Bu gün İkinci Qarabağ müharibəsi qəhrəmanı Seymur Sərxoşovun şəhadətindən beş il ötür.
O, Zəfər Savaşını ilk günlərindən könüllü olaraq döyüşə yollanmış, Vətən sevgisini sözlə deyil, əməli ilə sübut etmişdi.
Seymur çağırış gözləmədi və Vətən səsinə cavab verdi. “Torpaq uğrunda ölən varsa, Vətən var” deyərək, silahı əlinə alıb döyüş meydanına getdi. O, təkcə bir kəndin, bir bölgənin deyil, bütün Azərbaycanın oğlu idi. Döyüş meydanında cəsarəti, əzmkarlığı və yoldaşlarına olan qayğısı ilə seçilirdi.

Onu tanıyanlar deyirlər ki, “Seymur qorxmaz idi, amma daha çox başqalarının həyatına dəyər verərdi. O, özünü qorumaq üçün yox, başqalarını qorumaq üçün döyüşürdü.”
Vətən müharibəsinin ən ağır mərhələlərindən biri Qubadlı uğrunda gedən döyüşlər idi. Məhz həmin döyüşlərdə Seymur igidlik göstərərək qəhrəmancasına şəhid oldu. Onun qanı ilə sulanan o torpaqlar bu gün azaddır, o azadlıqda Seymurun və minlərlə şəhidimizin payı var.

Seymur yaşadığı Qızıldaş qəsəbəsində sadəliyi, əməksevərliyi və təvazökarlığı ilə sevilirdi.
Tələbəlik illərində dostlarının, müəllimlərinin hörmətini qazanmış, iş həyatında dürüstlüyü və insani dəyərləri ilə fərqlənmişdi.
O, şəhadəti ilə bu sevgini daha da böyütdü və öz kəndinin, öz xalqının, öz millətinin qəlbində əbədi yer qazandı.
Seymurun döyüş yoldaşları onu “bir addım da geri çəkilməyən igid” kimi xatırlayır.
O, ağır atəş altında belə təmkinini itirməz, yoldaşlarına ruh verər, “biz bu torpaqları alacağıq” deyərdi.
Onun qəhrəmanlığı bir çox gənclər üçün Vətən sevgisinin, mərdliyin və vətənpərvərliyin nümunəsinə çevrilib.
Seymur Sərxoşov və onun kimi igidlər sayəsində bu gün Qarabağ azaddır. Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Hadrut, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Kəlbəcər və Şuşa torpaqları şəhidlərin qanı, xalqın birliyi və Ordumuzun gücü ilə azad olundu.
Onların fədakarlığı bu torpaqların yaddaşına əbədi həkk olundu. Hər dağ, hər çay, hər bulaq onların adını pıçıldayır.
Şəhidlərin ruhu bu gün də Vətən səmasının üzərində bayraq kimi dalğalanır.
Seymurun xatirəsi yalnız ailəsinin deyil, bütün Azərbaycanın qəlbində yaşayır. Onun adı bu gün məktəblərdə, hərbi hissələrdə, könüllülərin dilində qürurla çəkilir.
O, ölümü ilə ölümsüzlüyə qovuşdu, adını Vətən tarixinə yazdı. Hər il bu gün onun şəhadət günü qürurla xatırlanır.
















