EVDƏSƏNMİ, İLAHİ?!
Ömür dediyin
yer üzünə hicrətdir.
Bura qürbət,
biz qəribik burda,
İlahi…
Həyat bildiyimiz
zaman yolculuğudur,
bizsə
ömür karvanının sərnişinləri.
Yol bitəcək, yetişəcəyik Vətənə –
ruhumuzun doğulduğu evə…
Əslində, Yer üzü
müvəqqəti dayanacaq,
insanlığın sınaq meydanıdır.
Bütün çabaların sonunu,
demə, yollar sənə gətirirmiş…
Kimi səni sevdi, öydü,
kimi ayrılığından öldü.
Kimi “heç” oldu – yüksəldi.
Sənə aşiqlik, ayrılıq,
Yer də qürbət əzab,
sevgim sənə bəlli,
İlahi…
Aşiq möhnətindən,
eşq həsrətindən,
məkrli insanların
“dost” xəyanətindən,
saxta məhəbbətlərdən,
təmənnalı ünsiyyətlərdən,
umacaqların bitdiyi yerdən,
yorğunluqdan sıyrılıb,
sevinə-sevinə
qəriblikdən
ağappaq buluddan
tikilən evimə,
sənə dönürəm,
evdəsənmi, İlahi?
Sona Vəliyeva
Sona Vəliyevanın “Evdəsənmi, İlahi?” şeiri insan ruhunun ən dərin, ən sükutlu axtarışlarına çevrilmiş bir müraciətdir. Burada insan ömrü bir səyahət, dünya isə bir dayanacaq, bir qürbət, bir müvəqqəti mehmanxana kimi təqdim olunur. Şeir, həm poetik fəlsəfəsi, həm də metafizik duyumu ilə insanın öz başlanğıcına, ilahi mərkəzinə qayıdış arzusunu misra-misra böyüdür. Şair bu mətndə insanın öz doğulduğu məkana deyil, ruhunun doğulduğu evə, Tanrı ilə yaxınlığın ilk nəfəsinə can atdığını göstərir. Sona Vəliyevanın poetik baxışı burada klassik Şərq mistikasının, sufi düşüncəsinin, eyni zamanda müasir insanın əzəli suallarının bir nöqtədə cəmlənməsidir, o, “Ömür dediyin yer üzünə hicrətdir” deyərək dünyaya gəlişimizi bir imtahan, bir məcburi ayrılıq, Tanrıdan müvəqqəti uzaqlaşma kimi görür. Bu fikir həm İbn Ərəbinin varlıq fəlsəfəsi ilə, həm də Nəsiminin “Mənəm o dəniz ki, məni görənlər qərq olar” düşüncəsi ilə səsləşir, çünki ruhun Yer üzünə enməsi elə bir növ “çölə çıxmaq”, “evdən kənara addımlamaq”dır və şeirin bütün mahiyyətidə bu qayıdış iştahasının içdən gələn sızıltısı ilə doludur. Şairə “Bura qürbət, biz qəribik burda, İlahi…” deyərək özünü və insanlığı dünya adlı karvansarada müvəqqəti bir yolçu kimi görür. Burada qəriblik yalnız coğrafi deyil, ruhun doğulduğu mərkəzdən, İlahi nurdan ayrılmasının verdiyi mənəvi boşluqdur. Şeir boyunca müəllif insanın bütün dərdlərinin, yükünün, xəyanətinin, möhnətinin məhz bu ayrılıqdan qaynaqlandığını vurğulayır. Sona Vəliyevanın poeziyasında bu motiv, yəni “İlahi Vətənə dönmək arzusu” çox zaman gerçək bədənlə ruhun ayrılığını deyil, insanın öz mənəvi bütövlüyünə qayıdışını ifadə edir. S.Vəliyeva burada insanın həyat yolunu karvan yoluna bənzədir, karvanın yükü təkcə zaman deyil, həm də yaşanan dərdlər, xatirələr, itkilər, sədaqətlər, xəyanətlərdir. “Ömür karvanının sərnişinləri” ifadəsi insanın fəaliyyətdə deyil, hərəkətdə, axında olduğunu göstərir; çünki sərnişin gedir, dayanmaq haqqı yoxdur, taleyin yükü isə onun çiynində deyil, ruhunda daşınır. Şeirin ən təsiredici cizgilərindən biri də budur ki, insanın bütün yorğunluqları İlahi hüzura sarı getdikcə yüngülləşir: möhnət, eşq ağrısı, dost xəyanəti, saxta məhəbbətlər, təmənnalar üzərində qurulan münasibətlər, hamısı dünyaya məxsus yükdür, ruh üçün doğma olmayan yad daşlar kimi. Bu məqamda şair çox incə bir sual qoyur: “Evdəsənmi, İlahi?” Bu sual həm yalvarış, həm həsrət, həm də qərib bir qorxunun səsidir, çünki insan evə dönərkən ev sahibinin ocaqda olub-olmadığını bilmək istəyir. Poeziyanın mistik qatında bu sual Tanrıya deyil, əslində, insanın öz ruhuna verilir: Mən səni itirməmişəm ki? Mən yenə də sənin yolundayam ki? İlahi o ev, mənim içimdəki hüzur, hələ də sönməyib ki? Şeir həm də modern insanın yorğunluğunun poetik xronikasıdır, dünyada hər şeydən usanmış, saxta münasibətlərdən sıxılmış, təmənnalardan yorulmuş insanın yeganə həqiqi sığınacağı yenə də Tanrı olur. S. Vəliyeva bu günün insanının ən böyük psixoloji problemini, ən dərin boşluğunu sözün içində sakitcə göstərir: insan öz evini itirib və o evi dünyada yox, Tanrıda axtarır. Sona Vəliyevanın şeirində hər misra bir nəfəs kimidir, nə həddindən artıq bəzək, nə də ağırlıq var. Sözlərdəki sadəlik mənadakı dərinliyi daha da gücləndirir. İnsan sanki poetik monoloq formasında öz içini Allaha boşaldır, öz həsrətini uca bir qapıya vurur və susqun bir sualla bitirir: “Evdəsənmi, İlahi?” Bu sual həm zamanın içində, həm günün içində, həm də bütün insan ömrünün içində titrəyən metafizik bir çağırışdır. S. Vəliyevanın şeiri insanın təkamül səfərinin yadigarını xatırladır: biz burada keçidik, sınağıq, yoldayıq, evimiz isə ruhun doğulduğu işıqdır. Bu şeir nəticə olaraq bizə onu demək istəyir ki, “Evdəsənmi, İlahi?” yalnız bir sual deyil, insan ruhunun bütün xilasıdır; insanın Yer üzündəki qürbətini, Tanrı yolundakı səfərini, fani dünyanın yorğunluğunu və İlahi qapını döyən ümidini bir misrada birləşdirən nadir poetik düşüncədir. Şeir bizə öyrədir ki, ən böyük dönüş tərpənərək deyil, içəriyə, öz nurumuza, öz ruh evimizə qayıdaraq baş verir, Tanrıya sual vermək isə Onu axtardığımıza, Onu unutmadığımıza bir sübutdur.
Uğurlar olsun həmişə, dəyərli Sona xanım!

✍ SEVİL ADİLQIZI
















