyini. İndi atının yüyrək gedən dövrüdü, atının dayanış nöqtəsində qızıl ilan olub boynuna sarılacam!
Yekun və məntiqli sözü isə hazırkı icra başçısı Araz müəllim deməklə nöqtə qoyub: “Mirqabil müəllim 40 il əvvəldən ağsaqqal idi!” – bu fikri “bir çox məsələlərdə biz Mirqabil müəllimə arxalanırıq, o, ağsaqqaldır”, – deyib Mirqabil müəllimin boynuna minnət qoyanların nəzərinə çatdırmaqla hər kəsə öz yerini göstərib!
Ölkə Prezidenti ilə görüşdə Mirqabil müəllimdən nəyə ehtiyacı olduğunu soruşan Ölkə Başçısına belə deyib:
– Təki siz sağ olun. Bu, bizə bəsdir!
Mirqabil müəllim əməkdar müəllimdir, “Tərəqqi” medalı alıb!
Mirqabil müəllim erkən yaşdan ağlı-müdrikliyi ilə seçilən, ağsaqqal məsləhəti verməyi bacaran biridir. O gözəl yaşanmış həyatın bir neçə epizodunu çatdırmaq istəyirəm:
Bir neçə icra başçısı ilə birgə iş zamanı onlara şiddətlə tövsiyə edib ki, çətin günlərdir, qadın işləyən müəssisələrə getməyin. Qulaq asmayıb gedənlər biabırçı aqibət yaşadılar.
Mirqabil müəllim qənirsiz əxlaq adamıdır. Bu da sübutu:
Masallı “Cümə” məscidini ələ keçirən qonşu ölkənin cəsus şəbəkəsi meydan sulayır, narkotik ticarəti dindarlar arasında baş alıb gedirmiş. Axund seçərkən rayon rəhbərliyi qərara alır ki, Allah uğrunda savaşa Allahın adıyla alver edənlərin üstünə Mirqabil müəllimi göndərsinlər.
Mirqabil ağa çıxış edir:
– Əzizlərim, mənim atam Mirhüseyn olub, anamı da tanıyırsınız. Mənim oğlanlarım filankəslər, qızlarım filankəslərdir. Gəlinlərimin də hansı ocaqdan olduğunu bilirsiniz! Balaca qızımı 5 yaşında olanda Mehriban xanım qucağına alıb şəkil çəkdirib. Bu şərəfə qızım gedib Moskvada ali hüquq təhsili alıb gəlib, ona göstərilən etimadı doğruldub. Gördüyünüz və bildiyiniz kimi, təmiz bir ailə başçısı və əxlaqlı, imanlı şəcərə nümayəndəsiyəm, amma sizin hər birinizin ailəsi haqqında məndə hər birinizə aid kitablar var. Və… problem birdəfəlik həll olunub: Məscid Allaha, vətəndaşlar dövlətə qaytarılıb!
Mən niyə Mirqabil ağadan olan yazını bu gün və indi paylaşıram? Çünki bu ölkədə bu Zəfəri görməyi, bu qələbə paradından zövq almağı haqq edən çox azlardan biridir Birinci Qarabağ Savaşının veteranı Mirqabil müəllim.
Ulu Öndər Heydər Əliyev “vətən əldən gedir, silaha sarılın” müraciətini edən gün Mirqabil müəllim könüllülərdən ibarət batalyon yaradıb döyüşə gedib, baxmayaraq ki, gül kimi vəzifəsi vardı: İCRA BAŞÇISININ BİRİNCİ MÜAVİNİ!
Mirqabil müəllim özü haqqında isə belə deyir: “Çox intriqant adam olmuşam – düzünə!”
Məhz buna görə də Mirqabil müəllim danışanda mütləq diqqətlə qulaq asmalısan – arada öz əleyhinə fikir deyər və üstündən az keçməmiş soruşar ki, düz demirəmmi? Sən də təsdiqləyərsən, sonra fərqinə vararsan ki… körpünü selə vermisən. Onunla müsahib olanda mütləq nəzərə almalısan ki, O, böyük pedaqoqdur!
Mirqabil müəllimin bu gün mənim üçün ən əziz və qiymətli əməlinin birini yazdım əvvəldə, birini də axırda yazım:
Bir gün Musa peyğəmbər çörək yeməyə oturubmuş, kafirlərdən biri – 75 yaşlı qoca onu da nahara qonaq etməsini istəyir. Musa razılıq verəndə, adam qayıdır ki, mən sənin allahını tanımıram ha, kafirlərdənəm, onda Musa onu qovur. Qoca heç nə demədən yoluna davam edir. Allah Musaya deyir ki, ya Musa, mən 75 ildir bilirəm o, kafirdir, amma bircə dəfə də onu ac saxlamadım, bir dəfə sənin ümidinə qaldı, süfrəndən qovdun. Musa peyğəmbər tez qaçaraq adamı geri qaytarır, yemək verir. Kafir ondan niyə əvvəl qovduğunu, sonra dalınca qaçıb süfrrəyə dəvət etdiyinin səbəbini soruşur, Musa ətraflı cavab verir və adam… Musanın dininə gəlir, Allahı qəbul edir.
Mirqabil müəllimi 48 il vəzifədə olanda qız-gəlinə namusu kimi yanaşdığına və istər təhsildə, istərsə də hakimiyyətdə rəhbər olanda HEÇ BİR İŞÇİNİ işdən azad etmədiyinə görə çox istəyirəm, bəlkə də təzim səviyyəsində alqışlayıram!
Kişi bir evi ac qoymaz, kişi bir tənbəli, işbilməzi evinə-elinə yararlı hala gətirər!
57 ilin pedaqoqu həm də gözəl oğuldur, gözəl qardaşdır, gözəl oğul-qız atasıdır, şirin nəvələr babasıdır!
Əlində səlahiyyət ola-ola heç kimə pislik etməyən, vəzifədə nüfuzunu və ləyaqətini itirməyən, elin hər işində öndə olan!
Mirqabil müəllim elm və insanlıq öyrədə bildiklərinə bəs qədər öyrədib! Bu, onun peşə borcu olub!
İnsanlıq borcu da seyid kimi, dünya ilə vidalaşanları son mənzilə yola salmaq. Arada zarafata deyir ki, hələ bir neçəsi var, onları qəbrə qoyum, sonra sağollaşaram!
Allah arzularına çatdırsın, Mirqabil Ağa!
75-dən sonrakı hər ad günündə sənin kimi bir kişiyə ən gözəl təbrikləri yazmaq arzusuyla yazını bitirirəm – savabların ömrünü 100-ə çatdırar, inşaallah!
SON: Həmin o küləkli gündə Ulu Öndərlə vida anında fəxri ikinci kolonda Mirqabil müəllim öz son ehtiramını da ifadə edib: ona etibar olunan əklili təzim etməklə ünvana çatdırıb.
















