Müstəqil.Az-a olunan müraciətlərin çeşidləri çoxdur. Hər bir müraciətə obyektiv yanaşmaq, olunan şikayətlərin, yaranan problemlərin aradan qaldırılması üçün hadisələri ictimailəşdirmək, səs eşitməyən, ün çatmayan ünvanlara haqlı tərəfin səsini çatdırmaq tərəfimizdən daima məsuliyyətlə yanaşdığımız görəvdir. Bizə olunan müraciətlərdən birinin də sorağına düşdük.
Dünən “Xətai 48” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Xətai rayonu 8 noyabr prospekti 1212-ci məhəllədə yerləşən ( yeni qaydalarla Az:1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 2,M12,) bina sakinləri ilə özünün növbəti görüş keçirdi. Sakinlərlə keçirilən görüşə əsas səbəb uzun müddətdir ki, bina sakinləri üçün narazılıq yaradan “Güvən” MMC-nin fəaliyyəti ilə bağlı idi.

Sakinlərlə söhbət zamanı məlum oldu ki, yuxarıda adı çəkilən şirkətin rəhbərliyi, xüsusilə Ramil Alışov Veysəloğlu, mənzillərin sahibləri ilə bağlanmış təhvil-təslim qaydalarına əməl etmir, qanunları və sakinlərin hüquqlarını pozmaqda davam edir.
NƏDİR NARAZILIQ?
Bina sakinlərin sözlərinə görə, “Güvən” MMC-nin rəhbərliyi heç kəsə xəbərdarlıq etmədən kommunal xidmətlərin qiymətini artırıb, eləcə də 320 mənzilli binada istilik sisteminin fəaliyyətinə süni maneələr yaradıb. Haqqında bəhs olunan ünvanda yaşayanların İddialarına görə şirkət bəzi mənzillərə – xüsusilə öz əməkdaşlarının və qohumlarının yaşadığı evlərə – gizli şəkildə isti su və istilik sistemi çəkməyə cəhd edib. Lakin bu xəlvət görülən icra edilməsi üçün aidiyyəti qurumlardan, müraciət olunara heç bir texniki icazə alınmayıb. Qonşuların və polis əməkdaşlarının müdaxiləsi nəticəsində həmin cəhdin qarşısı alınıb.

Sakinlərin fikrincə, bu hadisə sadəcə texniki yox, həm də hüquqi məsuliyyət doğuran qanunsuz hərəkətlərdir. Axı binanın ümumi istifadəsində olan qazanxana sisteminin dayandırılması yüzlərlə ailənin həyatına təsir edir.
QANUNLARA NİYƏ RİAYƏT OLUNMUR?
Əməkdaşımızın araşdırması nəticəsində məlum olub ki, Sakinlərin müxtəlif vaxtlarda etdiyləri müraciətlərə baxmayaraq , “Güvən” MMC –nin kimə və nəyə güvəndikləri hələ də sirri-xuda olaraq qalmaqdadır. Belə ki, Bakı şəhərində yerləşən məhkəmə orqanları “Güvən” MMC-nin fəaliyyətinin dayandırılması barədə qərar çıxarsa da, şirkət bu qərara məhəl qoymadan fəaliyyətini davam etdirir. Hətta sakinlərlə razılaşmadan və hesabat vermədən xidmət haqlarını artırmaqdan çəkinmir.

Sakinlər bu məsələ ilə bağlı Xətai Rayon Prokurorluğuna və DİN-nin 102 xidmətinə müraciət etsələr də, bu dövlət qurumlarının böyük hərc-mərcliyə səbəb olan özbaşnalığa dərhal reaksiya versələr də, şirkət nümayəndələrinin sakinlərin yaşayışına, sağlamlığına maneələr törətməsi hələ də davam etmədədir. Görünür, “GÜVƏN” MMC-nin güvəndiyi gizli mənbə hüquq mühafizə orqanlarının da hüuqularına müdaxilə edə bilir. Əks təqdirdə bu məsələnin həllinin tapılmasında görəvlərini yerinə yetirərdilər.
“GÜVƏN”in güvənə bildiyi qüvvələr…
Sakinlərin dediklərindən: “Biz dəfələrlə “Güvən” şirkətinin rəhbərliyi ilə sivil qaydada görüşmək, problemləri birgə həll etmək istəmişik. Lakin onlar görüşlərdən yayınaraq vəziyyəti daha da gərginləşdiriblər”.
Sakinlər, həmçinin dövlət rəhbərliyinin tez-tez vurğuladığı “heç kim heç kimdən artıq deyil” prinsipini xatırladaraq, “Güvən” MMC-nin bu prinsipə zidd davrandığını qeyd ediblər, və haqlı suallara cavab axtarıralar: Doğurdanmı, “Güvən” in güvənə bildiyi o bəchul ünvanda oturanlar ölkə qanunlarını tapdalamaq, ölkə başçısının əhalinin bərabər hüquqlu ölkə vətəndaşları olduğunu dediklyini qulaq ardına vururlar? Hər halda suallar çox, bu suallara aydınlıq gətirmək istəyənlər isə yoxdur..

