Zəfərin 5 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri

Zəfərin 5 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi xalqımızın azadlıq, ədalət və milli ləyaqət uğrunda mübarizəsinin rəmzinə çevrilib.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, igid Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində tarixi Qələbə ilə başa çatdı.
Bu Qələbənin zirvəsi olan 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur, birlik və dövlətçilik iradəsinin təntənəsi kimi qeyd olunur. Zəfər Günü həm də şəhidlərimizin müqəddəs qanı bahasına bərpa olunmuş ədalətin, azad edilmiş torpaqlarımızın və ucaldılmış üçrəngli bayrağımızın simvoludur.
Bu il həmin möhtəşəm Qələbənin beşinci ildönümü – “Zəfər 5” yubileyidir. Bu münasibətlə ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
6 noyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə “Zəfər 5” yubileyinə həsr olunmuş bayram tədbiri də bu qürur dolu günlər çərçivəsində baş tutdu.
Tədbirdə Nizami rayonu təhsil müəssisələrində çalışan şəhid ailələri, müharibə iştirakçıları, qazilər, eləcə də ilk təşkilat sədrləri və məktəb direktorları iştirak edirdilər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Açılış nitqi ilə çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tədbir iştirakçılarını salamlayaraq, ETİHİ sədri cənab Araz Paşayevin təbriklərini çatdırdı. O, Vətən müharibəsində qazanılmış Zəfərin əhəmiyyətindən danışaraq, bu uğurun əsasında Azərbaycan xalqının birliyi, ordumuzun qüdrəti və dövlətimizin qətiyyətli siyasətinin dayandığını vurğuladı.
Tədbirdə şəhid ailələrinin üzvləri – Əminə xanım, Kəmalə xanım və Yasəmən xanım çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Nizami Rayon Komitəsinə dərin təşəkkürlərini bildirdilər.
Sonra “Təhsil” jurnalının baş redaktor əvəzi, Əməkdar jurnalist Sarvan İbrahimov, məktəb direktorları Vüsalə Məmmədova və Səbinə Hacıyeva çıxış edərək tədbirin yüksək səviyyədə təşkilatçılığını və Zəfər Gününün milli birlik, vətənpərvərlik ruhunun təcəssümü olduğunu qeyd etdlər.
Tədbir musiqi sədaları altında davam etdi, iştirakçılar Zəfərin beşinci ildönümünü böyük coşqu və qürur hissi ilə qeyd etdilər.

Elvin Sudeyfzadə

Share: