İnan göyqurşağına
Üzügülər günəşə.
Qoyma ki duman çökə
Üzündəki gülüşə.
Yenə göy üzünə
Əllərin pərvazlanıb
Ovcuna dolan sözlər
…yaşıl bir yağış yağıb,
o yağışda islanıb.
sən susduğun nəğməni
sərçələr oxuyurlar
oxuduqca bu ömrü
təzədən toxuyurlar
daha qırmızı papağı
qurd yemir nağıllarda
analar biri yoxmuş
bax, demir nağıllarda.
bilirsən, hər adamın
öz rəngi var, öz rəngi…
yamyaşıl yağışı var,
narıncı çərpələngi
gördüyün o rəssam da
arzusunu çəkir e
adını rəsm qoyub.
hərdənbir görəndə ki,
ömründə bütün rənglər
lap bir küncə çəkilib,
öz-özündən soyuyub,
sən yenə inan, qızım,
inan göyqurşağına…
yaşıl yağışlar yağsın
pəncərənə-qapına.
sənin yazmağa şeirin,
danışmağa nağılın
saçında sığalın olsun.
atanın bir kəlmə sözü
yola düşsən, o yolda
yanan çırağın olsun.
buludunu da rənglə
yağışını da rənglə
ancaq özün nə rəngsən
təkcə … təkcə o rəngdə.
qorxma güzgülər sənə
özünü göstərməsə
bu ömürdü , ay qızım
hərdən də qaranəfəs
kədər döyür qapını…
deyir ki üşüyürəm
açarsan qucağını?
qucağın ürkməsin onda
üşümə bu sualdan.
sən ümidini üzmə
yenə göy qurşağından.
otur bir hekayə yaz
ananın dizlərində
yat, tellərin danışsın
ayrı düşən buludlar,
ayrı düşən adamlar
hekayəndə qovuşsun
İnan göyqurşağına
Üzügülər günəşə.
Qoyma ki duman çökə
Üzündəki gülüşə.
Aydan
