“GÜVƏN” MMC onlara güvənənlərin etimadını heç doğruldumbu?
Problemlər burulğanında “çabalayan” bina sakinlərin sözlərinə görə, “Güvən” MMC bu illər ərzində müştərilərinə heç vaxt şəffaf, və keyfiyyətli xidmət göstərməyib. İş o yerə çatıb ki, mənzillərə sahiblənmək üçün ödəniş etməyən sakinlərin əksəriyyəti məhz bu səbəbdən – yəni xidmətin səmərəsizliyi və hesabatın olmaması səbəbindən – ödənişdən imtina edib.
Lakin şirkət borcları hüquqi yolla deyil, təzyiq və cəza üsulu ilə həll etməyə çalışır və güvəndiklərinə arxayın olduqlarından buna nail olmağa yönəli qeyri-qanuni və qeyri etik əməllərlərini davam etdirirlər.
Əməkdaşımızın araşdırmasından sonra gəldiyi qənaət isə bundan ibarətdir ki, “Güvən” üçün yaranmış borc təkcə sakinlərə deyil, binadakı ofis mərkəzlərinə və marketlərə də aiddir.

“GÜVƏN”MMC-NİN GÜVƏNƏ BİLDİYİ VƏ GÜVƏNƏ BİLMƏDİYİ SAHƏ- MƏTBUAT
Sakinlərlə etdiyimiz söhbətdən məlum oldu ki, yaranan narazılıq və insidentlə bağlı dəfələrlə mətbuata da müraciət olunub. Lakin hadisəni işıqlandırmaq üçün gələn televiziya kanalları çəkiliş aparsalar da, nədənsə süjetlər efirə verilməyib. Bu da insanların haqlı səsinin ictimaiyyətə çatdırmaq imkanlarının məhdudlaşdırılmasıdır. Yaxud “GÜVƏN”ə güvənib də sakinlərin ümüdünü qırmaq üçün “hərəkət edən” bəzi KİV nümayəndələrinincanfəşanlığının bariz nümuməsi.
“Xətai 48”MMC və “GÜVƏN” MMC razılığa gələ biləcəkmi?
Hazırda “Xətai 48” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti hüquqi mübarizəsini davam etdirir. Sakinlər əməkdaşımızla söhbət zamanı bildiriblər ki, məqsədləri heç də qarşıdurma yaratmaq deyil, ədalətli və şəffaf idarəetmə modelinə keçməkdir. Onların fikrincə, hər bir sakinin öz evinə və binasına sahib çıxmaq hüququ var və bu hüquq heç kim tərəfindən tapdalana bilməz. Həm də ədalətli və şəffaf idarəetmə metoduna keçmək, sakinləri incitməmək üçün onların da GÜVƏNƏ biləcəyi ünvan var. Bu sivil və ədalətli ölkənin vətəndaşları olmaları, Azərbaycan qanunlarına və ölkə rəhbərliyiniə güvənmələridir.
Sakinlərin tələbi sadədir – ədalət, şəffaflıq və bərabər münasibət. Bu, tək bir binanın yox, bütöv bir şəhər icmasının ədalət axtarışıdır.
“GÜVƏN” MMC-nin hara, kimə və nəyə güvəndikləri qaranlıq qalsa da, sakinlər yuxarıda deyildiyi kimi, qanunlara və ədalətə güvənir.
Müstəqil.Az
















